Döyüşlərə
könüllü gedən igidlərimiz
44
günlük Vətən müharibəsində qəhrəmanlıq
göstərən əsgər və zabitlərimiz
adlarını ən yeni tarixə qızıl hərflərlə
yazdılar. Onların sırasında könüllü olaraq
döyüşlərə yollanan kəşfiyyatçı-snayper
Namiq Əliyev də var.
O,
1990-cı il iyunun 17-də Sumqayıt şəhərində
anadan olub. İki yaşında ikən atasını itirən
Namiq anasının himayəsində qalıb. Tovuz
döyüşləri zamanı general-mayor Polad Həşimov,
polkovnik İlqar Mirzəyev və digər hərbçilərimizin
şəhid olmaları onu da sarsıdır. Namiq bundan hədsiz
hiddətlənir. Bu hadisə onda intiqam hissini daha da
alovlandırır. Həmin vaxt minlərlə gənc ön cəbhəyə
getməyə can atır, könüllü qeydiyyatdan
keçir. Namiq də adını siyahıya yazdıranlar
sırasında olur. O, hərbi komissarlığa müraciət
edir və döyüşlərə qatılır. Vətən
müharibəsi iştirakçısı xalqına, Vətəninə
fayda vermək məqsədilə ilk fəaliyyətinə
könüllü kimi başlayır. Elə bu prinsiplərə
də sadiq qalaraq üzərinə düşən işin
öhdəsindən layiqincə gəlir.
Kəşfiyyatçı-snayper
Namiq Əliyev deyir ki, əldə olunan zəfər hər
birimizin haqqı idi: "Mən könüllü olaraq Vətənim
uğrunda mübarizəyə qatıldım. Döyüşə
yollananda hər birimiz ölümü gözə alaraq getdik.
Hamımızın bir amalı var idi - tarixi Qarabağ
torpaqlarımızı geri qaytarmaq. Biz məqsədimizə
çatdıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Biz bu qələbə ilə, eyni zamanda qətliama,
soyqırımına məruz qalan bacı və
qardaşlarımızın intiqamını aldıq.
Hazırda dövlətimiz bizimlə yaxından maraqlanır,
yardımlar edir, problemlərimizi çözməyə
çalışır".
Namiq
Əliyev döyüşə gedən zaman övladı yenicə
dünyana gəlmişdi. 11 günlük övladını
ailəsinə etibar etmişdi. O, hər şeyi arxada qoyub ana
vətəni üçün
döyüşmüşdü.
Vətən
müharibəsi başlayanda Namiq ön cəbhədə kəşfiyyat
taboru ilə birlikdə Ağdərə-Tərtər istiqamətində
gedən döyüşlərdə iştirak edib.
Qızğın döyüşlər zamanı Namiqin bir
neçə silahdaşı qəhrəmancasına şəhid
olub. Həmsöhbətimiz deyir ki, torpaqlarımızın
işğaldan azad edilməsi uşaqlıq arzusu olub: "Ana
vətənin qədrini bilməsək, bizi dünyaya gətirən
ananın da qədrini bilmərik. Bu mənim şəxsi
fikrimdir. Doğma torpağı qorumaq hər bir vətən
övladının borcudur. Bu bizim haqq savaşımız idi.
Valideynlərə söyləmək istərdim ki, öz
övladlarını vətənpərvər ruhda
böyütsünlər. Uşaqlara orta məktəbdə
müharibəylə bağlı dərslər keçilməlidir.
Gələcək nəsil şəhidlərimizin, qazilərimizin
qanı bahasına alınmış torpaqlarımızı
qorumalıdır. O torpaqları biz qarış-qarış
almışıq".
Anası
Maya Əliyeva onu atasız böyütdüyünə görə
müharibəyə getməsinə razılıq vermirdi. Lakin
Namiqi fikrindən daşındırmaq mümkün olmur.
Anası deyir: "Əvvəlcə döyüşlərə
qatılmasını istəmirdim. Çünki onu atasız
böyütmüşəm. Lakin fikrindən
daşındıra bilmədim. Oğlum gedən zaman ona dedim
ki, həmişə başımızı uca etmisən. Mərd
kim get, mərd kimi də qayıt".
Hər bir insan sevdiyi peşə
üzrə çalışmağı arzulayır. Namiq
Əliyevin də uşaqlıqdan arzusu təcili yardım
maşınında sürücü işləmək olub. O,
bu işdə ona dəstək göstərən Sumqayıt
Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovaya təşəkkürünü
bildirir.
Vətən
müharibəsindəki şücaətinə görə o,
"Suqovuşanın azad olunmasına görə" və
"Vətən müharibəsi
iştirakçısı" medalları ilə təltif
olunub.
44
günlük Vətən müharibəsinin qalibinin də
könüllülər ordusu olduğunu desək,
yanılmarıq. Bu missiyanı ləyaqətli şəkildə
yerinə yetirənlər içərisində də şəhid
və qazilərimiz oldular. Hər birimiz onların
açdığı yollarla irəliləməli,
könüllü və təmənnasız xidmətlərlə
ölkəmizə və xalqımıza fayda verməyi
bacarmalıyıq.
Elşən YƏHYAYEV
Azərbaycan.- 2022.- 5 avqust.- S.9.