Bakıda "sauna", Budapeştdə "soyuq duş"
"Qarabağ" Çempionlar
Liqası təsnifat mərhələsində pley-offa
yüksəldi
Ağdamın "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının
təsnifat mərhələsindəki
uğurlu çıxışı
hər kəsin ürəyini dağa döndərdi. Komandamız 3-cü təsnifatda Macarıstanın "Ferentsvaroş"
klubunu mübarizədən
kənarlaşdıraraq pley-offa
yüksəldi.
Bir həftə öncə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda üçüncü
təsnifat mərhələsinin
ilk qarşılaşmasında Macarıstan çempionu ilə 1:1 hesablı heç-heçəyə
razılaşan "Qarabağ"
cavab oyununda 20 mindən çox tamaşaçının arenada
izlədiyi matçda
3:1 hesabı ilə qalib gəldi.
"Qarabağ"ın
start heyətində Şahruddin
Məhəmmədəliyev, Qara Qarayev, Marko Veşoviç, Bədavi Hüseynov, Marko Yankoviç,
Bəhlul Mustafazadə,
Kadi Borges, Abdullah Zubir,
Toral Bayramov, Ramil Şeydayev və İbrahima Vaci yer almışdılar.
"Ferentsvaroş"un
heyətində isə
meydana Deneş Dibus, Tokmak Nquyen,
Anderson Esiti, Adnan Kovaçeviç, Kristofer
Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka,
Rasmus Telander, Frank Boli və Aissa
Ləyduni çıxmışdılar.
Qeyd edək ki, ilk qarşılaşmadan sonra
rəqibin oyununu daha yaxşı təhlil etmiş "Qarabağ" cavab görüşündə macarların
mərkəz müdafiəçilərinin
ləngliyindən məharətlə
yararlana bildi. Matçın ilk dəqiqələrindən əsasən
Vaciyə və Şeydayevə uzaq məsafədən meydançanın
dərinliyindən ötürülən
toplar meydan sahiblərinin müdafiəçilərini
çaş-baş salmışdı
və onlar toparlanmaqda çətinlik
çəkirdilər.
İspaniyalı baş
hakim Karlos del Serro Qrandenin idarə etdiyi qarşılaşmada hesab
artıq yeddinci dəqiqədə açıldı.
"Qarabağ"ın heyətində Kadi Borgesin dəqiq ötürməsindən sonra
Abdullah Zubir rəqib qapısının yaxın
küncünə sərrast
zərbə endirdi.
Bundan əvvəl isə oyuna çox fəal başlayan və meydançanın hər bir zonasında
güclü pressinq tətbiq edən ağdamlılar iki real qol imkanını boşa verdilər.
Hesab açıldıqdan sonra
komandamız təzyiqi
azaltdı. Meydanda bərabər mübarizə
gedirdi.
Hər iki komandanın
qol vurmaq üçün şansları
oldu, lakin qapıçıların nümayiş
etdirdiyi ustalıq, bəzi hallarda isə hücumçuların
qeyri-dəqiq zərbələri
hesabın dəyişməsinə
imkan vermədi. Matçın birinci hissəsi
1:0 hesabı ilə
"Qarabağ"ın xeyrinə
başa çatdı.
İkinci hissənin əvvəlində
hücuma atılan macarlar cəmi 10 dəqiqədən sonra əks-həmlədə tutuldular
və qapılarında
ikinci qolu gördülər. Kadinin ötürməsindən
sonra Vaci rəqibin qapısından
ikinci topu keçirdi. Bu qol
"Ferentsvaroş"u və
onun çoxsaylı azarkeşlərini
şok vəziyyətinə
saldı. Bundan sonrakı 20 dəqiqə
qarşılıqlı hücumlarla
yadda qaldı. Rəqibin qapısına növbəti qolu görüşün 78-ci dəqiqəsində
Ramil Şeydayevin ötürməsindən sonra
dubl edən Vaci vurdu - 0:3. Artıq bu, tanınmış rusiyalı baş məşqçi Stanislav
Çerçesovun və
Macarıstan çempionunun
fiaskosu idi. Bu, Bakıdakı görüşdən sonra
"Oyun zamanı havanın temperaturu 30 dərəcədən yuxarı
idi. Yüksək
rütubəti də nəzərə alsaq, özümüzü saunada
hiss edirdik" - deyən
Çerçesov və
onun komandası üçün "saunadan"
sonra "soyuq duş" idi... Oyundan əvvəl əminliklə qələbə
qazanacaqlarını söyləyən
"Ferentsvaroş" rəhbərliyi
və oyunçuları
indi heç olmasa bir qol
vurub darmadağından
yaxa qurtarmağı düşünürdülər və onlar buna
müyəssər oldular
- 86-cı dəqiqədə Adama Traore hesab
arasındakı fərqi
azalda bildi...
Qeyd edək ki, Kadinin
və Almeydanın qayıtması "Qarabağ"ın
uğurunda böyük
rol oynadı. Borges bu
dəfə cinahda deyil, mərkəzdə yer almışdı və bunun sayəsində "Qarabağ"
ın hücumları
daha kreativ və təhlükəli idi. Ibrahima Vaci isə ən
yaxşı oyunlarından
birini keçirdi və iki vacib
qola imza atdı. Ramil Şeydayev, Qara
Qarayev, Bəhlul Mustafazadə və digər futbolçularımızın
da əzmkarlığı
və qələbədə
payları qeyd olunmalıdır. Qapıçımız Şahruddin
Məhəmmədəliyev də inamlı və etibarlı çıxışı ilə
yadda qaldı.
Beləliklə, üçüncü
təsnifat mərhələsinin
ilk qarşılaşmasında Bakıda Macarıstanın
çempionu ilə
1:1 hesablı heç-heçə
edən ünlü mütəxəssis Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə
qalib gəldi və iki oyunun
nəticəsinə görə
növbəti mərhələyə
yüksəldi. Bununla da
"Qarabağ" növbəti
zirvə yolunda möhtəşəm uğura
imza atdı.
Xatırladaq ki, Azərbaycan futbolu tarixində ikinci dəfə komandamız Çempionlar
Liqasının pley-off
mərhələsində qüvvəsini
sınayacaq. Eyni zamanda "Qarabağ"
"Ferentsvaroş" üzərində
qələbə sayəsində
UEFA Avropa Liqasında qrup mərhələsinə
vəsiqəni təmin
edib.
Matçdan öncə
"Ferentsvaroş"un
cavab oyunlarında xüsusilə təhlükəli
olduğunu əvvəlki
görüşlərin statistikası
da göstərirdi. Lakin "Qarabağ" əzmkar və ağıllı oyunu ilə rəqibin bütün planlarını və gözləntilərini alt-üst
etməklə layiqli qələbə qazandı.
Matcın statistikasına nəzər
salsaq görərik ki, ağdamlılar həm qapı istiqamtində (12-yə qarşı
11), həm də qapı çərçivəsinə
(8-ə qarşı 5) daha
çox zərbə endirib. Kadinin qayıtmasını "Qarabağ"ın uğurunda
əsas element saymaq olar. O, iki vacib qola imza
atıb. Qapıçımız Şahruddin
Məhəmmədəliyev də inamlı və etibarlı çıxış etdi.
"Futbolçularımı
təbrik edirəm. Komandamız bu
gün qalib gəlmək istəyirdi.
Çox
əziyyət çəkdilər.
Asan qələbə olmadı.
Hesab tam əksinə də ola
bilərdi. Çox yaxşı komandaya
qarşı oynadıq.
Onların da qol imkanları oldu. Rəqibə
uğurlar arzulayıram".
Bunu Ağdamın "Qarabağ"
klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. O
bildirib ki, UEFA Avropa Liqasının qrupunu təmin etdiyimiz üçün rahatlaşmaq olmaz. Həmişə belə qələbələr
olmur. Çünki klubların səviyyələri
fərqlidir. Əlimizdəki şansdan maksimum yararlanmağa çalışmalıyıq.
Q.Qurbanov rəqib
komandanın baş məşqçisi Stanislav
Çerçesov barədə
də xoş sözlər deyib: "Ona böyük hörmətim var. Çox
bacarıqlı mütəxəssisdir.
Onun futbolçu və məşqçi karyerası
məndən daha üstündür. Ona taktiki
planda qalib gəldiyimi deyə bilmərəm. S.Çerçesov çox yaxşı komanda formalaşdırıb.
Bu gün futbolçularım
hamısı qələbəyə
layiq idilər. Çünki qələbəni çox istəyirdilər.
Kadi Borges
isə bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı".
Öz növbəsində
Stanislav Çerçesov
"Qarabağ"a komanda
şəklində uduzduqlarını
etiraf edib: "Əslində, oyuna pis başladıq, pis də qurtardıq.
Fikrimizcə, biz udmalı idik.
Amma praktikada bunu bacarmadıq. Biz komanda şəklində uduzduq. Xüsusilə
çox top itkilərinə
yol verdiyimiz üçün məğlub
olduq".
Rusiyalı mütəxəssisin
dediyinə görə,
özündən razı
olmaq pis xüsusiyyət deyil:
"Hətta deyərdim
ki, belə oyunlar üçün yaxşıdır. Baş məşqçiyəm,
bütün məsuliyyət
mənə aiddir.
Daha sonra sakit başla
səhvləri harada buraxdığımızı analiz
edəcəyik". Baş
məşqçi "Qarabağ"ın
çox güclü komanda olduğunu vurğulayıb: "Hücumda
əla oynadılar. Məğlubiyyəti daha çox
bununla əlaqələndirərdim.
Rəqib
qələbəyə layiq
idi. Biz də
yaxşı komandayıq.
Sadəcə, alınmadı...
Hamınız bizi sorğu-sual
edirsiniz. Bu, sizin işinizdir. Bizim işimiz isə səhvlərdən nəticə
çıxarmaqdır".
İndi "Qarabağ" Çempionlar
Liqasının qrup mərhələsində yer
almaq üçün
Çexiya çempionu
"Viktoriya"(Plzen) komandası
qismində son maneəni
dəf etməlidir. İlk gorüş avqustun 17-də saat 20:45-də
Bakıda, cavab qarşılaşması isə
avqustun 23-də saat
23:00-da Plzendə start götürəcək.
Böyük zəfərlə
Bakıya dönən
"Qarabağ"ın qarşılanma
mərasimində baş
məşqçi Qurban
Qurbanov bildirib ki, komanda Çempionlar
Liqasının pley-off
mərhələsində Çexiyanın
"Viktoriya" (Plzen) komandası
ilə oyunlara böyük ümidlərlə
hazırlaşacaq: "Bilirik
ki, bu rəqibi
də üstələsək,
Çempionlar Liqasının
qrup mərhələsinə
düşəcəyik. Daha yaxşı,
daha istəkli olmalı və daha da səhvsiz
oynamağa çalışmalıyıq.
Rəqibi tam təhlil edəndən
sonra daha ətraflı fikir bildirmək olar. Hər halda bu komanda
Çempionlar Liqasının
pley-offuna elə-belə
gəlməyib. Ümumiyyətlə, Çexiya futbolçuları
çox intizamlıdırlar.
Çox
yaxşı müdafiə
xətləri olur, standart vəziyyətlərdə
xeyli təhlükəli
olurlar. Tam təhlil etdikdən sonra rəqibə qarşı yaxşı oyun qurmaq və
uğurlu nəticə
əldə etmək üçün ən yaxşısını ortaya
qoyacağımıza inanıram".
Qurban Qurbanov ilk görüşü
Bakıda keçirmələrini
komandası üçün
üstünlük hesab
edir. Baş məşqçi inanır ki, komandamızın ilk oyununda
üstünlük "Qarabağ"da
olacaq.
Biz də inanırıq, azarkeşlər
də...
Uğurlar, "Qarabağ"!
Rizvan CƏFƏROV,
Azərbaycan.- 2022.- 11 avqust.- S.1; 6.