Unudulmayan dostluq

 

Salyan rayonu 44 günlük Vətən müharibəsində 60 şəhid verib. Onların hər birinin xatirəsi əziz tutulur. Adlarının əbədiləşdirilməsi üçün şəhərdə, rayonun qəsəbə və kəndlərində abidələri ucaldılmış, xatirələrinə bulaqlar tikilmiş, adlarına məktəblər, küçələr verilmişdir.

Bunlarla bərabər, Salyan şəhərinin müxtəlif ünvanlarında şəhidlərin şəkilləri böyüdülərək xüsusi lövhələrdə yerləşdirilmişdir. Belə ünvanlardan biri X.R.Ulutürk küçəsi 31-dir. Bura şəhərin ən gur yeridir. Hər gün minlərlə adam bu ünvandan keçib gedir. Hər biri də lövhə önündə dayanıb şəhidlərin xatirəsini yad edir, ruhlarına dualar oxuyur. Sözügedən ünvanda yaradılan xatirə lövhəsinin təşəbbüskarı Ceyhun Manafovdur. Onun yeri də elə burada yerləşən kommersiya şəbəkəsindədir.

Ceyhunla söhbət edirik. Lövhədə şəkli yerləşdirilən hər bir şəhidin haqqında məlumat verir. Şəkli başda qoyulmuş Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov haqqında isə həyəcansız danışa bilmir: "Orta məktəbdə oxuyarkən boks məşqlərinə gedirdim. Sübhanla da elə orada tanış olmuşduq, - deyə söhbətinə davam edir, - ucaboylu, cüssəli oğlan idi. Fəndləri yaxşı öyrəndiyi və qolu güclü olduğu üçün hamımızı "döyürdü". Rayon mərkəzindən 7-8 kilometr aralıda yerləşən Marışlı kəndindən gəlirdi. Buna baxmayaraq, heç vaxt məşqlərə gecikməzdi.

Rayon üzrə keçirilən boks yarışlarında həmişə birinci yeri tutar, fəxri fərmanlar, diplomlar, hədiyyələr alardı. Orta məktəbi bitirib hərəmiz bir işin dalınca getdik. Mən indiki İqtisad Universitetinə qəbul olundum. Sübhan isə bir ildən sonra əsgərliyə getdi. Artıq o vaxt mobil telefonlar çıxmışdı. Bir-birimizlə əlaqə saxlayırdıq. Hərbi xidmətdə olarkən hərbi işi özünə peşə seçəcəyini, həyatını birdəfəlik Vətənə xidmətə həsr edəcəyini, erməniləri torpaqlarımızdan qovub çıxaracağını bildirirdi".

Sübhan Cəbrayılov 1983-cü il oktyabr ayının 23-də Salyan rayonunun Marışlı kəndində kolxozçu ailəsində dünyaya göz açıb. 2001-ci ildə Salyan Hərbi Komissarlığından əsgərliyə yola düşüb. "N" saylı hərbi hissədə xidmət edərkən nümunəvi əsgər kimi komandirləri tərəfindən verilən hər bir tapşırığı vaxtında və keyfiyyətlə yerinə yetirib. Bu vərdişləri özündə tərbiyə etməklə yanaşı, idmanı da yaddan çıxarmır. Xüsusi Təyinatlı Qoşun hissəsində xidmətin tələblərinə cavab vermək üçün çalışır və bu məqsədlə müvafiq kurslara yazılır. Kiçik gizir rütbəsi alır. Əsgəri xidmətini başa vuraraq, verdiyi qərarın üstündə dayanır: Xüsusi Təyinatlı Qoşun alayında xidməti fəaliyyətə başlayır. Çox çəkmir, kiçik gizir S. Cəbrayılova gizirbaş gizir hərbi rütbəsi verilir. Xüsusi Təyinatlıların kəşfiyyatçısı kimi üzərində məsuliyyətlə çalışır. Rus və erməni dillərini öyrənir.

18 illik hərbçi ömrü yaşayan S.Cəbrayılov həm komandirləri, həm də tabeliyində olan əsgərlər arasında böyük hörmət qazanır.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında cəbhənin Tərtər-Cəbrayıl-Füzuli istiqamətlərində qızğın döyüşlər başlayır. Hərb tariximizə qəhrəmanlıq salnaməsi kimi düşən bu döyüş 44 günlük Vətən müharibəsindəki qələbəmizin ilk sınağı idi. Həmin döyüşlərdə S.Cəbrayılov da yüksək şücaəti ilə fərqlənir. Aprel döyüşlərindən sonra igidlik göstərən zabit və əsgərlərimizlə görüşən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev böyük çavuş S.Cəbrayılova hədiyyə olaraq qol saatı bağışlayır.

S.Cəbrayılov hər sahədə nümunəvi olub. Vətən eşqiylə yanan gənc, sevməyi, sevgiyə qiymət verməyi, onu həmişə qorumağı bacarıb. Hələ orta məktəbdə oxuyarkən qonşularına Salyan şəhərindən Sevda adlı bir qız gəlib-gedərmiş. Bir könüldən min könülə aşiq olur bu qıza. Evlənmək vaxtı gələndə fikrini evdəkilərə bildirir. Qızın valideynləri bu işə razılıq vermək istəmirlər. Lakin Sübhanın qətiyyəti, böyük sevgisi bu maneəni aşıb keçir. Xidmət etdiyi hərbi hissə Xızı rayonu ərazisində yerləşdiyindən ata-anasının, qardaşlarının köməyi ilə Sumqayıt şəhərində 1 otaqlı mənzil alıb yoldaşını da ora aparır. Aylar, illər bir-birini əvəz edir. Onların 2 övladları dünyaya gəlir. 2008-ci ilin 14 yanvarında doğulan oğluna atasının adını yaşatmaq üçün Rahim adını verir. 2010-cu ilin 28 mayında dünyaya gələn qızına Fidan adını yaraşdırır.

 

2020-ci il sentyabrın 27-də Ermənistanın təcavüzkar quldur birləşmələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrimizə iriçaplı silahlar, minaatanlarartilleriya qurğularından intensiv atəşə tuturlar. Ordumuz heç vaxt görünməyən əks-hücum əməliyyatına başlayır. Xüsusi Təyinatlı Qüvvələrin baş giziri S. Cəbrayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən qanlı döyüşlərə atılır. İldırım sürətilə hücuma keçən ordumuzun həmlələri nəticəsində 27 sentyabr günü Füzulinin 5 yaşayış məntəqəsi: Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qaravənd işğaldan azad edilir. Qəhrəmanımızın döyüşdüyü tabor bundan sonra döyüş zonasındakı bir neçə əlverişli mövqeləri ələ keçirir. Müharibə itkisiz olmur. S.Cəbrayılov bir neçə döyüşçü yoldaşını itirir. Bu isə onun qəzəbini, intiqam hissini daha da artırır.

Sonrakı mərhələdə S.Cəbrayılovun döyüşdüyü 40 nəfərdən ibarət qrup oktyabrın 19-da strateji əhəmiyyətli Laçın dəhlizini ələ keçirmək üçün hücum əməliyyatı aparmalı olur. Öncə Qubadlı rayonu istiqamətində əlverişli mövqeləri tutmaq lazım idi. 7 saat davam edən döyüş zamanı Xüsusi Təyinatlıların 4 nəfər igid döyüşçüsü: baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyevgizir Elyar Vəliyev şəhid olurlar. S. Cəbrayılov oktyabr ayının 23-də, doğum günündə Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunur.

Göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Sübhan Cəbrayılova Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir. S.Cəbrayılov 26 iyun 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" ilə bağlı yubiley, 26 iyun 2012-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26 iyun 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" ilə bağlı yubiley, 26 iyun 2017-ci ildə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" ilə bağlı yubiley, 15 dekabr 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə", 24 iyun 2021-ci ildə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Vətən Müharibəsi Qəhrəmanının dostu Ceyhunun atası Bəylər kişi ilə Salyan rayonunun Marışlı kəndinə - Sübhan Cəbrayılovun ata ocağına baş çəkirik. Həyət darvazasının hər iki tərəfində qəhrəmanın böyüdülmüş, müxtəlif ölçüdə şəkilləri, təltif olunduğu mükafatların fotosu diqqətimizi cəlb edir. Bəylər kişi Vətən Müharibəsi Qəhrəmanının anası Ləzifə ana, bacısı Kəmalə xanımla bizi tanış edir. Geniş bir otaqda qoyulmuş divanda əyləşirik. Otaqda S.Cəbrayılovun ömürdöyüş yolunu əks etdirən çoxlu sayda fotoşəkillər, hələ uşaq ikən boks yarışlarında aldığı hədiyyələr, vımpellər, fəxri fərmanlar yer almışdır.

Ləzifə anadan Sübhan haqqında danışmağı xahiş edirik. Gözləri yol çəkir. Xəyalı onu keçmiş aylara, illərə aparır. Titrək səslə deyir: "Uşaqlıqdan zirəng idi, qeyrətli idi, zəhmətkeş idi. Təsərrüfat işlərində bizə çox kömək edərdi. Vətəninə hədsiz dərəcədə bağlı idi. Ermənilərin azğınlığına heç cürə dözə bilmirdi. Buna görə də hərbçi olmağı özünə peşə seçdi. Oğul itkisi ağırdır. Ancaq neyləmək olar?! Təsəllimiz odur ki, Vətən, torpaq yolunda həyatdan getdi, şəhid oldu. Sağ olsun dövlətimiz, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev, elimiz-obamız. Ailəsinə Sumqayıtda yaxşı ev verilib. Yüksək pensiya ilə təmin olunublar. Hamımız onunla fəxr edirik".

Bu gün Salyanda Sübhan Cəbrayılov küçəsi var. Buradakı peşə liseyionun adını daşıyır.

"İgid ölər, adı qalar", - deyiblər. Göründüyü kimi, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun adı Azərbaycanın hərb tarixində, eləcə də qədirbilən xalqımızın xatirəsində həmişə yaşayacaqdır.

 

 Seyran CAVADOV

 

Azərbaycan.- 2022.- 5 avqust.- S.9.