“Dəmir yumruğ"un “Qisas"ı

 

"Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq".

 

 İlham ƏLİYEV,

 

16 iyun 2022-ci il.

 

IX Bakı Qlobal Forumu

 

"Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".

 

 İlham ƏLİYEV,

 

26 iyun 2022-ci il,

 

Kəlbəcər

 

 İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarmayan Ermənistan son əməliyyatdan da dərs götürməsə, əks-cavab tədbirləri daha sarsıdıcı olacaq

 

Cəmi ay yarım öncə, sözü imzası qədər keçərli olan İlham Əliyev bu qətiyyətli fikirləri ilə Ermənistan rəhbərliyinə və revanşist qüvvələrə xəbərdarlıq etmişdi. Amma nəticə çıxarmadılar. Necə ki, İkinci Qarabağ müharibəsindən öncə yaşanan proseslərdə olduğu kimi...

Qalib komandan bütün çıxışlarında Ermənistanı sülh müqaviləsini imzalamağa çağıraraq məğlub ölkənin xeyrinə olan təkliflər də səsləndirdi, onlara düşdükləri bataqlıqdan çıxış yolu da göstərdi. Lakin cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb yalvaran ölkə köhnə ampluasında qalaraq öz bildiyini eləməkdə davam etdi. Bu azmış kimi Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri nəinki ərazilərimizdən çıxarıldı, hələ üstəlik, təxribatlar da törətməkdən çəkinmədi.

Düzdür, müzəffər Azərbaycan Ordusunun əsgəri istənilən təxribata layiqli cavab verib düşməni yaxşıca susdururdu. Amma avqustun 3-də baş verən növbəti təxribatın qalib ordunun gənc əsgərinin şəhid olması ilə nəticələnməsi, əlbəttə ki, "dəmir yumruğ"un işə düşməsinə rəvac verdi. 

Vətən müharibəsi zamanı Ermənistan rəhbərliyi də, əhalisi də, Azərbaycan hərbçisinin gücü-qüdrəti ilə yanaşı, hər bir əsgərin necə yüksək vətənpərvər ruhda olmasına da şahidlik etdilər. Hər kəs gördü ki, müzəffər ordunun hərbçisi nə şəhid qardaşının nəşini, nə də yaralı yoldaşını döyüş meydanında qoyub geri çəkilir. İstənilən itkinin əvəzini, qisasını almayınca silahı susmur, dayanmır. Şəhidlik zirvəsinə ucalan igid əsgərimiz Anar Kazımovun da qisasının elə həmin gün alınması bunu bir daha təsdiqlədi.

Vətən müharibəsində şərəfini, namusunu, döyüş bayrağını, silahını atıb qaçan erməni əsgəri hətta Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqeləri qurmağa da cəhd göstərib.

Amma "niyyətləri" yenə də öz başlarında çatlayıb.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyikod adı "Qisas" olan cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürülüb. Hazırda ordumuz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Uğurlu "Qisas" əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatı məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, rəsmi Bakı dəfələrlə üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğunun təhlükə mənbəyi olaraq qaldığını bildirib. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə həyata keçirilməlidir.

Nazirlik bəyan edib ki, bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks-cavab tədbirləri daha ağır və sarsıdıcı olacaq.

Hadisələrin gedişatı göstərir ki, Ermənistan 10 noyabr Bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Fakt budur ki, Azərbaycan qalib ölkə kimi öhdəliklərini yerinə yetirir. Bunu Laçın dəhlizində hərəkətin təmini və Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirilən layihələr də bir daha təsdiqləyir. Amma məğlub ölkə kimi Ermənistan cəmi 40 kilometrlik yolun tikintisini belə həyata keçirə bilmirya qəsdən yubadır, hələ üstəlik də "status" iddialarından əl çəkmək istəmir.

Lakin qalib komandan kimi İlham Əliyev revanşistlərə, Ermənistan rəhbərliyinə xəbərdarlıq edərək bildirir ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialarından əl çəkməmək yalnız onların özlərinə ziyan vuracaq. Elə "Qisas" əməliyyatını da bunun başlanğıcı hesab etmək olar. Əgər təxribatlar davam edəcəksə, Ermənistan daha sarsıdıcı zərbə alacaq.

Ona görə də İlham Əliyevin "Heç kim Azərbaycanın qabağında dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir" qətiyyətli fikirlərindən Ermənistan rəhbərliyi və revanşistlər dərs çıxarmalıdırlar. Çünki istənilən qarşıdurma rəsmi İrəvan üçün ağır olacaq.

Qalib sərkərdənin söylədiyi kimi, Ermənistan tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu tərəfindən artıq yazılıb.

 

 Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 5 avqust.- S.1; 7.