Azərbaycan və
Avstriya arasında ikitərəfli əlaqələrin
perspektivləri barədə fikir
mübadiləsi aparılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlər ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıb, post-pandemiya dövründə ikitərəfli iqtisadi əməkdaşlıq və biznes əlaqələrin canlandırılmasının əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasəti, Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı və ərazilərin işğaldan azad olunaraq, ölkənin ərazi bütövlüyünün təmin olunması barədə danışıb. O, həmkarına post münaqişə dövründə azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri haqda məlumat verib. Bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlardan bəhs edilib.
İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət olunması əsasında Ermənistanla əlaqələrin normallaşdırılmasına hazır olduğu qeyd olunub.
Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Azərbaycan.- 2022.- 6 avqust.- S.1; 2.