Cəmiyyətə və sağlam mətbuata mənəvi ziyan vuranların qarşısı alınmalıdır

 

Hüquq-mühafizə orqanları ilə birgə tədbirlər planı "reket jurnalistika" ilə mübarizədə səmərəli nəticələr verə bilər

 

 Son illərdə ölkəmizdə söz, mətbuat, özünüifadə azadlığının təmin edilməsi istiqamətində geniş imkanlar yaradılıb və hazırda çoxsaylı çap, internet mediasının sərbəst fəaliyyət göstərməsi bunun əyani təzahürüdür.

Hazırda hər hansı bir media qurumunun, həmçinin xəbər portallarının yaradılması üçün heç bir məhdudiyyət tətbiq edilmir. Ölkədə internetdən, sosial şəbəkələrdən geniş istifadə etmək üçün lazımi imkanlar yaradılıb. İnsanlar sosial şəbəkələrdə öz fikir və rəylərini rahat, sərbəst şəkildə ifadə edə bilirlər.

Lakin silahının söz olduğu jurnalistlərin fəaliyyətlərini həyata keçirdikləri media orqanlarında və sosial şəbəkələrdə son vaxtlar təəssüf doğurucu məqamlar da öz əksini tapır. Hətta özünü jurnalist adlandıran bəzilərinin "fəaliyyəti" yalan xəbər başlıqları ilə başlayıb şantaj həddinə qədər şaxələnir. Demək olar ki, həmin şəxslər konkret olaraq "reket jurnalistika" ilə məşğul olurlar ki, bu da cinayət hərəkətidir.

Əvvəllər "reket jurnalistika" ilə məşğul olanların aşkarlanması o qədər də çətin deyildi. Amma hazırda sosial şəbəkələr onların sayının bir qədər də artmasına səbəb olub. Onlar sosial platformaların bu qədər məşhurlaşdığı vaxtda asanlıqla geniş kütləyə xitab edə bilirlər. Bu da əhali arasında səbəbsiz təşvişin yaranmasına gətirib çıxarır.

Son vaxtlar sosial şəbəkələrdə Vətən müharibəsi ilə bağlı əvvəlki vaxtlara aid olan kadrların, yalan informasiyaların yeni məlumatlar kimi təqdim edilməsi, sözün əsl mənasında, ciddi narahatlıq yaradır. Belə olduğu halda, hüquq-mühafizə orqanlarının jurnalistlərlə birlikdə həmin şəxslərə qarşı ciddi mübarizə tədbirləri planının hazırlanması zərurətini yaradıb. Elə bu məsələ ilə bağlı vəziyyəti şərh edən "Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı qəzetimizə açıqlamasında bildirib ki, "reket jurnalistika" cinayətə bağlı, hüquqi məsuliyyət yaradan fəaliyyət sferasıdır: "Çox təəssüf ki, Azərbaycanda 1990-cı illərdən başlayan "reket jurnalistika" sistemi bütün mərhələlərdə öz cildini dəyişərək müxtəlif formalara düşməklə varlığını qoruyub saxlaya bilib. Bu günciddi problemlərdən biri olan həmin şəxslərlə mübarizədə jurnalistlər, hüquq-mühafizə orqanları ilə birgə cəmiyyət də iştirak etməlidir".

Akif Aşırlı onu da vurğulayır ki, əvvəllər Mətbuat Şurası mübarizə çərçivəsində selektiv işlərin görülməsində müvafiq tədbirlər həyata keçirirdi. "Qara siyahı"lar tərtib edilir, jurnalist peşəsindən sui-istifadə edən media qurumlarının adları həmin siyahıya daxil edilirdi. "Ancaq əfsuslar olsun ki, ictimai qınağa söykənən bu mübarizə metodu qısa müddətdə səmərəli nəticə versə də, uzunmüddətli olmadı".

Hazırda "reket jurnalistika" ənənəvi mediadan yeni mediaya keçid edərək sferasını genişləndirə bilib. Akif Aşırlı qeyd edir ki, əvvəlki vaxtlarda bir neçə reket var idisə və onlar bəzi qurumlarda öz fəaliyyətlərini sərgiləyə bilirdilərsə, indi bu işlərlə məşğul olanların əksəriyyəti evlərində oturaraq asanlıqla çirkin əməllərin daşıyıcısına çevriliblər: "Bütün bunlarla yanaşı, tendensiya halını alan bəzi internet televiziyaları da bu işə öz "töhfələrini" verməkdədir".

Əsassız xəbərlərin, şəxsiyyətə xələl gətirəcək informasiyaların olduqca sürətli yayılması bunu deməyə əsas verir ki, daim əldə olunan məlumatlar etibarlı mənbələrdən yoxlanılmalı, daha sonra auditoriyaya təqdim edilməlidir. Akif Aşırlının fikrincə, öncəliklə dəyişikliklər düşüncələrdən başlanmalıdır. "Reket jurnalistika" ilə mübarizə tədbirlərinə gəldikdə sözsüz ki, uğurlu nəticələrin əldə edilməsi üçün müntəzəm işlər görülməlidir. Hazırda jurnalist təşkilatlarının çoxu aktiv deyil: "Azərbaycanda 30-40-a yaxın jurnalistika ilə bağlı qeyri-hökumət təşkilatları var. Bunlardan yalnız 3-4-nün fəaliyyəti göz önündədir. Belə qurumların hər biri öz vəzifə öhdəliklərini dərk edərək hüquq-mühafizə orqanları ilə birlikdə işləyərlərsə, daha səmərəli nəticənin şahidi olarıq".

Tədbir planında isə ilk növbədə ədalətli, obyektiv mövqeyin tutulması əsas şərtdir. Akif Aşırlı qeyd edir ki, bəzən korrupsiya və digər faktlarla bağlı jurnalist araşdırmalarında dərhal həmin jurnalisti "reket" elan etmək doğru deyil: "Bu zaman burada balans itirilmiş və jurnalistikanın ictimai nəzarət funksiyaları arxa plana atılmış olacaq. Kifayət qədər obyektiv yanaşmanın ortaya qoyulması ilə, əslində, inkişafa səbəb ola bilərik".

"Reket jurnalistika" əzəli jurnalistikamıza kölgə salan ictimaiyyətin mətbuata olan inamını sarsıtmağa yönəlik fəaliyyətlə məşğuldur. Bunun qarşısını almaq üçün  bütün məsələlərə obyektiv yanaşmalı, əhəmiyyətli nəticənin alınması üçün hüquq-mühafizə orqanları ilə birgə tədbirlər planına istiqamətlənmək lazımdır. "Reket jurnalistika"nın mətbuatın probleminə çevrilməsinə izin verməmək lazımdır.

 

Aydan XƏLİLOVA

 

Azərbaycan.- 2022.- 3 avqust.- S.1; 5.