Gələcəyin işığı - "yaşıl  enerji"

 

Prezident  İlham  Əliyev: "Bu gün bizim enerji imkanımız bir çox ölkələr üçünböyük önəm daşıyır"

 

Yaxın  keçmişdə  elektrik enerjisi  qıtlığı  yaşayan Azərbaycanın bu gün  bütün şəhər və kəndləri nura boyanıb. Biz hətta dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edironun Avropaya  da ixracını   planlaşdırırıq. Zəngəzur dəhlizi  fəaliyyətə başlayandan sonra  isə yalnız yüklər üçün deyil, eyni zamanda  elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə energetika sektorunun həmişə prioritet təşkil etdiyiniindi bu sahədəki   imkanlarımızın bir çox ölkələr üçünböyük önəm daşıdığını vurğulayıb. Bu gün   diqqət xüsusilə bərpaolunan enerji mənbələrindən istifadəyə yönəldilib. Uzun illər ərzində bu sahənin  inkişafı üçün böyük hazırlıq işləri görülüb.  İlk növbədə  xarici investorların cəlb edilməsi   məqsədi qarşıya qoyulubbuna da nail olunub.

Hazırda xarici sərmayədarlar Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuzekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə həvəs və inamla qoşulublar. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" külək-elektrik stansiyasının tikintisinə start verilib. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" günəş-elektrik stansiyasının təməli qoyulub.

Beləliklə, xarici investorlar öz vəsaitləri hesabına ölkəmizdə 710 meqavat gücündə üç günəş və külək-elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi, qeyd olunduğu kimi,  artıq inşa edilir, bp şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən isə Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə müəyyən təhlillər aparılır.

Prezident İlham Əliyev bu barədə belə deyib: "Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavatondan da əlavə iki min meqavat günəş və külək-elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su-elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su-elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su-elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik. Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su-elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su-elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik".

Son bir il yarım ərzində 9 su-elektrik stansiyasının inşası başa çatıb, yaxud  yekunlaşmaq üzrədir. Bu da əlavə 50 meqavat elektrik enerjisi verəcək. Su-elektrik stansiyalarını çıxmaq şərtilə bərpaolunan enerji növlərinin istehsalına vəsaiti dövlət deyil, xarici sərmayədarlar yönəldir. Prezident  bunun daha böyük həcmdə elektrik enerjisi ixrac etməyə imkan verəcəyini bildirib: "İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlikli xətlərlə ixrac edirik. Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də varbiz bu layihəyə də maraq göstəririk. Yəni bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb".

Yəni Zəngəzur dəhlizi, Qara dənizin altından çəkiləcək kabel, ənənəvi Azərbaycan-Gürcüstan-Türkiyə yolu, İran-Azərbaycan elektrik bağlantısı - bütün bu infrastruktura yenidən baxmaq lazım gəlir. Belə ki, indi orta hesabla ildə 1000 meqavat gücündə elektrik enerjisini ixrac edə biliriksə, bunun 5000 meqavata çatdırılmasına potensial olmalıdır. Ona görə də "Azərenerji"yə və digər aidiyyəti qurumlara bu işin əsaslı şəkildə görülməsi ilə bağlı tapşırıqlar  verilib. Elə edilməlidir ki, artıq enerji hasil olunanda ortaya ixracla bağlı problem çıxmasın. Məsələn, potensial alıcılarla danışıqlar aparılımalıdır, şərtlər razılaşdırılmalıdır. Mümkün olan bazarlar təsbit edilməlidir. Gələcəyin bununla bağlı olduğunu qeyd edərək dövlət başçısı deyib: "Biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi - bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bütün imkanlar var".

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonası 10 min kvadratkilometr ərazini əhatə edir. Buraya daxil olan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Üstəlik, bizim Xəzər dənizi kimi  nəhəng bir enerji mənbəyimiz var. Bu həmçinin xarici mütəxəssislərin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen də keçən ay  Bakıda olarkən bunu vurgulayıb. Başqa sözlə, ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensialı Avropa İttifaqı tərəfindən  yüksək dəyərləndirilir. Artıq külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanıb. Bərpaolunan enerji potensialı ilə bağlı ilkin qiymətləndirmə də  aparılıb. Bu məsələlər Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda öz əksini tapıb.

Prezident İlham Əliyevin "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış komissiyanın yenilənmiş tərkibdə ilk iclasının keçirilməsi də sözügedən istiqamətdə ardıcıl işlərin getdiyini göstərir. Belə ki, iclasda Prezidentin energetika sahəsində müəyyən etdiyi hədəflərə uyğun bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində bəzi layihələrin artıq icrasına başlanıldığı, digərlərinə hazırlıq işlərinin aparıldığı və bununla əlaqədar müvafiq qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsinin vacibliyi  bildirilib.

 

 Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 3 avqust.- S.1; 4.