Erməni diasporu hakimiyyətə qarşı
çıxır
Dövlət isə
"Daşnaksütyun" üzvlərinin
İrəvana girişinə qadağa qoyur
Ermənistanın bir dövlət olaraq ayaq üstə qalmasında mühüm rol oynayan diaspor və lobbi qüvvələri ilə İrəvan hakimiyyəti arasında son dövrlərdə münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi müşahidə olunmaqdadır.
Əslində, İrəvanın region dövlətlərlə düşmənçilik siyasətinin həyata keçirilməsində diasporun da rolunun olduğu heç kimə sirr deyil. İndi görünən odur ki, mövcud hakimiyyət diasporun təsir dairəsindən uzaq olmağa çalışır.
Xatırladaq ki, Ermənistanın milli təhlükəsizlik xidməti "Vətəndaşlıq haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini ictimai müzakirəyə təqdim etmişdi. Layihədə "diaspor erməniləri"nin Ermənistan vətəndaşlığı almaları üçün prosedurların sərtləşdirilməsi nəzərdə tutulurdu. Xaricdə yaşayan ermənilər üçün vətəndaşlıq almaq prosedurunun sərtləşdirilməsinin əsas səbəbləri bölgədəki vəziyyət, Ermənistan vətəndaşlığı alan şəxslərin sonradan ölkəyə gəlməmələri və erməniliyin xeyrinə fəaliyyət göstərməmələridir.
Artıq Fransa erməni təşkilatları əlaqələndirmə şurasının sədri (CCAF), "Daşnaksütun" Erməni İnqilab Federasiyası bürosunun təmsilçisi Murad Papazyandan sonra "Daşnaksütun"un daha 2 təmsilçisinin - təsisatın Niderland ofisinin sədri Masis Abramyanın və gənclər təşkilatının üzvü Süne Abramyanın Ermənistana girişinə qadağa qoyulub. Sonuncu 2 şəxs "Zvartnots" hava limanının tranzit zonasında saxlanılıblar. Murad Papazyan son açıqlamasında Paşinyan hakimiyyətinə "müharibə" elan edib və bildirib ki, Fransa erməniləri Ermənistanı mövcud rejimdən xilas etmək üçün mübarizə aparacaqlar.
Son aylarda erməni faşizminin əsas dayaqları olan erməni kilsəsi və diasporunda parçalanmalar nəzərə çarpır və xüsusilə Fransada bu proses daha ağrılı və ziddiyyətli keçir. Ənənəvi erməni diaspor təşkilatlarına yeni alternativlər yaranır və 1991-ci ildən sonra Fransaya köçən ermənilər bu prosesdə daha fəal iştirak edirlər.
Bu xüsusda ziddiyyətlərin səbəbləri haqqında Fransada yaşayan erməni əsilli politoloq və şərqşünas Tiqran Yeqavyanın yanaşması diqqəti cəlb edir. O bildirib ki, Ermənistanla erməni diasporu arasında qarşılıqlı etimad yoxdur. Müharibə göstərdi ki, Ermənistan və diaspor arasındakı uçurum həmişəkindən daha dərindir. Demək olar ki, etimad bağı tamamilə qırılıb. İşgüzar münasibətlərin qurulması üçün sağlam bünövrə yoxdur. İndiyədək Ermənistanla erməni diasporu arasındakı əlaqələr əsasən iki istiqaməti - turizm və humanitar yardım sahələrini əhatə edirdi. Bu sıraya məhdud investisiyaları da əlavə etmək olar. Təəssüf ki, bu, təkcə indiki hakimiyyətin problemi deyil və xeyli öncə, Ermənistanda müstəqillik hərəkatından və müstəqilliyin əldə edilməsindən sonra yaranıb. Xarici erməni təşkilatları müstəqil erməni dövlətinin yaranmasına hazır deyildilər və hesab edirdilər ki, Ermənistan bununla Rusiyanın (təhlükəsizlik - E.M.) zəmanətini itirərək "pantürkizm"in hədəfinə çevriləcək. Yəni əsas problem dövlətçilik ideyası ilə bağlı idi. Ümumiyyətlə isə, xaricdə yaşayan ermənilərin siyasi düşüncəsi yoxdur. Onların Ermənistan, millət, erməni məsələsi və dövlətə münasibətdə ideyaları həddindən artıq abstraktdır.
Ermənistanın üzləşdiyi çoxsaylı problemlərin meydana gəlməsində və getdikcə daha da dərinləşməsində əsas günahkar tərəflərdən biri kimi diaspor təşkilatları göstərilir. Ermənistanın istər daxili, istərsə də xarici siyasətinin müəyyən olunmasında həlledici təsir gücünə malik olan diaspor təşkilatlarının mövcud fəaliyyəti adıçəkilən ölkəni getdikcə daha böyük problemlərə düçar edir. Fəaliyyət göstərdiyi xarici ölkə ərazisində özünə rahat şərait yaradan, maddi çətinliklərlə qarşılaşmayan erməni diasporunu, əslində, Ermənistanın üzləşdiyi problemlər qətiyyən maraqlandırmır. Əksinə, diaspor Ermənistan hakimiyyətinin onun diktəsi ilə hərəkət etməsi üçün daim rəsmi İrəvanı böyük təzyiq altında saxlayır, tez-tez bu ölkəyə göndərdiyi maliyyə və digər yardımları kəsəcəyi ilə hədələyir.
Elə bunun nəticəsidir ki, Ermənistanın taleyini həll edən qərarlar ölkə daxilində yox, onun sərhədlərindən kənarda qəbul olunur. Bu vəziyyət Ermənistanın onsuz da formal xarakter daşıyan dövlətçiliyinin məhvini daha da sürətləndirməklə onun iflasını tezləşdirir.
Elçin
CƏFƏROV
Azərbaycan.- 2022.- 7 avqust.- S. 8.