"Azərbaycanfilm-100"
tammetrajlı bədii film ssenari
müsabiqəsinin qalibləri mükafatlandırılıb
2 Avqust Azərbaycan kinosu
günüdür
Avqustun
1-də Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
Kinostudiyasının elan etdiyi "Azərbaycanfilm-100"
tammetrajlı bədii film ssenari müsabiqəsinin
yekunlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Kinosu Gününə həsr
olunmuş tədbirdə müsabiqə qalibləri
mükafatlandırılıb.
Kino sahəsinin cəmiyyətin və mədəniyyətin inkişafında böyük rolu olmasından söhbət açan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev kinonun cəmiyyətə müstəsna təsirlərindən danışıb: "Biz istəyirik ki, Azərbaycan kinosu Azərbaycan cəmiyyətinin inkişafında özünü səfərbər etsin və kinomuz Azərbaycan mədəniyyətinin daşıyıcısı olsun. Mədəniyyət Nazirliyi olaraq kinomuzun inkişafı üçün səfərbər olmuşuq və bu istiqamətdə lazımi işlər, yeni layihələr görməyi hədəfləmişik. Bu yanaşmanın da əsas amilləri var, ilk olaraq hədəfimiz kino infrastrukturu, eləcə də sənaye baxımından investorların bu sahəyə cəlb olunmasıdır. Yalnız bu halda kino sahəsi inkişaf yolunu tuta bilər. Mədəniyyət Nazirliyinin prioritetlərindən biri kino sənayesinin inkişaf etdirilməsi və Azərbaycan mədəniyyətində rolunun gücləndirilməsidir. Tariximizin yeni səhifəsində bizim əsas mövzumuz hərb sahəsində olan zəfərimizidir. İnstitusional bazanın möhkəmləndirilməsi kimi ən böyük nailiyyətimiz Azərbaycan Kino Agentliyinin yaradılması haqqında Prezident İlham Əliyevin imzalamış olduğu müvafiq fərmanıdır. Bizim Azərbaycan Kino Agentliyinə ümidlərimiz çox böyükdür. İstəyirik ki, kino sahəsi bir sənaye olsun və həm peşəkarlar, həm də investorlar üçün cəlbedici olsun. Mədəniyyət Nazirliyi bu yönümün təkmilləşdirilməsi ilə bağlı işlər aparır. Vacib məsələlərdən biri də kadr potensialının gücləndirilməsidir. Bununla bağlı Nazirlik bu istiqamət üzrə davamlı olaraq peşəkarların təlimlərini təşkil edir", - deyə nazir müavini bildirib.
Tədbirdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının yeni loqo və veb-saytını təqdim edən kinostudiyanın mətbuat katibi Ramil Ələkbərov bildirib ki, loqonun xarakteristik xüsusiyyəti təmsil etdiyi şirkətin kimliyini, həmçinin təməlində yatan amalı ifadə etməsidir: "Loqonun stilizə edilmiş əsas elementləri kino sənayesinin ən mühüm komponentlərini ifadə edir. Yeni simvol həm də incəsənətdə istifadə olunan "Qızıl nisbət"i təmsil edir". R.Ələkbərov həmçinin vurğulayıb ki, "Azərbaycanfilm" Kinostudiyasının veb-saytı üzərində də iş aparılır: "Saytda kinostudiyanın tarixi, strukturu, göstərdiyi xidmətlərlə yanaşı, geniş filmoteka nəzərdə tutulub ki, burada istehsal olunan filmlər haqqında informasiya əldə etmək və filmləri verilən link vasitəsilə izləmək mümkün olacaq. Saytın ingilis dilində versiyası üzərində iş aparılır. 2023-cü ildə "Azərbaycanfilm" Kinostudiyasının 100 yaşı tamam olur. Əlbəttə, bu münasibətlə ilboyu müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur", - deyə R.Ələkbərov bildirib.
Xatırladaq ki, iyunun 1-dən etibarən "Azərbaycanfilm-100" tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan olunmuşdu. Ümumilikdə göndərilən 60 ssenaridən müsabiqə şərtləri ilə uyğunlaşan 53 ssenari dəyərləndirilib. "Azərbaycanfilm" Kinostudiyasının nəzdində yaradılan Ekspert Şurasının qərarı ilə "Azərbaycanfilm-100" ssenari müsabiqəsinin qalibləri açıqlanıb. Onlar xüsusi diplomlar və pul mükafatı ilə təltif edilib.
Müsabiqədə birinci yeri "Supərisi" ssenarisi ilə Mirsadiq Ağazadə, ikinci yeri "Axırıncı palata" ssenarisi ilə Türkan Hüseyn, 3-cü yeri isə "Zirzəmi" adlı ssenarisi ilə Nicat Dadaşov tutub.
Tədbirdə həmçinin Mədəniyyət
Nazirliyi növbəti peşə
bayramı münasibətilə bir qrup kinematoqrafçını və kino veteranını da
mükafatlandırıb. Ümumilikdə 21 nəfər
kinematoqrafçıya fəxri fərman və mükafatlar
təqdim olunub.
Azərbaycan.- 2022.- 2 avqust.- S.7.