Naxçıvanda yaradılmış yeni üzüm sortları iqtisadi səmərəliliyi və yüksək rentabelliyi ilə seçilir

 

Bioresurslar İnstitutunun 20 il əvvəl fəaliyyətə başlamış Meyvə, tərəvəz və üzümçülük  laboratoriyası muxtar respublikada meyvəçiliyin, tərəvəzçiliyin, xüsusilə üzümçülüyün genofondunun öyrənilməsi istiqamətlərində bir çox uğurlara imza atmışdır.

Naxçıvan Muxtar Respublikası hər ili sosial-iqtisadi sahədə əldə olunan mühüm nailiyyətlərlə başa vurur. Bu illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində muxtar respublikanın sosial-iqtisadi strategiyasına uyğun olaraq bir sıra mühüm qərarlar qəbul edilmiş, müsbət nəticələr  əldə olunmuşdur. Məlumdur ki, bütün ölkədə olduğu kimi, Azərbaycanda da əhalinin etibarlı ərzaq təminatı sosial dayanıqlılığın, iqtisadi sabitliyin və hərbi gücün başlıca meyarıdır. Bu baxımdan  muxtar respublikada yerli istehsal hesabına əhalinin ərzaqla təminatına xüsusi diqqət yetirilir.

Naxçıvan MR Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli sərəncamı ilə təsdiq edilən "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın icrası sayəsində regionda 46,2 min ton meyvə, 20 min ton üzüm istehsal olunmuşdur. Hazırda "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr icra edilir. Bunun üçün intensiv texnologiya ilə yeni meyvə, tərəvəz və üzüm sahələri yaradılır, unudulmuş aborigen sortların bərpası, yüksəkkeyfiyyətli və məhsuldar yerli sortlardan ibarət yeni bağlar salınır, perspektivli sortlar introduksiya edilir, əkin sahələri genişləndirilir və digər tədbirlər həyata keçirilir.

Uzun illərdir ki, Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında muxtar respublikada meyvəçiliyin, tərəvəzçiliyin və üzümçülüyün öyrənilməsi, tətbiqyönümlü sortların müəyyənləşdirilməsi və istehsalata yönəldilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Aparılan tədqiqatlar nəticəsundə məlum olmuşdur ki, muxtar respublikada 200-dən çox meyvə sortu, 150-dən çox sortformalardan ibarət üzümün zəngin genofondu mövcuddur. Mövcud meyvə və üzüm genofondundan səmərəli istifadə olunması muxtar respublika əhalisini yerli məhsullar hesabına tumlu, çəyirdəkli meyvə sortları və üzüm məhsulları ilə dolğun təmin edilməsinə, hətta ixracına şərait yaradır.

Bununla belə, muxtar respublikada meyvəçiliyin inkişaf strategiyasına uyğun olaraq bir sıra praktik tədbirlərin daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulur:

- meyvə genofondunun qorunması, öyrənilməsi, meyvəçiliyin genişləndirilməsinin elmi-praktik əsaslarının hazırlanması;

- meyvəçilik üzrə fermer təsərrüfatlarının müasir elmi əsaslarla təşkili, meyvəçi-aqronom kadrların bu işlərə cəlb edilməsi, aqronomların peşə hazırlıqlarının mütəmadi olaraq yenilənməsi üçün aqronomluq ixtisasartırma kurslarına cəlb olunmasının təşkili;

- meyvəçilik üzrə ixtisaslaşdırılmış tinglik təsərrüfatlarının yaradılması, tətbiqyönümlü meyvə sortlarının əkin dövriyyəsinə daxil edilməsi;

- dağlıq, dağətəyi və Arazboyu düzənlik ərazilərdə landşafa uyğun iqtisadi əhəmiyyətli və tətbiqyönümlü tumlu və çəyirdəkli meyvə sortlarının müəyyənləşdirilməsi, mövcud bağların qaydaya salınması, əkinəyararsız boş torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və yeni bağların salınması;

- meyvəçiliyin intensiv əsaslarla inkişafı üçün sənaye əhəmiyyətli yeni sortların introduksiyası;

- meyvəçilik üzrə ailə təsərrüfatı və fermer təsərrüfatlarının yaradılmasının genişləndirilməsi, inkişaf etdirilməsi, satış bazarlarına daha çox təzə yerli meyvə məhsullarının çıxarılmasında dövlət dəstəyinin artırılması, əhalinin yerli meyvə məhsulları ilə dolğun təminatının yaxşılaşdırılması;

- meyvəçilik üzrə innovativ texnologiyaya əsaslanan ilkin emal müəssisələrinin yaradılması, müxtəlif çeşidli konservləşdirilmiş məhsulların istehsalının artırılması və ixrac məhsullarının genişləndirilməsi;

- istehsal olunmuş ekoloji təmiz meyvə məhsullarının itkisiz toplanması, qurudulmuş meyvə istehsalının təşkili və genişləndirilməsi;

- meyvə bağlarının suvarma şəbəkələrinin yaxşılaşdırılması və genişləndirilməsi, yerli rəqabət əsasında pərakəndə satışının təşkili və maliyyə-kredit problemlərinin həlli üçün dövlət dəstəyinin artırılması;

- meyvəçilik üzrə rəqabətədavamlı müxtəlif çeşidli məhsulların hazırlanması, reklamların təşkili, yerli bazarlarda satışa çıxarılması və ixrac edilməsi üçün müasir texnologiya əsasında sənaye müəssisələrinin yaradılması.

Son vaxtlar Azərbaycanda üzümçülüyün inkişafına dövlət səviyyəsində dəstək verilir. Naxçıvan MR-də də bölgədə yerli üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, torpaqiqlim şəraitinə uyğun yeni plantasiyaların salınmasında yararsız torpaqların əkin dövriyyəsinə daxil edilməsi, üzümçülük və şərabçılığın inkişafı ön plana çəkilib.

Bu istiqamətdə Bioresurslar İnstitutunun Meyvə-tərəvəz və üzümçülük laboratoriyasında elmi nailiyyətlərin istehsalata tətbiq olunması üçün məqsədyönlü elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Nəticədə 150-dən çox yerli üzüm sortlarının biomorfoloji xüsusiyyətləri öyrənilmiş, rentabelliyi yüksək olan tətbiqyönümlü sortlar müəyyənləşdirilmiş, onların iqtisadi səmərəliliyi qiymətləndirilmişdir. Bunlardan əlavə, laboratoriyada "Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası", iki cilddən ibarət "Azərbaycan ampeloqrafiyası" və digər elmi-praktiki əhəmiyyət kəsb edən fundamental əsərlər işıq üzü görmüşdür.

Ümumiyyətlə, laboratoriyada seleksiya yolu ilə çoxlu sayda yeni sortformalar əldə olunmuşdur. Çoxillik məqsədyönlü elmi-tədqiqat işləri nəticəsində yaradılmış tətbiqyönümlü 8 yeni üzüm sortunun Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə və mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilməklə onlara patent və müəlliflik şəhadətnaməsi verilmişdir. Bununla iqtisadi səmərəliliyi və yüksək rentabelliliyi ilə seçilən "Naxçıvan muskatı", "Əlincə", "Oğuz üzümü", "Qəhvəyi kişmişi", "Milax üzümü", "Bənəniyar üzümü", "Nərgizi", "Bayançirə süfrə" adlı yeni üzüm sortlarının Azərbaycanın əsas üzümçülük bölgələrində əkilib-becərilməsinə və yayılmasına başlanılmışdır.

 

 Varis QULİYEV,

 

aqrar elmlər doktoru

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.5.