Güləşçilərimiz ümidləri doğrultdular
Onlar günü 6 medalla
başa vurublar
Azərbaycan güləşi daim özünün tarixi ənənəsini qoruyub saxlayıb. Pəhləvanlarımız güləşin bütün növlərində Avropa, dünya birinciliklərində, Olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda çıxış edib, öz ustalıqları ilə idman həvəskarlarının rəğbətini qazanıblar.
Dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür. Şübhəsiz, qələbəni labüd edən ən başlıca amil idmançıların onlara göstərilən yüksək qayğı və etimad müqabilində dövlət və xalq qarşısında məsuliyyətini dərk etməsi, yüksək iradə göstərərək sonadək mübarizə aparmasıdır.
Sevindirici haldır ki, pəhləvanlarımız da qazandıqları nəticələrlə xalqımızın etimadını doğrultmaqda davam edirlər. Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti dəfə bunun şahidi oluruq.
Üçqat Avropa və üçqat dünya çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev oyunlara qələbə ilə başlayıb. 65 kq çəki dərəcəsində çıxış edən güləşçimiz ilk görüşündə İran idmançısı Morteza Həsənəli ilə qarşılaşıb. Hesabda geridə olmasına baxmayaraq, əzmkarlıq nümayiş etdirən H.Əliyev (8:4) inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Qarşılaşmanın baş hakimi iki epizodda Əliyevin tətbiq etdiyi fəndləri hesaba almayıb. Üstəlik, iki güləşçi arasında gərginlik yaşanıb. İdmançı və yığmanın məşqçisi Zəlimxan Hüseynovun etirazlarına baxmayaraq, qərar dəyişməyib. Haqsızlıqlara rəğmən, titullu pəhləvan hesabda dönüş edə bilib və yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə rəqib özbəkistanlı Umidjon Jalolov olub. Yarımfinalda 4:0 hesabı ilə qalib gələn Hacı finala yüksəlib. Qızıl medal uğrunda güləşdə isə idmançımız Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib. Rəqibini vaxtından əvvəl "tuşe" ilə məğlub edən Hacı ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olub. O, daha əvvəl 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahiblənmişdi.
Digər sərbəst güləşçimiz Turan Bayramov da finala vəsiqə qazanıb. 74 kq çəki dərəcəsində yarışan güləşçimiz yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Pəhləvanımız həlledici mərhələdə də qələbə qazanaraq V İslam Həmrəyliyi Oyunlarında qızıl medala layiq görülüb.
Turan finalda iranlı Firuzpur Məhəmmədsadıq ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib.
Daha bir güləşçimiz Abubakr Abakarov da İslamiadaya qələbə ilə başlayıb. 86 kq çəkidə mübarizə aparan Abakarov yarımfinalda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Təmsilçimizin finalda rəqibi iranlı Əlirza Kərimi olub. Görüş Kəriminin qələbəsi ilə yekunlaşıb. Abakarov gümüş medalla kifayətlənməli olub.
Bu arada Azərbaycan güləşçisi Əliabbas Rzazadə (57 kq) V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda üçüncü yer uğrunda görüşdə sərbəst güləşçimiz Tacikistan idmançısı Hikmotullo Vohidova 8:7 hesabı ilə qalib gəlib.
Konyada zəfər estafetini qadın güləşçilərimiz davam etdiriblər. Ümumiyyətlə, son illərdə ölkəmizdə populyarlıq qazanan qadın güləşinə də xüsusi maraq göstərilir. Diqqəti artıran ən vacib amil isə təbii ki, qazanılan nailiyyətlərdir. Ölkəmizin hesabına qadın güləşi üzrə Avropa çempionatlarında ilk qızıl medalı 2008-ci ildə Finlandiyada keçirilən Avropa çempionatında Mariya Stadnik yazdırıb. Mariya həmin il Pekin Olimpiadasında bürünc medala layiq görülüb.
Mariya Stadnik (50 kq) Türkiyənin Konya şəhərində keçirilən İslamiadaya da parlaq qələbə ilə başlayıb.Təmsilçimiz A qrupunda Qazaxıstan güləşçisi Svetlana Ankiçeva ilə qarşılaşıb. O, 33 saniyəyə rəqibindən xallar alaraq görüşü erkən qələbə ilə başa vurub. Titullu xanım pəhləvanımız 1/4 finalda türkiyəli Əminə Çataloğlunu məğlub edib. Mariya 1 dəqiqə 35 saniyəyə tam üstünlüklə qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə tunisli Sarra Hamdi ilə qarşılaşan güləşçimiz rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Finalda Mariyanın rəqibi özbəkistanlı Jasmina İmmayeva olub. Görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb. Beləliklə, o, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl Mariya, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.
59 kq çəki dərəcəsində çıxış edən digər xanım güləşçimiz Alyona Kolesnik isə üç qələbə ilə İslamiadanı gümüş medalla başa vurub.
V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında 50 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda mükafatları Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev təqdim edib.
Bu çəki dərəcəsində yarışın qalibi Azərbaycan güləşçisi Mariya Stadnik olub. Özbəkistan idmançısı Jasmina İmmayeva yarışı ikinci, Tunis güləşçisi isə Sarra Hamdi isə üçüncü pillədə başa vurublar.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.-11 avqust.- S.7.