Azərbaycan və
Özbəkistan arasında Birgə Hökumətlərarası
Komissiyanın 11-ci iclası keçirilib
Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanın iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ortaq tarixi, mədəni köklərə, dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan tərəfdaşlığının gücləndiyini və regional inkişafda rolunu vurğulayıb. Nazir ticarət və investisiya əməkdaşlığının əsas istiqamətlərdən olduğunu, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ticarət dövriyyəsində artım dinamikasının müşahidə edildiyini diqqətə çatdırıb.
Tədbirdə ölkəmizin investisiya cəlbediciliyi barədə məlumat verilib, Özbəkistanla sənaye, investisiya, ticarət, energetika, nəqliyyat-tranzit, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq imkanlarının böyük olduğu qeyd edilib. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin şaxələndirilməsi barədə fikirlərini bölüşən iqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində əməkdaşlıq üçün geniş potensialı qeyd edib, Özbəkistan şirkətlərini bu ərazilərdə fəaliyyətə dəvət edib. Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan iqtisadiyyat naziri Özbəkistanla nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələri qeyd edib, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı, işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.
Tədbirdə tərəflər iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.
İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Hökumətlərarası
Komissiyanın iclası çərçivəsində İqtisadiyyat Nazirliyinin
tabeliyində Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi ilə Özbəkistan
Respublikasının Prezidenti yanında
sahibkarlıq subyektlərinin hüquq və
qanuni mənafelərinin müdafiəsi
üzrə Müvəkkil, İqtisadi
Zonalarının İnkişafı Agentliyi
ilə “Uzbekipaksanoat” Assosiasiyası, İqtisadi Zonaların İnkişafı
Agentliyi ilə “Uztekstilprom”
Assosiasiyası arasında memorandumlar
imzalanıb.
Azərbaycan.- 2022.- 3 avqust.- S.3.