270 nəfər
39 yer uğrunda
mübarizə aparır
Ali və orta dini ixtisas sahiblərinə
məscidlərə, ziyarətgahlara din xadimi təyin olunmaları üçün
əlverişli imkan yaradılıb
Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklikdən sonra "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası" hazırlanaraq təsdiq edilib.
Belə ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib. Komitə eyni zamanda islam dininə aid ibadət yerlərinə din xadimlərinin təyin edilməsi, attestasiyası ilə bağlı qaydalara uyğun olaraq, üç din xadimi vəzifəsini müəyyənləşdirib - imam, imam müavini, dini ayinlərin icraçısı (müəzzin).
Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vəzifələrin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət vaxtı komitənin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Müsahibə proqramı komitə sədrinin əmri ilə təsdiq edilir və saytda yerləşdirilir.
Müsahibə zamanı verilən sualların və cavabların qısa məzmunu, müsahibə komissiyasının üzvlərinin qiymətləri və komissiyanın qərarı protokolda qeyd edilməklə rəsmiləşdirilir. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir. Nəticələr müsahibənin keçirildiyi gündən 5 iş günü ərzində komitənin internet saytında yerləşdirilir. Müsahibədən uğurla keçmiş namizəd 30 iş günü ərzində komitə sədrinin əmri ilə islam dininə aid ibadət yerinə və ya ziyarətgaha din xadimi təyin olunur və bu barədə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilir.
Namizədlərdən 215 nəfəri
ali, 55 nəfəri orta
ixtisas təhsillidir
Avqust ayının 2-dən müsahibələrə başlanılıb. Biz də jurnalist marağı ilə proseslə tanış olmaq üçün müsahibələrin keçirildiyi Azərbaycan İlahiyyat İnstitutunda olduq.
Yeniliklər barədə qəzetimizə məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bizimlə söhbətində qeyd etdi ki, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi məqsədilə mayın 24-dən iyun ayının 24-nə kimi 39 vakansiya üzrə elan verilib. Onun sözlərinə görə, bu vakansiyalar üzrə 270 namizəd sənədlərini təqdim edib. Namizədlərdən 215 nəfəri dini ali, 55 nəfəri dini orta ixtisas təhsillidirlər. Gündüz İsmayılov bildirir ki, onlardan 25 nəfəri xaricdə dini təhsil alıb. Qalanları isə Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrində oxuyublar. Sədr müavini dedi ki, ilk dəfə olaraq İlahiyyat İnstitutunun məzunları da din xadimi olmaq üçün sənədlərini təqdim ediblər.
Gün ərzində təxminən 30-35 namizəd müsahibədən keçir. Vakansiyalar "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"na uyğun elan olunur. Həmin qaydalara əsasən, müsahibə komissiyası yaradılıb. Müsahibə komissiyasının 7 üzvü var. Onların hamısı ilahiyyatçıdır.
Komissiyanın sədri müsahibədə iştirak edənlərin qiymətləndirilmə mexanizmindən də danışıb. Onun sözlərinə görə, namizədlərə komissiya üzvlərinin hər birinin verə biləcəyi maksimum bal 5-dir. Beləliklə, 7 nəfərin verə biləcəyi maksimum bal 35-dir. Keçid balı isə 26-dır. 26 baldan yuxarı toplayanlar müsahibədən uğurla keçmiş sayılırlar.
Yeni qaydalar dini proseslərin müsbətə doğru dəyişməsinə imkan verəcək
Gündüz İsmayılov vurğulayır ki, bir vakansiya yeri üzrə birdən çox şəxs uğurla keçərsə, həmin yerə namizədlərdən ən yüksək bal toplayan din xadimi təyin olunur. Digər namizədlər isə iki il müddətinə ehtiyat kadrlar siyahısına salınır. Vakansiya yeri boş qaldığı halda ehtiyatda olan kadrlara həmin yer təklif ediləcək. Könüllü şəkildə istəyənə həmin yerə təyinat veriləcək.
Komissiya sədri dedi ki, şəffaflığı təmin etmək, eyni zamanda dini ali və ya orta ixtisas təhsili olan şəxslərin din xadimi təyin edilməsi üçün belə bir qaydalar hazırlanıb. Bundan sonra din xadimləri təyin olunacaq şəxslər qanunun tələblərinə uyğun olaraq dini ali və ya orta ixtisas təhsilli olacaqlar. Həmçinin müsahibə olduğu üçün şəffaflıq təmin ediləcək. Digər tərəfdən, zərurət yarandıqca, din xadimlərinin rotasiya qaydasında yerdəyişməsi olacaq.
Artıq dini durumdakı proseslərə daha çevik müdaxilə etmək, din xadiminə ehtiyac olan təqdirdə ehtiyat kadrlar siyahısından din xadimi təyin etmək mümkün olacaq. Bu isə dini proseslərin həm müsbətə doğru dəyişməsi, həm şəffaflığın yaranması, həm də ali və orta ixtisas təhsili olan dini kadrların təyinatına müsbət təsir göstərəcək.
Müsahibə şəffaf və ədalətli
şəkildə təşkil edilib
Din xadimi olmaq üçün sənədlərini təqdim edən Azərbaycan İlahiyyat İnstitutunun ilk məzunlarından olan Fərid Qasımzadə müsahibənin yaxşı keçdiyini vurğuladı. O qeyd edir ki, müsahibə zamanı verilən suallar qanunvericiliklə yanaşı, əsasən, dini bilikləri əhatə edir: "Təfsir, əqaid, fiqh ilə bağlı suallar verildi. Təhsil aldığım 4 il ərzində dini biliklərə yiyələnmişəm. Suallar da həmin bilikləri əhatə edirdi. Müsahibə şəffaf və ədalətli şəkildə təşkil edilmişdi".
Bakı İslam Universitetinin məzunu Səbuhi İbrahimli də müsahibənin uğurlu keçdiyini bildirdi: "Müsahibə şəffaf təşkil edilmişdi. Komissiya üzvlərinin verdiyi sualları cavablandırdım. Düşünürəm ki, nəticə uğurlu olacaq və təyinat ala biləcəm".
Ölkəmizdə dini
tolerantlıq hökm sürür
Azərbaycanda dini təhdidlərin qarşısını almaq üçün önləyici, qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, dini biliklərin artırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir. Eyni zamanda bu sahədə milli kadrların hazırlanmasına üstünlük verilir. Azərbaycan dünyəvi dövlət olsa da, dindən ayrı deyil. Ölkəmizdə dini tolerantlıq hökm sürür və dininə, əqidəsinə görə heç kim ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dövlət tərəfindən dini azadlıqlar təmin edilib. Hazırda Azərbaycanda dini sabitlik yüksək səviyyədədir. Bununla da dövlət-din, cəmiyyət-din münasibətləri tənzimlənir, dini etiqad azadlığı qorunur.
Əsmər
QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 5 avqust.- S.10.