III Yay Düşərgəsinin sonuncu
panelində diaspor gənclərinin şəbəkələşməsi
prosesi müzakirə edilib
Diaspor
Gənclərinin Şuşada gerçəkləşdirilən
III Yay Düşərgəsində “Şəbəkənin
genişləndirilməsi və Azərbaycan Diaspor Gənclərinin
(ADG) təqdimatı” mövzusunda panel iclası keçirilib.
Komitədən
AZƏRTAC-a bildiriblər ki, panel iclasında Diasporla İş
üzrə Dövlət Komitəsinin (DİDK) sektor müdiri
Emin Rüstəmov və Avropa Şurasının Gənclər
departamentinin Təlimçilər Şəbəkəsinin
baş təlimçisi Pərvanə Məmmədova
çıxış ediblər.
Diaspor sahəsində şəbəkələşmənin mühüm amil olduğunu vurğulayan çıxışçılar bildiriblər ki, düşərgə iştirakçılarının bu prosesdə fəal iştirakı, tarixi vətənlərini yaşadıqları ölkələrdə yüksək səviyyədə təmsil etmələri böyük əhəmiyyət kəsb edir. Şəbəkələşmə prosesinin müxtəlif istiqamətləri barədə tövsiyələr səsləndirilib.
Sonra panel iştirakçılarına Dövlət Komitəsinin diaspor gəncləri ilə bağlı həyata keçirdiyi müxtəlif layihələr, ADG şəbəkəsinin yaranması, indiyədək görülən işlər və gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ADG-nin fəaliyyətində yeni mərhələ başlayıb. Artıq bu şəbəkədə təmsil olunan gənclərimizə üzvlük vərəqələri paylanılıb və onlar öz imzaları ilə ADG üzvü olduqlarını təsdiqləyiblər.
Müzakirələrin gedişində düşərgə iştirakçıları gələcək fəaliyyət istiqamətləri – Azərbaycanın yeni reallıqlarının təbliğ olunmasına, Qarabağın dünyada tanıdılmasına dair çoxlu sayda təkliflər səsləndiriblər. Onlar qeyd ediblər ki, III Yay Düşərgəsində və Şuşada gördükləri barədə təəssüratlarını mütləq yaşadıqları cəmiyyətlərin nəzərinə çatdıracaq, diaspor gənclərinin şəbəkələşməsində fəal iştirak etməyə və bu mühüm prosesə əhəmiyyətli töhfələr verməyə çalışacaqlar.
Sonda tədbir
iştirakçılarının sualları
cavablandırılıb.
Azərbaycan.- 2022.- 9 avqust.- S.7.