Koronavirus payıza doğru aktivləşə bilər

 

Dünyada bu virusa yoluxanların sayı 600 milyona, ölənlərin sayı isə 6,5 milyona yaxındır

 

Görünən odur ki, iki ildən artıqdır dünyanın mübarizə apardığı COVID-19 insanlığın yaxasını hələ uzun müddət buraxmayacaq. Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək, görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb.

Dünyada koronavirusa yoluxanların sayı 600 milyona, ölənlərin sayı isə 6,5 milyona yaxındır. Bu statistikanı beynəlxalq təşkilatların, federalyerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib. Məlumata əsasən, bu virusa ən çox yoluxma halları ABŞ, Hindistan, Braziliya, Fransa, AlmaniyaBöyük Britaniyada qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artım, əsasən, "Omikron" ştamının mutasiya olunan yeni növləri hesabına baş verib. COVID-19-un təkamülünün istiqaməti və yeni ştamların xüsusiyyətləri tam müəyyən olunmayıb. Belə hesab edilir ki, bu ştamlar digər koronavirus ştamlarından daha az öldürücü olsalar da, yoluxma sürətinə görə birincidirlər. Virus, əsasən, yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır. Məhz buna görə ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.

 

 Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxşdir

 

Ölkəmizdəki epidemioloji vəziyyəti dəyərləndirən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi ki, əksər məhdudiyyətlərin xeyli vaxtdır aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır.

Mütəxəssis qeyd edir ki, bu tip infeksiyalar əsasən payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır: "Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. COVID-19-un öhdəsindən gəlmək və özümüzü qorumaq üçün birgə səy göstərməliyik".

 

Qaydalara riayət etməklə özümüzü qoruya bilərik

 

Ölkəmizdə epidemioloji vəziyyətin sabit olmasına səbəb peyvəndləmə siyasətinin ilk günlərdən yüksək səviyyədə həyata keçirilməsidir. Həm virusun mutasiyası, həm də insanların vaksinasiyadan keçməsi xəstələrdə simptomların ağırlaşmasının, habelə ölüm hallarının kəskin azalmasının səbəbidir.

Vaksinasiya ilə yanaşı, ehtiyat tədbirlərini də əldən verməməli, sanitar-gigiyenik qaydalara riayət etməliyik. İnfeksionist deyir ki, virusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır: "İlk növbədə qapalı məkanlarda, ictimai nəqliyyatda, yas yerlərində maskadan istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdən bacardıqca uzaq olmaq, sosial məsafəni (ən azı 1,5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir".

Mütəxəssis onu da qeyd edir ki, bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. Lakin bir müddət gündəlik yoluxmada özünü göstərən ikirəqəmli göstəricilər insanlarda arxayınlıq yaratdı, sanki hər şey geridə qaldı: "Epidemiyanın alovlanma dövründə bu sadə qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirikbunu unutmamalıyıq".

 

 Ülkər XASPOLADOVA

 

Azərbaycan.- 2022.- 9 avqust.- S.1; 7.