"Omikron"la
meymunçiçəyi yanaşı irəliləyir
Buna baxmayaraq, Azərbaycanda
epidemioloji vəziyyət sabitdir
Hazırda
iki pandemiya ilə üz-üzəyik. Hər iki infeksiya yayılmaqda, insanları
normal sosial həyatdan
uzaqlaşdırmaqda davam
edir. COVID-19-a qarşı vaksinasiya prosesi uğurla həyata keçirilən,
əhalisinin əksəriyyəti
"buster" doza peyvənd
vurduran ölkələrdə
epidemioloji vəziyyət
stabil olsa da, infeksiyaya yoluxma saylarında əvvəlki aylara nisbətən artım müşahidə edilir.
Xəstəliyə yoluxanların sayının
artması isə bəzi ölkələrdə
karantin rejiminin sərtləşdirilməsinə, müəyyən qapanmalara
səbəb olub. Səhiyyə təşkilatları insanları
təmasları minumuma
endirməyə, qapalı
yerlərdə maska taxmağa, vaksinasiya prosesində aktiv iştiraka çağırır.
Hələ də xəstəliklə
mübarizədə ən
effektiv yol vaksinasiya hesab olunur.
Azərbaycanda peyvəndləmə yüksək
səviyyədə olduğundan
epidemioloji vəziyyət
sabitdir. Səhiyyə qurumları tərəfindən
vəziyyət nəzarət
altındadır və
daim mövcud durum izlənilir, təhlil edilir. Mütəxəssislər hesab edirlər
ki, artıq koronavirusun növbəti dalğası başlayıb.
Son həftələrdə yoluxma sayının kəskin artımını
virusun daha yoluxucu növü olan yeni variantları
ilə əlaqələndirirlər.
Bununla yanaşı,
"Omikron" mutasiyalarının
yoluxuculuğu yüksək
olsa da, öldürücülük qabiliyyətinin
təxminən 0,35 faiz təşkil etdiyi bildirilir. Qeyd olunur ki, peyvəndləmənin
aktiv şəkildə
aparıldığı dövlətlərdə
bu rəqəm daha aşağıdır.
Hazırkı vəziyyətdə epidemioloqlar
qaydaların yumşaldılmasını
məqsədəuyğun hesab
etmirlər. Düşünürlər
ki, bu hal
yeni ştamların daha sürətlə yayılmasına səbəb
ola bilər.
Son həftələrdə virusa
yoluxma sayları artsa da, xəstəlikdən
ölüm və
ağırlaşma halları
demək olar ki, aşağı səviyyədədir.
Bunu da koronavirus əleyhinə vurulan peyvəndlərin insanlarda virusa qarşı immunitet yaratması ilə əsaslandırırlar. Simptomlara gəlincə
isə, həkimlər
virusun klinik əlamətlərinin dəyişmədiyini
deyirlər.
Qızdırma, zəiflik,
baş və əzələ ağrıları, ishal
əsas əlamətlər
hesab olunur.
Bəzi şəhərlər meymunçiçəyi ilə
bağlı fövqəladə
vəziyyət elan edib
Təbii ki, koronavirusla yanaşı, dövlətlərin
səhiyyə sistemləri
meymunçiçəyinə qarşı mübarizə
və qabaqlayıcı
tədbirləri də
həyata keçirirlər. Artıq dünyanın
80-ə yaxın ölkəsində
18 mindən çox şəxsdə virusa yoluxma faktı qeydə alınıb.
Hətta
bəzi şəhərlərdə
meymunçiçəyi ilə
əlaqədar fövqəladə
vəziyyət elan olunub.
Xəstəliyin geniş yayıldığı
Avropa regionunda meymunçiçəyindən ölüm faktı da təsdiqlənib. Ölüm halının
qeydə alındığı
İspaniyada indiyədək
meymunçiçəyi infeksiyasına
4 mindən çox şəxs yoluxub. İspaniya ABŞ-dan sonra dünyada meymunçiçəyinə
ən çox yoluxma hallarının qeydə alındığı
ikinci ölkədir. Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) meymunçiçəyinə yoluxmuş insanla əlaqə yaradanlara, həmçinin yoluxma riski yüksək olanlara - tibb işçiləri, tibbi laboratoriyaların əməkdaşlarına
məqsədli vaksinasiyadan
keçməyi tövsiyə
edir. ÜST-ün baş direktoru Tedros Gebreyesus meymunçiçəyinə
qarşı vaksinlərin
effektivliyi barədə,
həmçinin neçə
doza lazım gələ biləcəyi
barədə hələlik
kifayət qədər
məlumat olmadığını
deyib. Ona görə də
vaksinlərdən istifadə
edən bütün ölkələri bununla bağlı məlumatları
mübadilə etməyə
çağırıb.
O bildirib ki, ÜST mütəxəssisləri tədqiqat
bazası yaradılması
üzərində işləyirlər.
Ölkələr bu və ya digər vaksinin
nə dərəcədə
effektiv olmasını
öyrənmək üçün
həmin bazadan istifadə edə biləcəklər.
Azərbaycanda meymunçiçəyi ilə bağlı vəziyyət nəzarətdədir
Azərbaycana qonşu ölkələrdə
də meymunçiçəyinə
yoluxma halları var. Türkiyədə virusa
yoluxanların sayı
artıq 5 nəfərə
çatıb.
Bu virusun simptomları dəridə
səpkilərin əmələ
gəlməsi və temperaturun yüksəlməsi
ilə müşahidə
olunur. Həkimlər bildirirlər ki,
dəridə səpkilər
bədən hərarətinin
yüksəlməsindən 1-3 gün sonra başlayır. Səpkilərin 95 faizi, əsasən, üzdə, 75 faizi isə əlin içi və ayaqların altında yarana bilir. Bundan başqa, ağızın
selikli qişasında,
cinsiyyət üzvlərində,
eləcə də gözün buynuz qişasında səpgilər
əmələ gəlir.
Virusun inkubasiya dövrü 6-13 gün, bəzən 21 günə qədər ola bilər.
İnfeksiyadan qorunmağın yolu
qapalı məkanlarda
tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etməkdir.
Həmçinin ictimai yerlərdə
dezinfeksiyaedici məhlullardan
istifadə tövsiyə
olunur.
Azərbaycanda hələ ki, meymunçiçəyinə yoluxma
faktı qeydə alınmayıb. Proses ölkəmizin səhiyyə
qurumları tərəfindən
diqqətlə izlənilir
və epidemioloji vəziyyət nəzarət
altındadır. Virusun diaqnostikası
üçün lazımi
testlər respublikamıza
gətirilib. Şübhəli hallar qeydə alınan təqdirdə, Xüsusi Təhlükəli
İnfeksiyalara Nəzarət
Mərkəzində xəstəlik
hadisələrinin PZR üsulu
ilə laborator diaqnostikası həyata keçirilir.
Əhalinin iki pandemiya ilə
mübarizədə diqqət
etməli olduğu məqamlar isə sadə üsullara - maska taxmaq, sosial
məsafə gözləmək
və sanitar-gigiyena qaydalarına riayət etməkdir.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 5
avqust.- S.1; 11.