Naxçıvanda
şəhid ailəsi və qazilərə mənzillərin,
avtomobillərin və dövlət təltiflərinin təqdimatı
olub
Avqustun 6-da şəhid ailəsinə və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzillərdə rahat həyat arzulayıb, qazilərimizi avtomobillə təmin olunmaları, təltif olunanları dövlətimizin ali mükafatlarına, gəncləri isə xüsusi aylıq təqaüdə layiq görülmələri münasibətilə təbrik edib.
Ali Məclisin Sədri şəhid ailəsi və qazilərə mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Mənzillə təmin olunan şəhid İbrahim Vəlizadənin həyat yoldaşı Billur Vəliyeva deyib: "Mən şəhid yoldaşı olmaqdan fəxr edir, bu adı daşımaqdan qürur duyuram. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edirəm".
Mənzillə təmin olunan qazi C.Bayramov deyib: "Mən 2004-cü ildə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığım müddətdə hər zaman Ali Məclis Sədrinin diqqət və qayğısını üzərimdə hiss etmişəm. Liseyi bitirdikdən sonra xidməti davam etdirdim. Bu gün torpaqlarımız düşmən tapdağından azad olunub. Bundan sonra da qazi kimi hər zaman dövlətimizin yanındayıq. Bizim bu gün mənzillə təmin olunmağımız ailəmizə böyük sevinc bəxş etdi".
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Fərmana uyğun olaraq 20 ildən artıq qüsursuz xidmət edən ehtiyatda olan polkovnik-leytenant Fariz Həsənova yeni mənzilin orderi təqdim edilib.
Sonra Azərbaycan
Respublikasının orden,
medal və fəxri adları təqdim olunub.
Azərbaycan Respublikasının "Əməkdar
tibb işçisi"
fəxri adı ilə təltif olunan şəhid anası Yəmən Abbasova əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq edib.
Təltif olunanlardan
Xəlil Fərəcov,
Yusif Seyidov, Anar Əhmədov, Sahəddin Quliyev, Elman Novruzov, Telman Rzayev, Vilayət Sadıqov, Ramin Hacıyev, Elman Əkbərov,
İsmayıl Gülməmmədov
və digərləri
əməklərinə verilən
yüksək qiymətə
görə minnətdarlıq
edib, bundan sonra da ölkəmizin
inkişafı və tərəqqisi yolunda səylə çalışacaqlarına
söz veriblər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin
2022-ci il 18 iyul tarixli sərəncamı ilə kikboksinq idmanı üzrə Naxçıvan şəhər
5 nömrəli tam orta
məktəbin şagirdi
Röya Abdullayevanın
və STEAM təhsili üzrə Naxçıvan
şəhər 8 nömrəli
tam orta məktəbin
şagirdi Kamal Qafarovun adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl
kitabı"na yazılıb
və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin xüsusi aylıq təqaüdünə
layiq görülüblər.
Ali Məclisin Sədri
təqaüd kartlarını
gənc istedadlara təqdim edib, onlarla xatirə şəkli çəkdirib.
Təqaüdçü gənc Kamal Qafarov deyib:
"Muxtar respublikada
STEAM təhsil metodu tətbiq olunur. Bununla da mənim kimi
yüzlərlə şagird
öz ideyalarını,
intellektual səviyyələrini
nümayiş etdirə
bilirlər. Mən də
8 nömrəli tam orta
məktəbdə yaradılan
şəraitdən istifadə
edərək STEAM təhsil
sahəsində muxtar respublikamızı bir çox tədbirlərdə
təmsil etmişəm.
Yaradılan müasir təhsil
şəraitinə və
verilən yüksək
qiymətə görə
Ali Məclisin Sədrinə
minnətdarlıq edirəm.
Söz verirəm ki, bundan sonrakı təhsil həyatımda daha da səylə
çalışacaq və
göstərilən etimadı
doğruldacağam".
Şəhid ailəsinə və
qazilərə, qüsursuz
xidmət etmiş hərbi qulluqçuya verilən 2, 3 və 4 otaqlı mənzillər Naxçıvan, Babək və Culfa şəhərlərindəki
yeni yaşayış
binalarında yerləşir.
Azərbaycan.- 2022.- 7 avqust.- S.4.