İlham Əliyev: “Əməkdaşlığın
yeni sahələrinin müəyyənləşdirilməsi zəruridir”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də
Slovakiya Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Milan Layçakın etimadnaməsini qəbul edib.
Səfir Milan Layçak etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı
səfirlə söhbət
etdi.
Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında əlaqələrin
uğurlu inkişafını
qeyd edərək qarşılıqlı səfərlərin
əməkdaşlığımızın
genişləndirilməsi işinə
verdiyi töhfəni vurğuladı.
Dövlətimizin başçısı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi, əvvəllər müzakirə edilən məsələlərin həyata
keçiriləcəyinə ümidvar olduğunu dedi. İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın və qarşılıqlı
ticarətin dərinləşdirilməsi,
həmçinin Azərbaycan
və Slovakiya şirkətlərinin ölkələrimizdə
fəaliyyətinin genişləndirilməsi
üçün yaxşı
potensialın olduğunu
bildirdi. Dövlətimizin başçısı, eyni
zamanda, Slovakiya şirkətlərinin işğaldan
azad olunmuş ərazilərimizdə aparılan
bərpa və yenidənqurma işlərində
iştirakda marağını
da qeyd etdi.
Prezident İlham Əliyev Slovakiyanın Azərbaycan-Avropa
İttifaqı tərəfdaşlığına
verdiyi dəstəyi də vurğuladı.
Səfir Milan
Layçak ölkələrimiz
arasında siyasi əlaqələrin kifayət
qədər fəal olduğunu qeyd edərək iqtisadi
münasibətlərin genişləndiyini dedi
və əlaqələrimizin daha da möhkəmlənməsi üçün
səylərini əsirgəməyəcəyini bildirdi.
Azərbaycan.- 2022.- 6 avqust.- S.1; 2.