Sürətin yeni zirvəsi

 

Azərbaycan növbəti dəfə dünyanın idman mərkəzinə çevrilir

 

Avropanın idman paytaxtı növbəti dəfə möhtəşəm yarış astanasındadır. Buna kimi ardıcıl 5 dəfədir ki, "Formula-1" Qran-prisinə yüksək səviyyədə evsahibliyi edən Azərbaycan planetin ən güclü pilotlarının əzmkar mübarizəsinin canlı şahidi olmaq üçün sürətsevərləri birillik fasilədən sonra, iyunun 10-12-də yenidən Bakıya toplayır.

 

6 kilometrlik 51 dövrə

 

Cari mövsümün  8-ci mərhələsində iyunun  10-u və 11-də pilotların sərbəst yürüşləri və sıralama turları keçiriləcək. İyunun 12-də isə möhtəşəm Azərbaycan Qran-prisinə (51 dövrə və ya 120 dəq.) start veriləcək. Digər Qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da, reqlamentə əsasən, öncə iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər.

Yarışın ilk günü səhər pilotlar bir saatlıq məşq keçəcəklər. Adətən, nahardan sonra sıralanma turuya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə pilotların bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.

İyunun 12-si isə  sayca 6-cı Azərbaycan Qran-prisinin yarış günüdür. Yarışanlar bir gün əvvəlki sıralanma turunun nəticələrinə görə startda yerlərini tuturlar. Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri və əyləcləri qızdırır, dövrənin tamamında yenidən start yerlərini tuturlar. Yarışın direktorunun, yəni 5 qırmızı işığın sönməsindən sonra həyəcan başlayır.

 

Yeniliklərlə yaddaqalan Azərbaycan Qran-prisi

 

"Formula-1" yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı FOM (Formula One Management) ilə danışıqlar 2013-cü ildə başlanıb və 2014-cü ilin martında ilkin müqavilə imzalanıb. Azərbaycanda Qran-prinin təşkili ilə dövlət səviyyəsində məşğul olublar. Bu da layihənin statusunuonun ölkə üçün əhəmiyyətini göstərir.

İlk dəfə 2016-cı ildə paytaxtımızda keçirilən "Formula-1" Avropa Qran-prisinin Bakı mərhələsi yeniliklə yadda qalmışdı. Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən, ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırıldı. 10 pilotla 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi. Yeni qaydaya görə isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub.

"Formula-1" mütəxəssislərinin rəylərinə görə, bu yenilik yarışın həyəcanını bir qədər də artırıb. "Formula-1"in dünyada kifayət qədər azarkeşləri olduğunu nəzərə alsaq, Bakı Şəhər Halqasında pandemiya ilə bağlı ötən ilkindən fərqli olaraq tamaşaçılar yarışı yerində canlı izləyə biləcəklər. Ancaq onu da xüsusi olaraq qeyd edək ki, quraşdırılan tribunalar elə yüksək səviyyədə hazırlanıb ki, daim istifadədə olsa belə, dağılıb sıradan çıxmır.

Bu mötəbər yarışın yüksək səviyyədə KİV-də işıqlandırılmasına təcrübəli müxbirlər və fotomüxbirlər cəlb edilib. Beləliklə, dünyanın ən böyük informasiya alyansları, eləcə də ölkəmizin xəbər agentlikləri Bakıda keçiriləcək "Formula-1" yarışı barədə xəbərləri dünyaya yayacaqlar.

 

Yüksəksəviyyəli evsahibliyi

 

Məlumdur  ki, beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadikommunikasiya imkanları hər zaman həlledici rola malikdir. Bir çox ölkələr beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün rəqabət aparır, yarış və tədbirlərin ev sahibləri 5-10 il sonra üçün belə müəyyən olunur.

Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Bunlara "Eurovision" musiqi yarışması, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, futbol üzrə Avropa Çempionatının final mərhələsinin 4 qarşılaşması və "Formula-1" Qran-prisini misal göstərmək olar.

Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 30 aprel.- S.11.