ADAU ikili diplom proqramına qoşulmuşdur

 

Ölkədə kənd təsərrüfatı üçün ixtisaslı kadrlar hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirməkdə davam edir.

Prezidentin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ADAU Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq, bakalavriat səviyyəsində "Aqronomluq", "Bitki mühafizəsi", "Aqromühəndislik" və "İqtisadiyyat" ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə (ödənişsiz) tələbə qəbulunu həyata keçirməyə başlamışdır. Proqram çərçivəsində hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege universitetində ödənişsiz təhsil alacaq. Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə yekunlaşan tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunacaq.

Hazırda dərslər hər iki ali təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılır. Tələbələrin təhsil müddətində bütün xərclər sözügedən dövlət proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına ödənilir. Bu xərclərə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Ege Universitetində təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri daxildir. Tələbələr aylıq stimullaşdırıcı təqaüdlə də təmin olunacaqlar.

Qeyd edək ki, Türkiyənin Ege Universitetinin rektoru prof. dr. Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti bu ilin may ayında ADAU-da olmuşdur. Səfər çərçivəsində iki universitet arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin iclası da keçirilmişdir. İclasda ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Ege Universitetinin rektoru prof. dr. Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti ADAU-nun maddi-texniki bazası, o cümlədən Torpaqşünaslıq aqrokimya, Baytarlıq təbabəti fakültələrində yaradılan şəraitlə tanış olmuş, müasir auditoriyalar laboratoriyalara baş çəkmişdir. Torpaqşünaslıq laboratoriyasında qonaqlara burada aparılan analizlər barədə ətraflı məlumat verilmişdir. Qonaqlar Baytarlıq təbabəti fakültəsinin nəzdində olan Patoloji Anatomiya muzeyinə baxdıqdan sonra Necdet Budak universitetin 2 saylı Tələbə evində gənc müəllim tədqiqatçılar üçün mühazirə oxumuşdur.

Həmin gün ikili diplom proqramı layihəsində iştirak edəcək tələbələrlə görüş keçirilmişdir. Görüşdə ikili diplom proqramının İnformasiya Koordinasiya ofisində üç ay ərzində könüllü fəaliyyət göstərən tələbələrə sertifikatlar təqdim olunmuşdur.

Universitetin Biotexnologiya mərkəzində olan qonaqlar bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlərin həyata keçirilməsi prosesini izləmişlər.

Sonra Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti iclası keçirilmişdir. İclasda birgə əməkdaşlığın qiymətləndirilməsi, karyera planlanması üzrə görüləcək işlər gündəlikdə duran digər məsələlər müzakirə olunmuşdur.

Görüşdə ADAU-nun rektoru, professor İbrahim Cəfərov Ege Universitetinin rektoru Necdet Budak ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışlar.

 

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.5.