Zəfər magistralı
Bu il Qarabağ və
Şərqi Zəngəzurda 8 yol infrastrukturu istifadəyə veriləcək
Şanlı zəfərimizlə bitən Vətən müharibəsindən ötən 1 il 6 ay ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük tikinti-quruculuq işləri sürətlə davam edir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri də yol infrastrukturunun bərpasıdır.
Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur.
Bütün yollar iri yaşayış məntəqələrindən
kənar keçməklə layihələndirilir
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) qəzetimizə verilən məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.
28,5 kilometr uzunluğa malik avtomobil yolu 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır.
Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolunun layihə eninin alınması üçün "İnşaat Norma və Qaydaları"na uyğun olaraq, qaya qruntları dağıdılmaqla, torpaq yatağının inşası aparılır.
Layihəyə uyğun olaraq, yolun 26 kilometrlik hissəsində yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitki qatının çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.
Yolun 21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması və dolğu işləri son mərhələ üzrə icra olunur. 23-25-ci kilometrlik hissədə yol yatağının tikintisi artıq yekunlaşıb. 27-28-ci km-lik hissədə isə dolğu işləri və yeni yol yatağının inşası həyata keçirilir.
Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.
Qubadlı-Eyvazlı yolu - 4
aşırımlı 122 metrlik uzunluğunda körpü
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil körpülərinin inşası aparılır.
Hazırda yolun 2,5-ci kilomertində inşa olunan 122,4 metr uzunluğa malik 4 aşırımlı körpüdə svay, qazma və betonlanma işləri icra olunur. Yolun 21-ci kilometrində tikilən 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüsündə isə svay üçün hazırlıq prosesi aparılır.
Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgə inşa olunub. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Bu il ərzində tikintisinin başa çatdırılması planlaşdırılan Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
Birinci texniki dərəcəli və 12 km uzunluğundakı Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaq.
22 kilometr olacaq Hadrut- Tuğ yolu 2, uzunluğu 45 kilometr olan Bərdə-Ağdam avtomobil yolu isə 4 hərəkət zolaqlıdır.
Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolunun isə layihələndirilməsi işləri aparılır. 26,4 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı yolda işlərin başa çatdırılması 2022-ci il üçün nəzərdə tutulub.
Bu il işlərin başa çatdırılması gözlənilən yollardan biri də Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisidir. Ümumi uzunluğu 726,3 kilometr olan yol IV texniki dərəcəlidir.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi də davam etdirilir. Bu yolun uzunluğu 32 kilometrdir. III texniki dərəcəli yol 2 hərəkət zolaqlı olacaq.
Talış-Tapqaraqoyunlu- Qaşaltı-Naftalan avtomobil yolu isə II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlıdır, uzunluğu 22 kilometr olan yolun tikintisinin başa çatdırılması planlaşdırılır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 30 aprel.- S.11.