“Jurnalist” qərəzi və vətəndaş
məsuliyyətsizliyi
Respublika Prokurorluğunun həyata
keçirdiyi tədbirlər planı qanunun aliliyinin müdafiəsinə
xidmət edir
Söz
və fikir azadlığının bərqərar olduğu, hər
bir vətəndaşın istənilən mətbuat
orqanına maneəsiz çıxışının təmin
edildiyi Azərbaycanda özünüifadə
azadlığının təmini istiqamətində geniş
imkanlar yaradılıb.
Hazırda
ölkəmizdə çap və internet mediası sərbəst
fəaliyyət göstərir. Bununla yanaşı, sosial
medianın da kifayət qədər auditoriyaya müraciət
etmək imkanları mövcuddur. Bu da onu təsdiqləyir ki,
ölkədə internetdən, sosial şəbəkələrdən
geniş istifadə etmək üçün heç bir məhdudiyyət
yoxdur və bunun üçün lazımi şərait
yaradılıb. İnsanlar sosial şəbəkələrdə
öz fikir və rəylərini rahat, sərbəst şəkildə
ifadə edə bilirlər.
Amma
son zamanlarda həm elektron, həm də sosial mediada yayılan
uydurma, yalan informasiyalar təəssüf doğurmaya bilməz.
Çünki özünü jurnalist adlandıran bəzilərinin
“fəaliyyəti” yalan xəbər başlıqları ilə
başlayıb, hətta dövlət sirri sayılan
informasiyanın yayılması həddinə qədər
şaxələnir. Bəzi sosial şəbəkə istifadəçiləri
isə izləyici sayını çoxaltmaqdan ötrü həm
Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən, həm
də vətəndaşlar arasında süni ajiotaj yaradan, eləcə
də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
istiqamətində görülən işlərə kölgə
salan, həqiqətə uyğun olmayan informasiyalar yaymaqda davam
edirlər.
Əlbəttə
ki, bu cür hallar ölkə ictimaiyyəti tərəfindən
haqlı narazılığa səbəb olur. Çünki həmin şəxslər
bu cür hərəkətləri ilə həm təşviş
yaradır, həm də bilərəkdən və ya bilməyərəkdən
düşmən dəyirmanına su tökürlər. Bəlkə
də, bunu məqsədli şəkildə həyata
keçirirlər. Antiazərbaycançı şəbəkələrin
də bu işdə “fəaliyyəti” ola bilər.
Ona
görə də Baş Prokurorluq qanunun tələblərinə
uyğun olaraq ilk növbədə media subyektlərinə və
sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq
edib. Prokurorluğun bununla bağlı yaydığı məlumatda
bildirilirdi ki, aparılan monitorinqlərlə bəzi media
orqanlarında informasiyanın dərc olunması zamanı
qanunvericiliyin tələblərinin, yəni faktların və
hadisələrin qərəzsiz, obyektiv təqdim olunması,
birtərəfliliyə yol verilməməsi haqqında tələblərə
riayət olunmaması müəyyənləşib. Ölkədə
ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və
azadlıqlarının pozulmasına yönələn
halların qarşısının alınması
üçün aidiyyəti şəxslər Baş
Prokurorluğa dəvət olunmaqla barələrində prokuror
təsir tədbirləri görülüb. Onlara “Prokurorluq
haqqında” qanunun 22-ci maddəsinə əsasən, gələcəkdə
bu kimi neqativ hallara yol verməmələri ilə bağlı
xəbərdarlıq edilib.
Baş
Prokurorluq media subyektlərinə və sosial şəbəkə
istifadəçilərinə müraciət edərək bir
daha bəyan edib ki, dövlət qurumları ilə hər
hansı dəqiqləşdirmə aparmadan
yoxlanılmamış məlumatların yayılması
yolverilməz olmaqla qanunvericiliklə nəzərdə
tutulmuş məsuliyyətə səbəb olur.
Təbii
ki, bir sıra sosial şəbəkə istifadəçilərinin
Baş Prokurorluğa dəvət olunaraq onlara xəbərdarlıq
edilməsi ölkə ictimaiyyəti tərəfindən
haqlı olaraq düzgün addım kimi dəyərləndirilir
və hesab edilir ki, bu cür addımlar, tədbirlər
davamlı xarakter almalıdır. Çünki bu məsələdə
bir sıra nüanslar var. Onlardan biri Vətən müharibəsindən
sonra bölgədəki hazırkı durumdur. Bəllidir ki, Vətən
müharibəsindən sonra Rusiya sülhməramlılarının
nəzarəti altında olan Azərbaycan torpaqlarından hələ
də erməni separatçıları tamamilə
çıxarılmayıb. Eyni zamanda Qarabağda, Şərqi
Zəngəzurda ordumuzun müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
istiqamətində yeni hərbi hissələr yaradılır,
qoşunların dislokasiya prosesi həyata keçirilir.
Bu məlumatları
Müdafiə Nazirliyinə istinad etmədən, yəni rəsmi
mənbədən almadan yaymaq nə dərəcədə
doğrudur?!
Baş
prokuror Kamran Əliyev bu məsələyə toxunarkən
qeyd etmişdir ki, bəzi jurnalistlər və sosial media istifadəçiləri
işin detallarını, incəliklərini bilmədən qəti
fikirlər irəli sürürlər, özlərini tam
hazırlıqlı hüquqşünas hesab edirlər.
Ona
görə də belə hallarda mütləq qanunun aliliyi əsas
götürülməlidir. Baş Prokurorluq tərəfindən
“Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən,
gələcəkdə bu kimi mənfi hallara yol verilməməsi
ilə bağlı xəbərdarlıq edilməsi
düzgün addımdır. Təbii ki, bu, təkcə “reket
jurnalistika” ilə məşğul olanlara yox, əsassız məlumatlar
yayan sosial şəbəkə istifadəçilərinə
də ilkin xəbərdarlıqdır.
Ümumiyyətlə,
Azərbaycanın informasiya məkanına mənfi təsir
göstərən bütün hallara qarşı mübarizə
aparmaq vacibdirr. Bu prosesdə iştirak edən bütün
subyektlər həm hüquqi məsuliyyətə cəlb edilməli,
həm də ictimai qınağa məruz qalmalıdırlar.
Əgər belə hallara imkan verilsə, ilk növbədə
şərəfli tarixi olan milli mətbuatımızın
nailiyyətləri gözdən düşə bilər və
ölkədə təxribat, çaşqınlıq
yaratmağa çalışan qüvvələr məkrli məqsədlərinə
çata bilərlər.
Baş
Prokurorluğun həmin şəxslərə müraciəti,
görülən tədbirlər qanunun aliliyinin müdafiəsii
kimi qiymətləndirilməlidirr.
Prezident
İlham Əliyev hər zaman qeyd edir ki, qanun hər şeydən
üstündür. Heç kim qanundankənar hərəkət
edə bilməz.
Ona
görə də belə şəxslərin hərəkətlərinin
qarşısını alan, dövlət qurumlarına,
dövlətin imicinə, müdafiə qabiliyyətinə,
insanların hüquq və azadlıqlarının pozulması
hallarına, ölkədə süni ajiotaj yaradılmasına
qarşı yönələn hərəkətlərə
qarşı Baş Prokurorluq tərəfindən “Prokurorluq
haqqında” qanunun tələblərinə uyğun olaraq
görülən tədbirlər təqdirəlayiqdir.
İnanırıq
ki, Baş Prokurorluğun bu istiqamətdə gördüyü
işlər müsbət nəticələr verəcək. Gələcəkdə
də bu cür qanunsuz hərəkətlərə və
qanunvericiliklə qadağan olunmuş fəaliyyətlərə
görə müəyyən inzibati tədbirlərin
görülməsi bunu deməyə əsas verir. Əgər
bu məsələdə ölkənin qeyri-hökumət təşkilatları,
aparıcı çap və elektron mediası Baş
Prokurorluğun həyata keçirdiyi proseslərə
yardımçı olarlarsa, mübarizə daha effektiv nəticə
verə bilər.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 4 avqust.- S.10.