Ermənistan ordusunda xaos davam edir

 

Son 8 ay ərzində  məğlub ölkənin silahlı qüvvələrinin 28 hərbçisi ölüb

 

Ermənistanda bütün sahələr üzrə özünü getdikcə daha qabarıq formada büruzə verən tənəzzül bu ölkənin ordusunda da acınacaqlı durumun formalaşması ilə müşayiət olunur. Orduda korrupsiya, rüşvətxorluq, özbaşınalıq geniş vüsət alıb. Ümumiyyətlə, cəmiyyətdə olan neqativ tendensiyalar ordunu da bürüyüb. Artıq erməni ordusu maddi-texniki, şəxsi heyətlə təminat baxımından əvvəlki dövrlərlə müqayisədə indi daha ciddi çətinliklər yaşayır.

O da vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyi heçbütün insidentlər haqda məlumat vermir, bəzi hallar gizli saxlanılır. Paşinyan hakimiyyəti üçün ciddi problemə çevrilən məsələlərdən biriqeyri-döyüş şəraitində həyatını itirən əsgərlərlə bağlıdır. Belə əsgərlərin valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doyduqlarını bildirir və ölkə  rəhbərliyinin indiyə qədər onları aldatdıqlarını bəyan edirlər.

Bu günlərdə Ermənistanın "N" saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Arşaluys Ovannisyan (1976-cı il təvəllüdlü) naməlum şəraitdə ölüb. Nazirlik onun ölümünün səbəbini açıqlamayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib. Eyni zamanda Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın məlumatına görə, o, hərbi qulluqçu imiş. Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Basarkeçər (Geqarkunik) qarnizonunun istintaq şöbəsində cinayət işi başlanıb.

Bu, Ermənistan ordusunda son günlər ərzində ikinci müəmmalı hərbçi ölümüdür. Təhlükəsizlik sisteminin ekspertləri işğalçı ölkənin silahlı qüvvələrində vəziyyətin,  həqiqətən də, acınacaqlı olduğunu etiraf edirlər. Onlar hesab edirlər ki, islahatlar aparılmayanadək onsuz da pis vəziyyətdə olan Ermənistan ordusu daha acınacaqlı duruma düşəcək.

Hazırda məğlub ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya onu uçuruma aparır. Bu gün  Ermənistan ordusunda adi hala çevrilən fərarilik, ölüm, təcavüz, korrupsiya, intihar faktları onun vəziyyətinə birbaşa təsirini göstərir.  "4rd.am" saytı  Ermənistan baş prokurorluğunda etibarlı mənbədən aldığı məlumata əsasən, yazır ki, cari ilin 8 ayı ərzində  Ermənistan silahlı qüvvələrinin 28 hərbçisi ölüb. Ölkədə 16 hərbçi xidmət zamanı, 12 hərbi qulluqçu isə qeyri-müəyyən şəraitdə dünyasını dəyişib.  Belə faktların çoxluğu  fonunda aydın görünür ki, ölkədə ordunun çöküşü əvvəlki dinamika ilə davam edir.

Bu arada Ermənistanda sürətlənən iqtisadi tənəzzül yeni işsizlər ordusunun yaranmasına, fəaliyyətini dayandıran müəssisələrin sayının sürətlə artmasına səbəb olur. Erməni mediası yazır ki, bu gedişlə ölkədə hansısa istehsaldan danışmaq mümkün olmayacaq. Elə müharibədəki məğlubiyyətdən sonra Paşinyan komandasının böyük əksəriyyətini yeni kadrlarla əvəzləsə də, bu, hansısa ciddi dəyişikliyə gətirib çıxarmayıb. Bir çox dövlət qurumlarında məmurların ixtisarı da vəziyyəti dəyişmir. Özübu ixtisarlar güc strukturlarını əhatə etmir. Erməni mediası yazır ki, əslində, Paşinyan  hərbi-polis rejimi yaratmaqda maraqlı olduğu üçün ixtisar prosesini bu  şəkildə aparır. Çünki məhz hərbi-polis rejimi şəraitində hakimiyyətini təhlükəsiz sayır.

Digər tərəfdən, bu ixtisarlarla Nikol Paşinyan rejimi büdcə xərclərinə qənaət etməyi düşünür. Amma buna rəğmən, Ermənistanın büdcəsini formalaşdırmaq hökumət üçün getdikcə daha böyük müşkülə çevrilir. Digər tərəfdən, formalaşan büdcənin əsas hissəsi korrupsiya sayəsində ölkə rəhbərliyinin cibinə axır.

 

 Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 9 avqust.- S. 1; 7.