Ümidsiz insanların ümid yeri

 

Rəsmi adı Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi olsa da, el arasında ora "qocalar evi" deyənlər də var, "atılmışlar evi" adlandıranlar da... Kimin necə deməsindən asılı olmayaraq, talesiz insanların cəmləşdiyi bir məkandır ora... Arzuları, xəyalları tükənmiş, ümidləri ölmüş, indi hər şeylə razılaşan, hər şeyə "amin" deyən, bir zamanlar isə daha çox diqqət tələb edən, olduqca həssas, tələbkar, heç kimlə "dil" tapıb yola getməyən, bəzən də başa düşülməyən qəribə taleli insanların cəmləşdiyi uzaq bir yaşıl ada, sonuncu dayanacaq yeri də adlandıra bilərik oranı... Nə qədər acı, qəribə olsa da, "öz sakinlər"i "sonuncu stansiya" adlandırırlar oranı...

Həbib kişi deyir ki, yaxşı başa düşürük ki, gedəcəyimiz bir ünvan, döyəcəyimiz bir qapı yoxdur. Hamıdan və hər şeydən əlimiz üzüləndən sonra dövlətimizin qapısını döydük. Var olsun dövlətimiz. Övladlarımız kimi qapını üzümüzə bağlamadı. Gələnimiz, gedənimiz yoxdur. Gözlədiyimiz ölümdür, nə zaman gələrsə, qarşılamağa hazırıq.

 

 Bilgəh ahıllar evi "dünən" və bu gün         

 

Bilgəhdəki ahıllar evini öz şəxsi vəsaiti hesabına Bakı milyonçusu Hacı Hacıağa Dadaşov açıb. Bu haqda yazıçı Qılman İlkin "Bakı və bakılılar" əsərində yazır: "Bir gün Bakı milyonçusu Hacıağa Dadaşov güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görür və ondan yağışlı havada burada nə üçün oturduğunu soruşur. Qoca evsiz olduğunu deyir. Bundan bərk təsirlənən Hacı Bilgəhdəki 12 hektar ərazisi olan bağ evini qocalar evi edir. Daha sonra Bakıda bir neçə uşaq evi də açan Hacı bu evlərin ərzaq təminatını, təhsil xərclərini də öhdəsinə götürmüşdü. Ancaq o zaman heç kim bu işlərin kim tərəfindən həyata keçirildiyini bilmirdi. Çünki Hacı öz adının çəkilməsini istəmirdi. Hacıağa Dadaşovun böyük oğlu Ağa Yusif bəy hər cümə məscidlərə gedər, imkansız ailələrə pul paylayarmış".

İlk dəfə 1991-ci ilin qış aylarında Bilgəhdəki ahıllar evində olmuşdum. O zaman buralar natəmiz, iyli, qoxulu, ölüm düşərgəsinə bənzəyirdi. Aclıqdan, ərzaq qıtlığından, baxımsızlıqdan, şəraitsizlikdən zülüm çəkən qocalardan yalnız giley-güzar eşitmişdim. Binanın soyuq divarlarından nəm su süzülürdü. İşıqlar yanmırdı... Sakinlər "bizi acından öldürməkdənsə, güllələsinlər ki, əzabla ölməyək", - deyib fəryad edirdilər. Bir sözlə, o zamandan Bilgəhdəki ahıllar evi yaddaşımda daha çox "cəza" müəssisəsi kimi qalmışdı.

 

İnsanların inamla gedə biləcəyi ünvan        

 

"Babam dövlət", "mənim dövlətim" ifadəsini daha çox türklər, türkiyəlilər işlədirlər. Vətəndaş dövləti ilə fəxr edəndə, üzərində dövlətin qayğısını görəndə, dövləti özünün canında, qanında hiss edəndə ona ürəklə "babam dövlət", "mənim dövlətim" deyə bilir. Dövləti ilə qürur duyur. Bilgəhdəki ahıl şəxslər üçün sosial xidmət müəssisəsində olarkən gördüklərimlə, Azərbaycan vətəndaşı olmağımla qürur duydum. Tanrıya şükür etdim ki, ümidsiz insanların ürəklə gedə biləcəkləri bir ünvan var. Oğulu, uşağı, qohumu, qardaşı, bir sözlə, yaxınları tərəfindən atılan, tərk edilən insanlara dövlətin sahib çıxdığını görüb təsəlli tapdım. Bir zamanlar həyətində vur-tut keçmişdən qalma 5-6 ədəd küknar və şam ağacı olan ahıllar evinin həyəti yaşıllığa bürünüb. Səliqə-sahman adamın könlünü oxşayır. Burada sakinlərin oturub söhbət etmələri, vaxtlarını keçirmələri üçün hər cür şərait yaradılıb desək, mübaliğə etmiş olmarıq. Qocalar yaşıllıqda qoyulmuş söhbətgahlarda oturub nərd, domino, şahmat oynayır, tarda, gitarada, müxtəlif musiqi alətlərində ifa edirdilər. Sözün açığı, mənə elə gəldi ki, ünvanı səhv salmışam. Ahıllar evinin səliqə-sahmanlı binası öz gözəlliyi ilə göz oxşayırdı.

                            

Özlərindən küsənlər

 

Ahıllar evinin direktoru Samirə Mehtiyeva ilə söhbət zamanı öyrənirik ki, müəssisənin 193 sakininə 68 əməkdaş xidmət göstərir. Samirə xanım bildirir ki, o, cəmi iki ildən bir az çoxdur ki, orada çalışır: "Bu müddət, əslində, sakinlərimizi tanımaq, onların xasiyyətini bilmək üçün az vaxt deyil. Buranın sakinləri çox həssas, diqqət tələb edən, incəqəlbli insanlardır. Çoxu nəinki övladlarından, yaxınlarından, hətta özlərindən küsüblər. Çalışırıq ki, onları həyatla, özləri ilə barışdıraq. Bəzən təzə gələn sakinlərimiz yeməkdən belə imtina edirlər. Biz onlara bir ailə olduğumuzu, birlikdə güclü olacağımızı inandırmağa çalışırıq. Burada çox dərdli insanlar var. Onlara dərdlərini unutdura bilməsək də, yaralarına məlhəm olmağa çalışırıq". Samirə xanım deyir ki, şükür ki, COVID-19 pandemiyası ilə əlaqədar sakinlərimizdən ölən olmadı. Dərhal Heydər Əliyev Fondunun əməkdaşları başımızın üstünü aldılar. Otaqlar, bina, vaxtaşırı dezinfeksiya olundu. Sakinlərə maskalar verildi... Müəssisədə ciddi karantin qaydaları tətbiq edildi. Müəssisəmiz dövlət qayğısı ilə tam təmin olunub, ərzaqla, digər təchizatla bağlı heç bir problemimiz yoxdur. Hətta xeyirxah insanlar əvvəllər bura qurban əti, digər ərzaq məhsulları ilə kömək edirdilər. Artıq buna da ehtiyac qalmayıb. Sakinlərimiz gündə üç dəfə yüksək səviyyədə müxtəlif təamlarla, meyvə-tərəvəzlə təmin edilir, qidalanırlar. Yeməkxanaya getmək imkanı olmayan qocalarımıza xidmət göstərilir, onlar hər gün həkim müayinəsindən keçirlər. Vaxtaşırı olaraq Kordioloji İnstitutun, Dövlət Gömrük Xəstəxanasının, Zərifə Əliyeva adına Göz İnstitutunun əməkdaşları müəssisəmizdə olub sakinlərimizi müayinə edirlər. Elə olur ki, yaşlı, xəstə sakinlərimizin müalicə almaları üçün onları xəstəxanalara yerləşdiririk, tez-tez də baş çəkib səhhətləri ilə maraqlanırıq. Kimsəsiz olmalarını unutdurmağa, xəstəxanada ölümü yox, bizi gözləmələrinə çalışırıq. Yaşlı adamlardır. 96-97 yaşlı sakinlərimiz var. Həyat əbədi deyil. Vidalaşdığımız sakinlər də var.

 

Kimsəsizlər məzarlığı

 

Samirə xanım deyir ki, əvvəllər buranın sakinlərinin dünyasını dəyişəndən sonra dəfni də ciddi bir problemə çevrilmişdi. İndi artıq o problem də öz həllini tapıb. Adının çəkilməsini istəməyən xeyirxah bir insan sakinləri dəfn etmək üçün bizə bir ərazi "bağışlayıb". İndi dünyasını dəyişən sakinlərimizi el adəti ilə rahatlıqla orada dəfn edib, qəbirüstü abidələrini də qoyuruq. Artıq biz bu insanlarla doğmalaşmışıq. Onlardan ayrılmaq bizə doğmalarımızdan ayrılmaq qədər çətin olur. Burada çox gözəl xarakterli insanlar məskunlaşıblar. Onlardan üç nəfəri dünyasını dəyişəndə mən çox sarsıldım. Göz yaşımı saxlaya bilmirdim... Onlar məni öz övladları bilirdilər. Baxmayaraq ki, onlar çox yaşlı idilər, mən onları öz doğmalarım kimi sevirdim. İnsanlar yaşlaşanda uşaqlaşırlar...

 

 Aləmə yayılan "ayrılıq" səsi          

 

Mövlanə deyir ki, məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım. Pəncərələrdən insanın içini didib-parçalayan, həzin, kövrək, iniltili bir səs gəlir. Bir nəfər "Ayrılıq" mahnısını oxuyurdu. Amma sanki oxumurdu, ruhunun son akkordlarını vururdu. Səs gələn otağa tərəf gedirəm. Bu gözəl səsin sahibi ilə tanış oluruq. Əli Cəfərov əslən Ordubad rayonunun Dəstə kəndindəndir. Son iş yerini Bakı şəhərində Radio və elektronika aparatlarının təmiri və quraşdırılması idarəsinin müdiri vəzifəsində başa vurub. Eyni zamanda Azərbaycan Neft Sənayesi və Politexnik universitetlərində saat hesabı ilə dərs deyib.

                                                                

Verdiyim dərsdən çox aldığım dərs yadımda qalıb

 

Əli müəllim deyir ki, iki övladım - bir oğlum, bir qızım var. Təəssüf ki, yoldaşım məni tərk edib haqqın rəhmətinə qovuşdu. Oğlum Mərkəzi Bankda işləyirdi. Çox savadlı mütəxəssis idi. Bacarıqlı işçi olduğu üçün tez-tez xarici ölkələrdə səfərlərdə olurdu. Bir gün Avropaya getdi və orada iş dəvəti aldı. Oğlum Avropanı seçdi. Qızım isə Türkiyədə biznes qurmaq istədi. İşi alınmadı... ziyanla qayıdıb gəldi üstümə. Övladdır, çöldə qoya bilməzdim. Evimi onlara verdim. Amma sonralar kürəkənlə bir evdə yaşaya bilməyib buranı seçdim. Dövlətim məni yaşatdı. Baxın bura, gül kimi, səliqəli, hər cür qayğı göstərirlər bizə. Təqaüdümü də alıram. Gördüyünüz kimi, burada bir otaqda bir nəfər yaşayır. Çox sakitəm. Amma yoldaşımın ayrılığına dözə bilmirəm. Kişi anadan, atadan yetim qalmır. Kişi xanımını itirəndə yetim olur. Əli kişini sözünü tamamlamağa göz yaşları imkan vermir...

Onunla vidalaşıb dəhlizə çıxıram. Kəklikotunun xoş rayihəsi adama gəl-gəl deyir. Qapını döyüb cavab gözləyirəm. İçəridən "buyurun gəlin" nidası gəlir.

Hüseyn Zeynalov əslən Gürcüstanın Marnueli rayonundandır. Ömrü boyu ürək həkimi işləyib. Üç övlad atasıdır. Həyatının böyük hissəsini Ukraynada keçirib.

- Bir gün yaxın qohumumun qızını götürüb qaçdılar. Fikirləşdim ki, mənim qızım da böyüyür. Bu iş mənim də başıma gələ bilər. Ailəmi götürüb Bakıya gəldim. Kaş ki, gəlməyəydim... Ailəmin nizamı pozuldu. Oğlanlarım nankor oldular. Qızımın üç övladı var. Hərdən yanıma da gəlirlər... Açığını deyim ki, gözüm yoldadır, hey onları axtarıram... Ayrılıq dərdi ağır olurmuş...

Ahıllar evinin söhbət etdiyim başqa bir sakini Elmira Məhərrəmova əslən Bakıdandır. 6 ildir ki, Ahıllar evində məskunlaşıb. Başı "qış tədarükünə" bərk qarışıq idi. Çiyələk mürəbbəsi bişirirdi. Elmira xanım deyir ki, "hər şey alın yazısıdır. Elə bura gəlməyim də... Ömür boyu gözəl işlərdə işləmişəm. Son iş yerim Kondisioner zavodunda anbar müdirliyi olub. Kondisioner zavodunda işləyirdim, amma evimdə kondisionerim yox idi. Vicdanla işləyirdim. Allah mənə bir oğul vermişdi, onu da mənə çox gördü. 18 yaşında başında şiş əmələ gəldi... Tez itirdim oğlumu... Qardaşımın yanında yaşayırdım. Gərək insan özünə hörmət qoysun. Özünə hörmət qoymayana hörmət etməzlər. Bir gün hiss etdim ki, yaşadığım evdə artığam. Onda dövlətimə müraciət etdim, müraciətimə baxıb məni bura göndərdilər. Baxın şəraitimə... Bura mənə əsl isti yuva oldu. Burada doğmalıq, yeni həyat, insanlıq tapdım.

Dövlətimlə fəxr edirəm. Mənim kimi kimsəsizlər düşünməsinlər ki, təkdirlər. Düşünsünlər ki, arxalarında qüdrətli Azərbaycan dövləti var... Dövlət hamımıza babalıq edə bilir...

 

 Arzular, xəyallar bitəndə...

 

Həbib Qəmbərov Şərur rayonundandır. 3 qız, 2 oğul atasıdır. 2006-cı ildən Ahıllar evində məskunlaşıb. Çox maraqlı insandır. Bizə öz həyat hekayəsini anladır:

- Qayınanam ailəmə müdaxilə edirdi. Uşaqlarımı tovlayırdı, övladlarım üzümə qayıdırdılar. Bir gün ailəmlə vidalaşıb bura gəldim. Bura gələndə ürəyim bomboş idi. Arzularım tükənmişdi. Xəyallarım bitmişdi. İnsanı yaşadan ümiddir, arzudur, xəyaldır. Mənim ürəyim isə bomboşdur. Dəfələrlə canıma qıymaq istəmişəm. Özüm qərar verməkdən qorxub, Allahın hökmünü gözləmişəm. Cismim bir quru qəfəsdir. Amma yaşayıram. Buradakı insani münasibətlər, gözəllik məni yaşadır... Burada musiqi var... hərdən rəqs edirik. Bizi müxtəlif yerlərə gəzintiyə aparırlar. Hətta bir tamaşa da səhnələşdirmişik. Türk yazarı Toyğun Urvayın pyesi əsasında "23:59" adlı bir kompozisiya hazırlamışdıq. Baş rolu mən oynayırdım. Bilirsən kompozisiyanı niyə belə adlandırmışdıq? Yəni bundan beləsi yoxdur. Biz sonuncu stansiyada dayanıb sonuncu qatarı gözləyənlərik.

Burada olan şəraitdən, gözəllikdən, sakinlərə qarşı dövlətin diqqət və qayğısından istədiyimiz qədər yaza bilərik. Bu məkanda olmayan bir şey də var. İnsanların gözündə ümid ölüb, ürəklərində arzu... Xəyalları belə yoxdur. Ürəkləri boşdur. Burada olan insanların bəzilərinin əlindən hər şeylərini onların yaxınları, övladları, doğmaları alıblar. Sevgilərini alıblar. İnamlarını oğurlayıblar. Haqq etdiklərini verməyiblər. Övladları onlara bu həyatı bəxş edən valideyinlərinə "böyüklük" etmək istəyiblər. Ata haqqını tapdalayanlar, Tanrı haqqının nə olduğunu da bilməzlər.

Əzizlərində görə bilmədikləri doğmalığı nə yaxşı ki, dövlətində tapa bildi bu insanlar.

 

 Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 3 avqust.- S.7.