Mükafatımız
azad olunan torpaqlardır
Firudin Bakıda doğulub boya-başa çatıb. Səbail rayon
7 saylı orta məktəbi bitirib. Ali təhsilini
Rusiya Federasiyasının Volqoqrad şəhərində,
Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasında alıb.
Amma bir gün də olsun polis orqanlarında
işləməyib. "Polis orqanlarında işləmək
üçün gərək insanda polis xarakteri ola... Məndə isə o xarakter
yox idi", - deyir. Bir qədər "Kapital Bank"da
hüquqşunas olaraq çalışan Firudin sonralar Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə
Fondunun Hüquq Departamentində hüquqşünas kimi işə
götürülüb. Hazırda fondun
departament direktorunun müavinidir.
Firudin deyir ki, "Gözümü açandan evimizdə
Qərbi Azərbaycan, Zəngəzur, Qarabağ haqqında
söhbətlər eşidir, ermənilərin
xalqımızın başına gətirdiyi qorxulu
nağıllara qulaq asırdım. Məktəbdə də
müəllimlərimiz bizə Xocalı soyqırımı
zamanı soydaşlarımızın başına gətirilən
faciədən danışırdılar. O torpaqları
heç vaxt görməsəm də o torpaqların həsrəti
ilə yaşayırdım. İçimdə
bir arzu var idi. Kaş bir gün yenə o
torpaqlara qayıda biləydik. İndi o
torpaqları qaytaranlardan, o torpaqlar uğrunda vuruşanlardan
biri olmağın qürurunu yaşamaq mənim
üçün çox fərəhlidir. Artıq ermənilərin viran qoyub
xarabazarlığa çevirdikləri o torpaqlara
qayıdış başlayıb. Oralarda həyat
yenidən bərpa olunur. Doğma
yurdlarımızın geri qaytarılmasında mənim də
cüzi payım olduğu üçün çox sevinirəm.
Amma mən özümü qəhrəman
saymıram. Qəhrəmanlar o torpaqlarımız
uğrunda döyüşüb şəhid olan
oğullarımızdır. Şəhid
olacağını bilə-bilə ölümün
üstünə gedən igidlərimiz var idi. Qəhrəman onlardır".
Firudin
Quliyev 2006-ci ildə hərbi xidmətdə olub... Həqiqi hərbi xidmətdə olarkən zabit
hazırlığı kursunu bitirib, leytenant rütbəsində
ordu sıralarından tərxis olunub. "Əsgərliyimi
başa vuranda zabit kurslarına yazıldım. Torpaqlarımızı işğaldan azad edəcəyimiz
günün gələcəyinə çox inanırdım.
O zaman fikirləşirdim ki, müharibə olarsa, bəlkə
də məni sıravi əsgər kimi döyüşə cəlb
etməzlər. Amma ehtiyatda olan zabit olaramsa, səfərbərliyə
alına bilərəm. Çox
şükür ki, fikirlərimdə yanılmadım. 2020-ci il sentyabrın 21-də ehtiyatda olan zabit kimi təlimlərə
cəlb olundum".
2020-ci
ilin yayında ermənilərin Tovuz rayonuna hücumu, general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin
və digər hərbçilərimizin şəhid olma xəbəri
gənclərimizi qəzəbləndirmişdi. Onlar
ermənilərin qudurğanlığına etiraz olaraq
küçələrə çıxıb "ya
Qarabağ, ya ölüm " hayqırırdılar. Ertəsi günü gənclərimiz Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti İdarəsinə üz
tutaraq könüllü döyüşmək
üçün növbəyə
düzülmüşdülər. Könüllülər
arasında Firudin Quliyev də var idi. O zaman Firudinin
böyük qızı Gülşənin 2 yaşı,
kiçik qızı Gülgün isə 4 aylıq idi. "Müharibə qandır, qadadır.
Ölümdür, ayrılıqdır... Bu yolun
gedişi olub dönüşü olmadığını
gözəl bilirdim. Amma yaxamı kənara
çəkə bilməzdim. Söhbət
Vətənindən gedirsə, onun təhlükəsizliyindən
gedirsə, "mənə nə" deyib keçə bilməzdim.
Fikirləşirdim ki, ermənilərin bu
azğınlığı durdurulmasa, Xocalıda
uşaqların başına gətirilənlər bir gün mənim
övladlarımın da başına gələ bilər.
Hər şeyi gözə alıb, müharibəyə
getməyə qərar verdim". 27
sentyabrda Füzuli rayonunun düşməndən azad edilməsi
uğrunda "N" saylı hərbi hissənin qərargah
bölüyünün əlahiddə zenit-raket
taqımının komandiri kimi döyüşə qoşulan
leytenant Firudin Quliyev şərəfli bir döyüş yolu
keçib.
-
Sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə
orduda həyəcan siqnalı verildi. Düşmən
qüvvələri torpaqlarımıza yenidən basqın
etmişdilər. Məqsədləri yeni
torpaqlar ələ keçirmək idi. Amma
bu dəfə daş qayaya rast gəldi. Komandiri
olduğum taborun əsas vəzifəsi əks-hücum əməliyyatını
həyata keçirən XTQ-nin havadan təhlükəsizliyini
təmin etmək idi... Ermənilər əks-hücum
edən bölmələrimizin yerini müşahidə edib
onlara havadan zərbələr endirirdilər. Bizim vəzifəmiz isə raket, hava zərbələrinin
qarşısını almaq idi. Müharibənin
öz qanunları var. Hər şey vəziyyətə və
şəraitə görə dəyişir. Müharibənin ilk günündən mənə
döyüşə girən tanklarımızın təminatını
həyata keçirmək əmr olundu. Bu çox
ağır iş idi. Deməli, döyüş gedə-gedə
tanklarımızı döyüş sursatı və yanacaqla
təmin edirdik...
Ermənilər illər idi ki, o yerlərdə məskən
salmışdılar. İstehkamlar qurmuşdular. İddia etdikləri kimi keçilməz "Ohanyan səd"ləri,
nəhəng beton bunkerləri, istehkamları var idi. Azərbaycan Ordusunun da dəmir intizamı, iradə,
yüksək döyüş əzmi, bir də qisas hissi var
idi. Açığını deyəcəm,
döyüşün taleyini bizim XTQ-lər həll edirdi.
Onlarda psixoloji və fiziki hazırlıq, peşəkarlıq,
özünə inam, dözümlülük və ən
başlıcası əxlaq tamam fərqli idi. Hər şeyi hamıdan yaxşı bilsələr
də, hamıdan yaxşı döyüşsələr də,
heç vaxtı "mən, mən" deməzdilər.
Bəzən elə döyüşlər olurdu
ki, döyüşə girən qrup orada bir nəfərin də
sağ qalma ehtimalının olmadığını bilsə
belə, tərəddüd etmədən önə
atılıb əmri yerinə yetirirdilər. Bir zabit, bir döyüşçü kimi deyirəm,
Vətən müharibəsinin əsl qəhrəmanları
onlardır. Bircə fakt deyəcəyəm.
Ermənilərin məşhur "Ohanyan səddi"ni bizim
"Əfsanəvi tabor"un əsgərləri
Xüsusi Təyinatlıların qüvvələri yarıb
keçmişdilər. Tikanlı məftillərin
ucunda ət parçaları, əsgərlərimizin dəriləri,
paltarları, qan ləkələri qalmışdı. İrəliləmişdilər. Keçilməz
deyilən "Ohanyan səddi"ni
yarıb keçmişdilər. Düşməni
məhv etmişdilər.
Firudin danışdıqca fərəhdən ürəyi
sinəsinə sığmırdı. Qəhrəman
oğullarımızın göstərdiyi igidliklərdən
ürəklə, fərəhlə danışırdı.
Özü haqqında bir kəlmə də olsun demirdi. Biz etdik,
biz getdik deyirdi. Firudinin komandiri olduğu
tabor sonradan Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə
verilib, ən ağır, şərəfli əməliyyatlarda
iştirak edib.
Şuşaya
gedən Zəfər yolunu nəzarətə
götürdük
O, Xocavənd
rayonunun ərazisində yerləşən Xırmancıq zirvəsinin
alınmasında da fəal iştirak edib. Firudin
deyir ki, Xırmancıq Xocavənd rayonunda yüksək dağ
zirvəsidir. Ordumuzun Şuşa
istiqamətinə hərəkət etməsi üçün
Qırmızıbazar istiqamətindən irəliləməliydik.
Qırmızıbazar ermənilərin əlində
idi. Xırmancığı götürməklə
həm Xocavəndə, həm də Qırmızıbazara nəzarət
edə bilərdik. Bu zirvədən
Füzuli şəhərinə cəmi 30 kilometrlik bir məsafə
var idi. Buradan Füzuli şəhərinin
dağıdılıb viran qoyulmuş evləri ovuc içi kimi
görünürdü. Eyni zamanda
Xırmancığı götürməklə ordumuzun
Şuşaya gedən zəfər yoluna nəzarəti də ələ
keçirmiş, ordumuzun Şuşa istiqamətinə
yolunu açmış olurduq. Ondan sonra
keçilməz dağ yolları ilə hərbçilərimiz
çətin də olsa, Şuşaya doğru irəliləyə
biləcəkdilər. "Oktyabrın 11-də
gecə Xırmancığı almaq üçün
döyüş əməliyyatına başlamaq əmrini
aldıq. Erməni kəşfiyyatı
hücum edəcəyimizi bilirdi. Ona görə
də onlar da bu döyüşə ciddi
hazırlaşmışdılar. Çox
ağır döyüşlərimiz oldu. Ermənilər
bu döyüşdə qadağan olunmuş kaset mərmilərdən
istifadə edirdilər. Mərmi məndən
bir qədər aralı düşsə də, zərbə
dalğası məni vurdu".
İgid döyüşçü Firudin Quliyev
Xırmancıq uğrunda gedən döyüşlərdə
xəsarət alsa da, döyüşləri davam etdirib. Firudin deyir ki,
Xırmancıq zirvəsi uğrunda gedən döyüşlərdə
erməniləri ağır məğlubiyyətə
uğradıb, zirvəni ələ keçirib orada mövqelərimizi
möhkəmlətdik. Bu döyüş
44 günlük Vətən müharibəsinin tarixində
çox mühüm əhəmiyyəti olan bir
döyüş oldu. Xırmancığı
götürməklə Zəfər yoluna nəzarəti də
ələ keçirdik. Eyni zamanda Xocavənd,
Füzuli yolunu da bağladıq.
Xocavəndin təbii gözəlliyi, havası, suyu o qədər
gözəldir ki, onu sözlə ifadə edə bilmərəm. O yerlərin gözəlliyi
də bizə döyüş ruhu verirdi. Sanki torpaq dil
açıb bizi döyüşə çağırır,
"məni azad et", deyirdi. Torpağın səsini eşidirdik.
Erməni
döyüşçüləri qadın paltarında
qaçırdılar
Azərbaycan 44 günlük Vətən müharibəsində
həm də dünyaya müharibə mədəniyyətini,
müharibə əxlaqını göstərdi. Əsgərlərimiz
bir uşağa qıymadı, aman diləyən bir kimsəni
öldürmədi. Dinc əhalinin çıxması
üçün humanitar dəhliz verdi. Yaşayış məntəqələrini hədəf
seçmədi. Firudin Quliyev deyir ki, biz
"Fəryad" filmindən dərs almış nəslin
nümayəndələriyik. Hadrutu azad edəndə
mənə elə gəlirdi ki, "Fəryad" filminə
tamaşa edirəm, o filmin qəhrəmanlarıyıq. Ermənilərdən fərqli olaraq, mülki əhalinin
çıxması üçün şərait
yaradırdıq. Onlara dəymirdik.
Onu da bilirdik ki, mülki əhalinin içində qadın
paltarı geyinib qaçan erməni
döyüşçüləri də az
deyil.
Firudin
söhbət zamanı bildirdi ki, döyüşün taleyini
psixoloji durum, ruh və nizam-intizam həll edir: "Ordumuzda da
bu üç amil çox yüksək səviyyədə
idi. Orada televizora baxmaq imkanımız yox idi.
Arxadan gələnlər telefonlarında bizə
Ali Baş Komandanın televiziya
çıxışlarını gətirirdilər. O
çıxışlar bizə ruh verirdi. Ən
çox narahat olduğumuz müharibənin
yarımçıq dayandırılması xəbərini
eşitmək idi. Bilirdik ki, dövlətimizə
güclü xarici təsirlər var. Amma Müzəffər Ali
Baş Komandanın çıxışlarını eşidəndə
sona qədər gedəcəyimizə, qələbə
çalacağımıza inanırdıq. O inam
aparırdı bizi qələbəyə...
Vətən
müharibəsində göstərdiyi xidmətlərə
görə, Firudin Quliyev "Xocavəndin azad olunmasına
görə", "Hərbi xidmətdə fərqlənməyə
görə" və "Vətən müharibəsi
iştirakçısı" medalları ilə təltif
olunub. "Biz müharibəyə ad-san, orden,
medal, xüsusi imtiyaz üçün getməmişdik. Torpaqların azad olunması bizim ən böyük
mükafatımızdır. Bu gün dövlətimizin
şəhid ailələrinə, qazilərə olan qayğını
görəndə çox sevinirəm. Onlara
göstərilən qayğını özümüzə
diqqət kimi qəbul edirəm. Vətənə,
anaya qulluq təmənnasız olmalıdır. Biz
döyüşçülər nə etdiksə, vətənə
xatir etdik, - dedi Firudin Quliyev.
Elşən
QƏNİYEV
Azərbaycan.- 2022.- 5 avqust.- S.9.