Daşkənddə
Azərbaycan, Türkiyə, Özbəkistan nazirlərinin ilk üçtərəfli görüşü
keçirilib
Görüşdə üç
dövlətin müvafiq sahələr üzrə məsul
nazirləri tərəfindən Daşkənd Bəyannaməsi
imzalanıb
Avqustun 2-də Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan xarici işləri, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasından xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər. Nazirlər gündəlikdə duran mövzular üzrə çıxış ediblər.
Görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd olunub.
Görüş nəticəsində üç dövlətin müvafiq sahələr üzrə məsul nazirləri tərəfindən Daşkənd Bəyannaməsi imzalanıb və xarici işlər nazirləri üçtərəfli görüşün nəticələrinə dair mətbuat açıqlamaları ilə çıxış ediblər.
Azərbaycan, Türkiyə və Özbəkistan
arasında üçtərəfli əməkdaşlıq ortaq tarixə, birgə mədəniyyətə
və dəyərlərə əsaslanır. Bu,
həmçinin möhkəm ikitərəfli əlaqələr
və ölkələr arasında mövcud
strateji tərəfdaşlıq münasibətlərinə
dayanır. Xarici işlər, iqtisadiyyat və nəqliyyat üzrə məsul
nazirlərin iştirakı ilə əsası qoyulmuş
yeni üçtərəfli format müvafiq sahələrdə
birgə layihələrin işlənib hazırlanmasına və
irəli aparılmasına kömək edəcəkdir. Bu, həm də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər
üzrə qarşılıqlı fəaliyyəti gücləndirəcək.
Azərbaycan.- 2022.- 3 avqust.- S.1; 3.