XİN: Ermənistan XİN-in Azərbaycan
tərəfini əsassız şəkildə ittiham edən bəyanatını
qətiyyətlə rədd edirik
Ermənistan
XİN-in Azərbaycanı üçtərəfli bəyanatı
pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey
deyildir. Xatırladırıq ki, Ermənistan tərəfindən
üç ölkə liderlərinin imzaladığı 10
noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının
yerinə yetirilmədiyi, xüsusilə də erməni
silahlı dəstələrinin hələ də Azərbaycan
ərazilərindən çıxarılmadığı dəfələrlə
tərəfimizdən bəyan edilib. Üçtərəfli bəyanatın
4-cü maddəsinə əsasən “Rusiya
Federasiyasının sülhməramlı kontingenti erməni
silahlı qüvvələrinin çıxarılması ilə
paralel şəkildə yerləşdirilir”.
AZƏRTAC
xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər
Nazirliyinin yaydığı məlumatda yer alıb.
Məlumatda
bildirilir ki, qeyri-qanuni erməni silahlı qüvvələrinin
Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan
tərəfində olan çoxsaylı dəlillərə əlavə
olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də
etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin
Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29
iyun tarixində hərbi xidmətə
çağırılan vətəndaşların valideynləri
ilə görüşdə “Qarabağ bölgəsində
erməni müddətli hərbi xidmətçilərinin
müddətdən artıq həqiqi hərbi xidmət
qulluqçuları ilə əvəzlənəcəyinə”
dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il
tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin
bölmələrinin Qarabağdan
çıxarılmasının bu ilin sentyabr ayında
başa çatacaq” söyləməsi Ermənistanın
üzərinə götürdüyü öhdəliklərə
zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini
qonşu dövlətin ərazisində qeyri-qanuni
saxladığını bariz şəkildə göstərir.
Vurğulanıb
ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni
erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində
mövcudluğu və təxribatlara əl atmasıdır.
Avqustun 3-də Azərbaycan əsgərinin şəhid
olması ilə nəticələnən qanlı insident də
məhz Ermənistanın öhdəliklərinin yerinə
yetirməməsinin nəticəsidir.
Üçtərəfli
bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı
müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan
XİN-in diqqətinə çatdırırıq ki,
Laçın dəhlizi üzrə yeni yolun inşası
razılaşdırılmış marşrut üzrə
artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi
bu yol ilə bağlı kifayət qədər məlumatlıdır.
Əgər
Ermənistan tərəfi üçtərəfli bəyanatın
digər müddəaları kimi bu öhdəliyin də həyata
keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək
məqsədini güdürsə, bu bir daha Ermənistanın
qeyri-konstruktiv və üçtərəfli bəyanatların
və digər razılaşmaların icrasına münasibətdə
pozucu fəaliyyətinin bariz nümunəsidir.
Bölgədə
sülh və sabitliyin təmin olunması, habelə
münaqişə sonrası normallaşma üçün
üçtərəfli bəyanatların tam icrası
vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə
götürdüyü öhdəlikləri tam yerinə
yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə
əməl etməsini qətiyyətlə tələb edir.
Azərbaycanı
“aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan
XİN-ə xatırladırıq ki, hərbi birləşmələri
30 ilə yaxın qonşu dövlətin ərazilərinin
işğalını həyata keçirən, işğal
siyasətinə son verildikdən sonra hələ də qanunsuz
silahlı dəstələrini Azərbaycan ərazilərindən
çıxarmayan məhz Ermənistandır. Azərbaycan isə
öz ərazilərinin təhlükəsizliyini və
bütövlüyünü qanuni əsaslarla təmin edir.
Azərbaycan.- 2022.- 5 avqust.- S.6.