Xəzər niyə
geri çəkilir
İqlim dəyişikliyi
dünyanın ən böyük gölü üçün
ciddi təhlükə yaradıb
Xəzər dənizinin səviyyə tərəddüdləri davam edir. 2005-ci ildən Xəzərin səviyyəsində davamlı enmə müşahidə olunur. Məlumatlara görə, ən çox enmə (30 santimetr) 2021-ci ildə qeydə alınıb.
Xəzər qapalı su hövzəsi
olduğundan dənizin səviyyəsinin daxil olan və gedən
sularla əlaqədar dəyişməsi təbiidir. O üzdən
iqlim dəyişmələri ilə əlaqədar Xəzəri
qidalandıran əsas çaylarda suyun aşağı enməsi
dənizin səviyyəsinə təsir edir. Eyni zamanda bura son illər
yağıntıların az olması da
daxildir. Çoxsaylı coğrafi, arxeoloji, tarixi və
müşahidə məlumatları göstərir ki, son 4 min
ildə Xəzər dənizinin səviyyə dəyişmələrində
illik müddətlik var. Sonuncu belə düşmə 1862-ci
ildən başlayıb və proses təxminən 2050-60-cı
illərə qədər 1-2 metr düşmə ilə davam edəcək. Mütəxəssislər
qeyd edirlər ki, 2050-ci ildən sonra Xəzərdə suyun səviyyəsinin
artması proqnozlaşdırılır. Bu dövr də
təxminən 200-250 il davam edəcək.
Qeyd edək ki, dənizin səviyyəsinin azalması
müəyyən problemlərlə müşahidə
olunduğu kimi, suyun artması da çətinliklərə gətirib
çıxarır. Ona görə də dəniz sahilində
görülən bütün işlər zamanı Xəzərin
səviyyəsinin dəyişməsi nəzərə
alınmalıdır.
Xəzərin ətraf mühitinin
bugünkü vəziyyəti narahatlıq doğurur
Xəzəryanı ölkələr daim dəniz problemlərini
diqqətdə saxlayır. Bu istiqamətdə
mütəmadi olaraq konfranslar keçirilir, alimlər tərəfindən
dənizin biomüxtəlifliyi öyrənilir, çirklilik səviyyəsi
müəyyənləşdirilir. Sonuncu
belə beynəlxalq tədbir iyulun 5-də "İqlim dəyişmələri
şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri,
proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda
Bakıda keçirilib.
Xəzəryanı ölkələrin mütəxəssislərinin,
beynəlxalq təşkilatların nümayəndələrinin
və xarici ekspertlərin iştirakı ilə keçirilən
konfransda Xəzər dənizinin hazırkı və gözlənilən
səviyyə tərəddüdləri, həmçinin iqlim
və səviyyə proqnozlarını nəzərə alaraq
milli və regional uyğunlaşma tədbirlərinin müəyyən
edilməsi üçün əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə
olunub. Ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev konfrans iştirakçılarına müraciətində
deyib ki, Azərbaycanda Xəzər dənizinin ətraf
mühitə mənfi təsirlərini minimuma endirmək
üçün ardıcıl tədbirlər
görülür. Nazir Xəzər dənizinin Azərbaycan
Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin
qiymətləndirilməsi məqsədilə işlərin
davam etdirildiyini, dənizin bioloji ehtiyatlarının və
hidroloji vəziyyətinin öyrənilməsi və ətraf
mühitə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi
üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi
ilə mütəmadi ekspedisiyalar keçirildiyini
vurğulayıb. Xəzər dənizinin ətraf mühitinin
mühafizəsi və təbii ehtiyatlarından səmərəli
istifadə məsələlərinin birinci növbədə
Xəzəryanı ölkələrin milli siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu deyən Muxtar
Babayev həmçinin Xəzər dənizində birgə
ekoloji monitorinqlərin planlaşdırılması, həyata
keçirilməsini təklif edib və regional əməkdaşlığın,
xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı
ölkələrin səylərinin birləşdirilməsinin
vacib olduğunu diqqətə çatdırıb.
Prezident İlham
Əliyev də Aşqabadda keçirilmiş Xəzəryanı
Dövlətlərin Dövlət
Başçılarının Zirvə Toplantısında Xəzər
dənizinin ətraf mühitinin bugünkü vəziyyətinin
və dəniz səviyyəsinin aşağı düşmə
dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin
həlli ilə əlaqədar əməkdaşlığın
genişləndirilməsində ölkəmizin maraqlı
olduğunu vurğulayıb. Dövlət
başçısı Xəzərin bioloji su
ehtiyatlarının qorunub saxlanması və səmərəli
istifadəsi üzrə komissiya çərçivəsində
Xəzəryanı ölkələrin uğurlu
qarşılıqlı fəaliyyətinin davam etdiyini, bu ilin
sonunda Bakıda "Xəzər dənizinin dəniz ətraf
mühitinin mühafizəsi haqqında" Çərçivə
Konvensiyasının tərəflərinin VI konfransının
keçirilməsinin nəzərdə tutulduğunu bildirib:
"Bu gün məhdud tərkibdə görüşdə
biz xüsusi narahatlıq doğuran məsələlər,
konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə
həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və
təəssüf ki, dayazlaşma dinamikası narahatlıq
doğurur. Buna görə biz fikir
mübadiləsi apardıq və yəqin ki, nümayəndə
heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin
aşkar edilməsi və Xəzərin bundan sonrakı
dayazlaşmasının qarşısını almağa
yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi
üçün xüsusi ekspert qruplarının
yaradılması işini davam etdirəcəklər".
Xəzərin səviyyəsinin enməsi
ciddi problemlərə yol aça bilər
Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin
Mühafizəsi Xidmətinin rəisi Mehman Axundov deyir ki,
proqnoza görə, 2022-ci ildə Volqa çayının
sululuğunun proqnozlaşdırılandan aşağı
olması ilə əlaqədar Xəzər dənizinin orta
illik səviyyəsi əvvəlki 2021-ci ildəkindən 20-23
sm aşağı olacaq. Bu da öz növbəsində Xəzər
dənizi regionunda sosial-iqtisadi fəlakətə, o cümlədən
dənizin səviyyəsinin azalmasına səbəb ola bilər. Sözügedən fəsadlar
sırasında biomüxtəliflik və
balıqçılığın azalmasını da qeyd etmək
olar.
Üstəlik, Xəzərin səviyyəsinin
dəyişməsi fonunda onun canlı aləmi də dəyişikliyə
məruz qalır. Belə ki, səviyyənin enməsi
balıqların yerlərini itirməsinə, ümumiyyətlə,
balıq ehtiyatının azalmasına gətirib
çıxarır. Balıqların
sayının azalmasının əsas səbəbləri
sırasında brokonyerlik və suyun çirkli olması
göstərilsə də, son illər çirklənmənin
rolu olmadığı deyilir. Qeyd edilir ki,
iqlim dəyişmələri ilə əlaqədar dənizdə
suyun temperaturunun artması onların populyasiyasına təsir
göstərir və onlar digər areallara doğru miqrasiya
edirlər. Bunlar isə sırf iqlim
faktorlarıdır.
Mehman Axundov qeyd edir ki, Xəzərdəki balıq
populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi
və temperaturla əlaqədardır. Anomal istilik Xəzər regionunda
biomüxtəlifliyin azalmasına səbəb olur: "Bununla əlaqədar
olaraq, balıqların təbii çoxalmasına şərait
yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi
azaltmaq məqsədilə Xəzər dənizinə axan
çaylarda suyun alınmasını
optimallaşdırmağa və su-elektrik stansiyaları
üçün bəndlərin tikintisini dayandırmağa
çağırırıq. Əks halda, Xəzərdə
Aral dənizinin yoxa çıxmasına bənzər ssenari
baş verə bilər".
Xəzər suitisinin
itmə təhlükəsi varmı?
Müxtəlif
zamanlarda Xəzər suitisinin də nəslinin kəsilmə təhlükəsi
barədə məlumatlar eşitmişik. Belə ki, Xəzər
suitisinin sayının XX əsrin əvvəllərində 1
milyon təşkil etdiyi, son zamanlar isə çox az qaldığı vurğulanır. Xəzər suitisi (Pusa caspica Gmelin) dənizin yeganə
məməlisidir və dünyada ən kiçik qulaqsız
suiti növlərindən sayılır. Təbii ki, bu məməlilərin
sayının azalmasına iqlim dəyişmələrindən
əlavə təsir göstərən əsas faktorlardan biri də antropagen
amillərdir.
Qeyd edək ki, Xəzər suitilərinin tələfatı,
həmçinin dənizin ümumi ekosisteminin vəziyyəti
barədə ilk beynəlxalq narahatlıq 1997-ci ildə
qalxıb. O
zaman Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
(ABƏŞ) ətraf mühit üzrə meneceri Liz Rogers
Dünya Bankına Bakı yaxınlığında xeyli suiti
cəsədi gördüyünü deyib. Dərhal
ABƏŞ ilə birgə tədqiqatlara başlanılıb
və cəsədlərdən götürülmüş
nümunələrdə xlor üzvi birləşmələrinin
miqdarının yüksək olduğu müəyyən
olunub.
"Şahdəniz
Mərhələ 2" qaz layihəsinin 2013-cü ildə təqdim
olunmuş Xəzər suitiləri üzrə tədqiqat
hesabatında deyilir ki, o vaxt təkcə Abşeronun 100
kilometrlik şimal sahilində 2210 ölü suiti
tapılıb. İlk dəfə ingilis professor
Seamus Kenedi tələfatın əsas səbəbini "CDV"
kimi tanınan it taunu xəstəliyi ilə əlaqələndirib.
Bu istiqamətdə müxtəlif layihələr
çərçivəsində Xəzər suitiləri daim
öyrənilib, zamanla onların müxtəlif səbəblərdən
sayının kəskin azaldığı mənbələrdə
qeyd olunub.
Uzun illərdir Xəzər suitisinin öyrənilməsi
layihəsi ilə məşğul olan rusiyalı alim Vasili
Boqoslovoski qeyd edir ki, Xəzər suitisinin
populyasiyasının məhvolma təhlükəsi yoxdur. O, Xəzər suitisinin nəhayət
ki "Qırmızı kitab"a
salındığını vurğulayıb. Alim onun populyasiyasına zəhərləyici
maddələr, iqlim dəyişikliyi, balıq
ehtiyatının azalması və brakonyerliyin səbəb
olduğunu qeyd edir. O, həmçinin Xəzər suitilərinin vəziyyətinə
təsir edən səbəbləri öyrənmək
üçün Xəzərin bütün akvatoriyasında
araşdırma aparılmasının lazım olduğunu
deyir.
Dənizin çirklənməsi
azalıb
Xəzər dənizinin öyrənilməsi istiqamətində
müxtəlif ölkələrin alimləri tərəfindən
araşdırmalar bu günümüzə qədər davam
edir. Ekologiya
və Təbii Sərvətlər Nazirliyi (ETSN), Dövlət
Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının mütəxəssislərindən ibarət
ekspedisiya qrupu tərəfindən Azərbaycanın Milli Qəhrəmanı
Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi
ilə ildə 4 dəfə Xəzər dənizində
şimaldan cənuba doğru monitorinqlər aparılır. Sahil zolağını da əhatə edən monitorinqlər
zamanı götürülən su nümunələri üzərində
fiziki-kimyəvi, mikrobioloji, toksikoloji təhlillər edilir.
Bununla çirklənmə dərəcəsi
müəyyən olunur. Monitorinqlər və kompleks tədqiqatlar
xüsusən neft-qaz hasilatı ilə məşğul olan
yerli və xarici şirkətlərin platformaları
arasında - Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət
göstərən "Bahar", "8 mart", "Ələt-dəniz",
"Bulla-dəniz", "Ümid", "Şahdəniz",
"Abşeron", "Çıraq", "Mərkəzi
Azəri", "Günəşli", "Neft
Daşları", "Palçıq pilpiləsi",
"Çilov", "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə",
"28 may" NQÇİ, JOCAP yataqlarında keçirilir.
Monitorinqlər zamanı müxtəlif koordinatlar üzrə su,
qrunt, zooplankton, bentos və hava nümunələri
götürülür, dəniz üzərində atmosfer
havasının çirklənmə vəziyyəti öyrənilir,
hidrometeoroloji ölçmələr, biomüxtəliflik tədqiq
edilir. Eləcə də həm şimalda, həm də cənubda
Xəzər dənizinin fon müşahidələri
aparılır. Neft-qaz hasilatı həyata
keçirilməsinə baxmayaraq, son zamanlar müasir texnologiya
və avadanlıqlardan istifadə nəticəsində dənizin
çirklənmə səviyyəsinin azaldığı
deyilir.
Dənizin çirklənmə səviyyəsindən
danışan Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi
Nazim Mahmudov qeyd edir ki, nazirlik bu sahədə sırf nəzarət
funksiyasını həyata keçirir. Məqsəd
hansısa sahibkarlıq subyekti, dövlət müəssisəsini
müəyyənləşdirib cərimə tətbiq etmək
deyil. O qeyd edir ki, fəaliyyət
nəticəsində ətraf mühitə ziyan vuran sahibkarlar
bunun qarşısını almaq üçün müvafiq tədbirlər
həyata keçirməli olduqlarını bilməlidirlər.
Hər hansı sahibkarlıq subyekti çirkli
suyu dənizə axıdırsa, məsuliyyəti özü
daşıyır. Obyekt sahibləri təmizləyici
qurğu quraşdırmalı və ya bir neçə sahibkar
birləşib bu istiqamətdə iş görməlidir.
Bəs Xəzər geri qayıdarsa...
Gəlinən nəticə onu göstərir ki, Xəzərin
səviyyəsi hələ enməkdə davam edəcək. Təbii ki, bu
da onun biomüxtəlifliyinə, bəlkə də bir
çox canlıların məhvinə gətirib
çıxaracaq.
Bununla yanaşı, dənizin geri çəkilməsi
ilə sahilboyu ərazilərdə ictimai iaşə obyektlərinin
artdığını görürük. Hətta bəzi
ərazilərdə yaşayış evləri tikilir, əhali
məskunlaşır. Amma
unutmamalıyıq ki, Xəzərin səviyyəsi müddətli
olaraq dəyişir. Yəni yenidən
qayıtması ilə həmin obyektlər su altında qala,
eyni zamanda əhaliyə külli miqdarda ziyan vura bilər.
Bu baxımdan iqlim faktorları, həmçinin
müddətlik nəzərə alınaraq zərəri
qabaqcadan hesablamaq lazımdır.
Əsmər
QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 3 avqust.- S.1; 6.