Yeni islahatlar uğur vəd edir

 

Elm və təhsil birlikdə inkişaf edəcək

 

 Uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birləşdirilməsi, iki oxşar qurumun ayrılıqda fəaliyyətinin doğru olmadığı, bəzən isə bunun əksinə olan mülahizələrə rast gəlinirdi.

Bəzi dünya ölkələrində Elm və Təhsil Nazirliyinin birgə fəaliyyəti təcrübəsindən geniş istifadə olunur. Ümumiyyətlə, təhsil və elmin bir-birindən ayrı olmadığı, onların vəhdətinin qorunması vacib məsələ kimi qiymətləndirilir.

Azərbaycanda da Prezident İlham Əliyevin 28 iyul tarixli "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı ilə Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırıldı və AMEA-nın tabeliyindəki elmi müəssisə və təşkilatlar nazirliyin tabeliyinə verildi.

Eyni zamanda elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edildi. Nazirliyin yanında ElmAli Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldı. Bu fərmanla ölkəmizdə elm və təhsilin inteqrasiyalı şəkildə inkişafına start verildibu istiqamətdə islahatlar davam edəcək.

 

 Fərman məzmunca əhatəli, məqsədlərinə görə isə stratejidir        

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı Prezident İlham Əliyevin fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin yaradılmasını bu istiqamətdəki islahatların tərkib hissəsi hesab edirbunun doğru qərar olduğunu vurğulayır.

Deputatın sözlərinə görə, elmimizin idarəedilməsinin təşkilinin səmərəli qurulmasına, qarşısında dayanan vəzifələrin müasir tələblərə uyğun yerinə yetirilməsinə yönələn, ümumi inkişafa fayda verəcək fərman mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə isə stratejidir. Azərbaycan elminin simasını dəyişməyi, səviyyəsini yüksəltməyi və dünyada özünəməxsus yer almasını nəzərdə tutan bu islahat böyük tarixi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, fərmanın uğurla icra edilməsi nəticəsində ölkəmizdə elm və təhsilin inteqrasiyası dərinləşəcək. Elmi tədqiqatların nailiyyətləri universitet auditoriyalarına daha tez daxil olacaq, istehsalata tətbiqi sürətlənəcək. Gənclərin elmə həvəsi artacaq, nəsillər arasında üzvi əlaqə, təbii varislik təmin ediləcək. Dövlətimiz üçün ən vacib olan elmi-tədqiqat işlərinin qısa, orta və uzunmüddətli sistemli planlaşdırılması həyata keçiriləcək, dünya səviyyəsinə çıxa biləcək araşdırmalar aparılacaq.

Musa Qasımlı qeyd edir ki, islahatlar nəticəsində ali təhsilin keyfiyyəti də yaxşılaşacaq: "Dövlətimizin başçısı da ölkəmizin inkişafının qabaqcıl elm, təhsil və yeni texnologiyalarda olduğunu daim vurğulayır. Elmimizin tarixində yeni mərhələ başlayır".

Deputat onu da bildirir ki, görüləcək işlər çox və məsuliyyətlidir.

 

 Elmi potensialın mərkəzi strukturdan idarə edilməsi müsbət tendensiyadır

 

Təhsil eksperti Kamran Əsədov qəzetimizə açıqlamasında deyib ki, hazırda Təhsil Nazirliyinə tabe olan 4432 orta məktəb, 51 ali təhsil, 56 orta ixtisas təhsili, 60-dan çox peşə təhsili müəssisələri, məktəbdənkənar təhsil müəssisələri var. Qərardan sonra 1693 uşaq bağçası və körpələr evi də Təhsil Nazirliyinə verilib. Bu o deməkdir ki, kifayət qədər insan bu platformanın ətrafında birləşib.

Ekspert bildirir ki, elm və təhsil müəssisələri arasında əlaqələrin qurulması, təhsilin pillələri arasında vahidliyin təmin edilməsi məqsədilə Elm və Təhsil Nazirliyinin yaradılması çox müsbət haldır. Onun sözlərinə görə, Azərbaycanda rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasında yeni nazirliyin böyük xidməti və rolu olacaq. Ona görə ki, hazırda təhsildən gözləntilər çoxdur.

Ekspert vurğulayır ki, yeni fərmandan sonra elm və təhsil vəhdət halında inkişaf edəcək. Elmi potensialın mərkəzi strukturdan idarə edilməsi müsbət tendensiyadır. Əslində, dünyanın bir çox ölkəsində bu təcrübədən istifadə edilir. Təhsil Nazirliyi ayrıca deyil, Elm və Təhsil Nazirliyi, yaxud Elm, Təhsil və İnnnovasiyalar üzrə Nazirlik kimi fəaliyyət göstərir. İnnovativ yeniliklərin həyata keçirilməsi üçün nazirliyin qarşısında böyük hədəflər olur.

Ekspertlərin fikirləri, eyni zamanda dünya təcrübəsindən də görünür ki, elm və təhsilin vəhdət halında inkişafı daha uğurlu nəticələrə gətirib çıxarır. Bu, təhsil pillələri arasında bağ yaratmaqla, insanları elmə həvəsləndirir. Bununla da savadlı kadrlarla yanaşı, düşünən beyinlər artır. Bu da əksər sahələrə müsbət təsir edir. Müasirləşən, durmadan inkişaf edən dünyamızda elmin rolu əvəzsizdir. Necə deyiblər, elm inkişafın ön cəbhəsidir. Ön cəbhədə olmaq üçün isə hər şey məktəbdən, hətta bağçadan başlayır desək, yanılmarıq.

 

 Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 9 avqust.- S.1;4.