Azərbaycanın
xarici işlər naziri
və ABŞ dövlət katibinin köməkçisi
regiondakı vəziyyəti müzakirə ediblər
Avqustun
1-də Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş
Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri
üzrə köməkçisi Karen Donfrid arasında telefon
danışığı olub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, tərəflər Azərbaycan ilə
Ermənistan arasında münaqişə sonrası münasibətlərin
normallaşdırılması prosesinin mövcud durumu, Azərbaycan,
Ermənistan və Rusiya liderlərinin imzaladığı
üçtərəfli bəyanatların, eləcə də
Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan
liderləri arasında ikitərəfli görüşlər
nəticəsində bəyanatların icrası məsələləri
barədə fikir mübadiləsi aparıblar.
Nazir
Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin
edilməsi, o cümlədən nəqliyyat və
kommunikasiyaların açılışı, iki dövlətin
sərhədinin delimitasiyası, gələcək sülh
müqaviləsi üzrə işə başlanılması zəruriliyi
ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı
tərəfin diqqətinə çatdırıb.
C.Bayramov tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb.
Telefon
danışığı zamanı Azərbaycanla Ermənistan
arasında normallaşma prosesi
üzrə növbəti addımlar, regional
gündəlikdə duran məsələlər,
həmçinin qarşılıqlı maraq
doğuran digər mövzular
müzakirə edilib.
Azərbaycan.- 2022.- 2 avqust.- S.3.