İlahiyyat İnstitutu ilə Yozqat Bozok Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

 

Türkiyənin Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub. Aİİ rektoru Aqil Şirinov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Ali təhsil müəssisəsinin rektoru A.Şirinov Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin mövcudluğuna toxunaraq, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstək üçün Türkiyə xalqına dərin minnətdarlığını bildirib.

Türkiyənin Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb.

Daha sonra iki ali təhsil müəssisəsi arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Protokolu imzalanıb.

Ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq, elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokolu Aİİ-nin rektoru Aqil ŞirinovYozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ imzalayıblar.

Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.

 

 Azərbaycan.- 2022.- 5 avqust.- S.10.