Hasilat sabit, ixrac ahəngdardır
bp ilin birinci yarısının yekunlarını
açıqlayıb
"Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" karbohidrogen yataqlarından neftin, qazın və kondensatın hasilatı bu ilin əvvəlindən də ahəngdar və təhlükəsiz şəkildə davam edir. Birinci yarımillikdə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin daşıdığı xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. "Şahdəniz" qazının ixracı da uğurla həyata keçirilir.
bp cari ilin birinci yarısının yekunlarına aid açıqlamasında bu və digər layihələrdə işlərin necə getdiyi barədə ətraflı məlumat verib. Belə ki, şirkətin əməliyyatçı olduğu AÇG layihəsi üzrə 6 ayda ümumi hasilat gündə orta hesabla 424 min barel, ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub. "Çıraq" platformasından gündəlik orta hasilat 25 min, "Mərkəzi Azəri"dən 108 min, "Qərbi Azəri"dən 109 min, "Şərqi Azəri"dən 62 min, "Dərinsulu Günəşli"dən 78 min və "Qərbi Çıraq"dan 42 min barel təşkil edib. Hazırda AÇG yataqlar blokunda 136 neft hasilatı, 37 su injektor və 8 qaz injektor quyusu istismardadır.
Birinci yarımillikdə "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi plana uyğun şəkildə irəliləyib. İkinci rübün sonuna layihə üzrə işlərin ümumilikdə 75 faizi tamamlanıb. Mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatın 2023-cü ildə əldə olunması üçün qrafiklə davam edir.
6 ay ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulub.
Səngəçal
terminalının texniki emal sistemlərinin
gündəlik gücü hazırda 1,2 milyon barel neft
və kondensat, "Şahdəniz"
qazı üçün təqribən 81
milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü
isə (AÇG-nin səmt qazı da daxil olmaqla)
gündəlik təqribən 100 milyon standart kubmetr təşkil
edir. İlin birinci yarısında terminaldan təxminən 114 milyon barel neft və
kondensat ixrac olunub. Bunun 107 milyon bareli BTC və təxminən 7 milyon bareli QİBK (Qərb İxrac Boru Kəməri) marşrutu ilə daşınıb.
Qaz terminalından, əsasən,
CQBK (Cənubi Qafqaz Boru Kəməri), genişləndirilmiş CQBK sistemi,
terminalın qaz emalı obyektlərini
"Azəriqaz"ın qazpaylama
şəbəkəsi ilə
birləşdirən Azərbaycana
məxsus kəmərlə nəql edilir. İlin ilk 6 ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 69 milyon standart kubmetr (təxminən 2 milyard 440 milyon standart kubfut) "Şahdəniz" qazı
göndərilib.
Azərbaycan, Gürcüstan və
Türkiyədən keçən
BTC kəmərinə Səngəçal
terminalından vurulan neftin Ceyhanda yüklənildiyi 5000-ci tankerin
yola salınması da sözügedən
vaxta təsadüf edib. Bu, martın
23-də olub. 2006-cı ilin ortalarında istismara veriləndən cari ilin ikinci
rübünün sonunadək
isə kəmərlə
təqribən 516 milyon
tondan çox (3,87 milyard barel)
xam neft daşınıb və bu həcm Ceyhanda
5087 tankerə yüklənərək
dünya bazarlarına
göndərilib.
Hazırda BTC boru kəməri,
əsasən, AÇG nefti
və"Şahdəniz" kondensatı, bundan əlavə, Xəzərin digər regional xam neft və kondensat
həcmlərini də
nəql edir.
"Şahdəniz"dən Azərbaycan ("Azərkontrakt"
ASC-yə), Gürcüstan
(GOGC-yə), Türkiyə
(BOTAŞ-a) bazarlarına, çoxsaylı
obyektlər üçün
BTC şirkətinə və
Avropadakı alıcılara
qaz çatdırılması
ahəngdar şəkildə
həyata keçirilir. 6 ayda yataqdan - "Şahdəniz
Alfa" və "Şahdəniz
Bravo" platformalarından birlikdə təqribən
13 milyard standart kubmetr qaz və
2 milyon ton (18 milyon bareldən artıq) kondensat alınıb. "Şahdəniz"in mövcud qurğularının
hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir. "İstiqlal"
və "Maersk
Explorer" qurğuları "Şahdəniz-2"dən
hasilatı və onun sonrakı tədrici artımını
təmin etmək üçün indiyədək
21 quyu qazıb və bunlardan 19-nu tamamlayıb.
Xatırladaq ki, "Şahdəniz"
qazını daşıyan
CQBK 2006-cı ilin sonlarında
istismara verilib və həmin vaxtdan başlayaraq Azərbaycana, Gürcüstana
və Türkiyəyə
mavi yanacaq çatdırır. Genişləndirilmiş
CQBK isə kommersiya qaz həcmlərini Türkiyəyə 2018-ci ilin
iyun ayında, Avropaya 2020-ci ilin
dekabr ayında ixrac etməyə başlayıb. Bu ilin ilk altı ayında CQBK-nın ixrac üçün gündəlik
orta ötürücülük
gücü 56,9 milyon kubmetr olub.
Yarım ilin yekunlarında bp Azərbaycan vətəndaşı olan
işçilərinin sayını
da açıqlayıb. Belə ki,
müddətli müqavilə
əsasında işləyənlər
də daxil olmaqla, onların sayı 2268 nəfərdir.
2018-ci ilin ortalarından
bp-nin ixtisaslı işçilərinin 90 faizini
milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin
isə hamısı yerli vətəndaşlardır.
bp və tərəfdaşları mühüm
sosial investisiya layihələri həyata keçirməyə
də davam edirlər. Bu layihələrə
təhsil proqramları,
yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması
vasitəsilə yeni imkanların açılması,
icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi,
maliyyə vəsaitlərinə
çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə kömək,
mədəni irs və idmanın inkişafına dəstək,
eləcə də hökumət qurumlarına
texniki yardım daxildir. 2022-ci ilin birinci yarısında bp əməliyyatçısı
olduğu layihələrdəki
tərəfdaşları ilə
birlikdə Azərbaycanda
sosial investisiya layihələrinə 1,3 milyon
dollardan artıq vəsait xərcləyib. bp belə
hesab edir ki, Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının region ölkələrinin əhalisi
üçün bu layihələr vasitəsilə
hiss edilən faydalar yaratmaq bacarığından
asılıdır.
Flora SADIQLI
Azərbaycan.- 2022.- 6 avqust.- S.1; 5.
.