Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan
xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbriklərini çatdıran QMİ sədri Allahdan onların oruc və namazlarının qəbul, dualarının müstəcab olmasını diləyib. Deyib ki, Allah dərgahında rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini böyük ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allaha dualar edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!
Təbrikdə daha sonra deyilir: “Builki Ramazan bayramını Azərbaycan xalqı davam edən Zəfər əhval-ruhiyyəsi ilə qeyd edir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində şanlı əsgərlərimizin şücaətləri, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Bu şanlı zəfər yolunda şəhidlik məqamına yüksəlmiş qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!
Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən Azan səslənir. Azərbaycan xalqı bu Ramazanı işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, təhqir olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən böyük işlərin doğurduğu mənəvi fəxarət hissi ilə qarşılayır. Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək yönündə dövlətimiz fövqəladə işlər həyata keçirir, əsarətdən xilas etdiyimiz dağıdılmış mədəni-mənəvi irsimizi dirçəldir, tarixi abidələrə və ziyarətgahlara, yandırılmış torpaqlarımıza yeni nəfəs verir, abad kəndlər və şəhərlər salır. Azərbaycan Prezidenti İlham Əliyev cənabları ölkəmizin Birinci vitse-prezidenti möhtərəm Mehriban xanımla birlikdə Qarabağa hər bir səfəri zamanı dövlət əhəmiyyətli infrastruktur obyektlərinin təməlinin qoyulması ilə yanaşı dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması ilə bağlı əsaslı layihə gerçəkləşdirilir. Xalqımız əmindir ki, Qarabağ tezliklə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək, inşallah, buradakı bütün məscidlərimiz, dini məbədlərimiz bərpa olunacaq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada nəfis şəkildə bərpa edilmiş tarixi məscidlərlə yanaşı təməli qoyulmuş yeni məscid kompleksi qalib Azərbaycanın mənəvi Zəfər abidəsi olacaq, Zəfərimiz qədər möhtəşəm olacaqdır, inşallah! Necə ki, Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayı milli birlik və mənəvi vəhdətimizin təntənəsini təcəssüm etdirdi”.
Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edir Savab, məğfirət ayı olan Ramazan bəşər övladına səbir, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu ülvi bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.
“Bu il Ramazan bayramı, inşallah, 2 may tarixinə
təsadüf edəcəkdir. Orucun mühüm
əməllərindən biri
olan fitrə zəkatının vaxtı
Ramazan ayının
son günü — Bayram
axşamı şam namazından sonradır.
Qazılar Şurasının Fətvasına görə
adambaşına 10-15 manat
fitrə zəkatının
verilməsi tövsiyə
olunur. Fitrə canın sədəqəsidir
və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması,
imkansızlara, ehtiyacı
olan ailələrə
verməsi vacibdir.
Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən
bütün müsəlmanlarımızı
səmimi qəlbdən
təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi
qəbul etsin, hər zaman
yardımçımız olsun! Qəlbində
Allah məhəbbəti yaşadan
xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin!
Bir daha müstəqilliyimiz,
dövlətçiliyimiz uğrunda
canını fəda etmiş cəmi
şəhidlərimizə Allahdan rəhmət
diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi
əbədi, dövlətimizi, dövlət rəhbərimizi
müzəffər, xalqımızı hər zaman
qalibqərar versin! Allah-Təala Azərbaycanı
qorusun! Amin!”, - deyə
təbrikdə vurğulanır.
Azərbaycan.- 2022.-30 aprel.- S.10.