Tarixi abidələri ilə zəngin diyar
Hər il Naxçıvana xarici
ölkələrdən minlərlə turist
və qonaq gəlir
Naxçıvan tarix-memarlıq abidələri və ilk insan yaşayış məskənləri ilə zəngindir. Özünəməxsus coğrafi mövqeyi, qədim mədəniyyət abidələri burada turizmin inkişafı üçün əlverişli şərait yaradır. Bu diyarda dini ziyarətgahlar, pir və imamzadələr çoxluq təşkil edir. Təkcə ziyarətgahlarının sayı 140-a yaxındır. Onlar inanclı insanların, yerli və xarici turistlərin daim ziyarət etdiyi əsas məkanlardır. Bu ərazidə qalaların çoxluğunun başlıca səbəbi isə Naxçıvanın zəngin təbii sərvətlərinin, şəhər mədəniyyətinin və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir. Qalalar da müdafiə məqsədilə tikilmişdir.
Naxçıvanda tarixi-mədəni turizm əsas yerlərdən birini tutur. Azərbaycanın bu kiçik parçası özündə əhəmiyyətli izlər qoruyub saxlamaqdadır. 1200-dən çox olan abidələrdən 57-si dünya, 495-i ölkə, 665-i isə yerli əhəmiyyətlidir. Hər il buraya Azərbaycanın bölgələrindən və xarici ölkələrdən minlərlə turist və qonaq gəlir.
Naxçıvanın
şanlı tarixinə şahidlik edən
abidə
Qonaqları heyran qoyan Naxçıvanqala xalq arasında "Köhnəqala" adı ilə də tanınır. Qalanın inşa tarixi 632-652-ci illərə aid edilir. 1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan məlumdur ki, belə daş gürzlərdən Tunc dövründə eramızdan əvvəl III-II minilliklərdə duz mədənlərində istifadə olunub. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqol işğalçıları qalanı dağıdıblar. Həmin qala sonralar Naxçıvanda olmuş fransız səyyah Şarden və Frehanqın da əsərlərində xatırlanır. Qala XIX əsrədək fəaliyyətdə olub. 1827-ci ilin planında bu qala sxematik qeyd olunub.
Qala iki hissədən - kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olmuşdur. Narınqalanın qalıqları günümüzədək qorunub saxlanmışdır. Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol çox güman ki, qaladan təxminən 2 kilometr aralı məsafədə axan Naxçıvan çayına çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir.
Muzey Kompleksində bərpa işləri
aparılıb
Bərpasına 2010-cu ildən başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında" 2013-cü il 5 iyun tarixində sərəncam imzalayıb. 2014-cü il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olub.
Belə abidələrin bərpası və qorunması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış və həmin ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır.
Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır. Dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvan ərazisində xalqımız tarixin bütün dövrlərində zəngin mədəniyyət və memarlıq nümunələri yaratmışdır. Araşdırmalar göstərir ki, bu memarlıq abidələri arasında özünəməxsus yeri olan Naxçıvanqala yalnız müdafiə məqsədi daşımamışdır, eyni zamanda burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilmişdir. İlk Orta əsrlərə aid mənbələrdə tarixçilər Naxçıvan şəhərini ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edirlər.
Nuh Peyğəmbərin
yurdu
Qala divarları yaxınlığında Nuh peyğəmbərin məzarının olması buranın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biridir. Bu yer son illərdə yerli və əcnəbi vətəndaşlar, müxtəlif dinlərin nümayəndələri tərəfindən ən çox ziyarət edilən ünvanlardan sayılır. Bizim eradan əvvəl I əsrdə yəhudi tarixçisi İosif Flavi və bizim eranın II əsrində yunan coğrafiyaşünası Klavdiy Ptolomey Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, rus tədqiqatçısı K.A.Nikitin isə 1882-ci ildə nəşr etdirdiyi məqaləsində Naxçıvan şəhərinin əsasının Nuh peyğəmbər tərəfindən qoyulduğunu qeyd etmişdir. Türbə Naxçıvan şəhərinin cənub tərəfində, Köhnəqala adlanan ərazidə yerləşən memarlıq abidəsidir. Məzarın hazırkı görkəmi VIII yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə, həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Buranın divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulmuşdur.
Nuh tərəfdarlarının
çıxdığı yer
Rəvayətə görə, təxminən 7500 il bundan əvvəl baş vermiş daşqın zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunub, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salıb. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlanan qədim yaşayış məskəninin mövcud olması, əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal edir. Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar da öz əksini tapıb. Nuh və ona iman gətirənlərin mindiyi gəminin ilk dəfə Naxçıvanda quruya çıxması ilə insanların burada məskən salması rəvayətlərdə yer alıb. İddia olunur ki, yeni nəsil məhz buradan törəyərək artıb, təşəkkül tapıb. Təsadüfi deyil ki, "Naxçıvan" sözü "Nuh tərəfdarlarının çıxdığı yer" mənasında işlədilir. Muxtar respublikaya Nuh yurdu da deyilir. Azərbaycanda realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28 iyun tarixli sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb.
Elşən YƏHYAYEV
Azərbaycan.- 2022.- 7 avqust.- S.6.