Yeni qanun investorların ölkəmizə marağını daha da artıracaq

 

Azərbaycan iqtisadiyyatı öz sürətli inkişafı ilə seçilir. Bir çox ölkələrin iqtisadiyyatı koronavirus pandemiyasından sonra özünə gələ bilmədiyi halda, Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir. Təkcə cari ilin birinci yarısının nəticələrinə görə, ölkə iqtisadiyyatında 6,2 faiz yüksəliş qeydə alınıb.

İqtisadi artım bütün sahələrdə müşahidə edilib ki, bu da ölkənin hərtərəfli inkişafına hədəflənən islahatların  sayəsində  mümkün olub. İlin 6 ayında qeyri-neft iqtisadiyyatında 9,6, ümumi sənaye istehsalında 2,1, qeyri-neft sənayesində 11,5 faiz artım qeydə alınıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsi 70 faiz, ixracı isə 2 dəfədən çox artıb. O cümlədən qeyri-neft ixracında 25 faizlik artım müşahidə olunub.

İqtisadiyyatın inkişafını təmin edən əsas faktorlardan biri də investisiya qoyuluşunun davamlı olmasıdır. Azərbaycanda indiyədək mükəmməl qanunvericilik bazası mövcud olub və bu üzdən ölkə iqtisadiyyatına xarici investisiyanın  qoyuluşu mütəmadi xarakter daşıyıb. Ancaq məlumdur ki, hər bir qanun zamanın tələbinə görə yenilənməlidir. Prezident İlham Əliyev bununla bağlı iyulun 15-də cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə demişdir: "Burada qeyd olunan məsələ də hesab edirəm, çox düzgün qoyulub. Dövlət-özəl sektor tərəfdaşlığı üçün əgər qanunvericilikdə əlavələr edilməlidirsə, biz bunu da mütləq etməliyik. Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz".

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 22-də "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiq etmişdir. Məlumdur ki, dünyadakı siyasi qarşıdurmalar beynəlxalq iqtisadi münasibətlərdə qeyri-müəyyənlik yaradıb. Belə vəziyyətdən ən çox narahat olanlar sərmayədarlardır. Çünki siyasi sabitlik yoxdursa, iqtisadiyyatda müəyyən risklərin yaranacağı labüddür. Bu sərmayədarların gözləmə mövqeyi tutmalarının səbəbi də budur.  Dövlət başçısı tərəfindən imzalanan sözügedən qanun isə xarici investorlara risklərdən sığortalanmaq üçün tam zəmanət verir. Üstəlik, yeni qanunla yerli və xarici investorların bərabər hüquqları tanınır, onların qoyduqları sərmayənin qorunması ilə yanaşı, gəlirliliyinə də təminat verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun "İnvestisiya fəaliyyəti haqqında" qanununun qəbulunun əhəmiyyətini bildirərək demişdir: "Qanun xarici investisiyaların cəlb edilməsi, ümumilikdə investisiya üçün əlverişli mühitin formalaşdırılmasına dəstək xarakteri daşıyır. Mövcud çağırışlar kontekstindən xarici investisiyaların Azərbaycana cəlbi xüsusilə böyük əhəmiyyət kəsb edir. Qanun da bu baxımdan xarici investisiyaların birbaşa təşviqini nəzərdə tutur. Əvvəlki qanunvericiliklə əsas fərqi ondan ibarətdir ki, yeni qanun birmənalı şəkildə yerli və xarici investorların hüquqlarının sistemli və aydın formada qorunmasını ehtiva edir. Sənəddə investorların mülkiyyət hüquqlarının qorunması xüsusi bənd olaraq əksini tapıb ki, bu da diqqəti cəlb edir".

Milli Məclisin deputatı həmçinin vurğulamışdır ki, ölkədə investorların hüquqlarının tam qorunması üçün hüquqi bazanın formalaşdırılması son dərəcə vacibdir və bu, investisiyaların cəlbi üçün əsas şərtdir. Bizim hazırda bölgələrdə investisiya ehtiyaclarımız daha kəskindir. Bu baxımdan, yeni qanun kəskin ehtiyac duyulan regionlara, iqtisadiyyat sahələrinə sərmayənin cəlbini təşviq edəcək".

 

 Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.- 5 avqust.- S.1; 10.