Yalan və qərəzli informasiyalar cəmiyyətdə çaşqınlıq yaradır

 

Baş Prokurorluğun bunu yayanlara qarşı həyata keçirdiyi tədbirlər davam etdirilməlidir

 

Son dövrlərdə, doğru məlumata ehtiyacın yarandığı zamanda müxtəlif şəxslər tərəfindən həm sosial şəbəkələrdə, həm də bəzi elektron KİV-də qərəzli, həqiqətdən uzaq, şişirdilmiş informasiyalara rast gəlirik.

Belə məlumatlar xəbər gözləyənləri rahatsız etməklə yanaşı, cəmiyyətdə yanlış fikir formalaşdıra bilir. Xüsusən, çaşqınlıq yaratmaq üçün qoyulan xəbər başlıqları bəzi şəxsləri təşvişə salır.

 

Yoxlanılmamış məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur

 

Yaranmış vəziyyətdən sui-istifadə edib ajiotaj yaradan xəbərləri yayımlayanlar, bununla "İP" toplayan, daha çox "like" yığanlar və diqqəti cəlb etmək istəyənlər az deyil. Bəzən rəsmi olmayan məlumatlar belə sürətlə yayılaraq insanlar arasında təşviş yaradır. Elə şəxslər var ki, "ilk xəbəri mən verdim" imicini formalaşdırmaq üçün kimdənsə eşitdiyi əsassız məlumatı ölçüb-biçmədən, nəticələrini düşünmədən status xətrinə yazır.

Belə xəbərlərin yayılmasının qarşısını almaq üçün Baş Prokurorluq tərəfindən tədbirlər həyata keçirilir. Bununla bağlı Baş Prokurorluq media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə müraciət də edib. Qeyd olunub ki, aparılan monitorinqlərlə mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmaması müəyyən edilib. İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş Prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb. Həmin şəxslərə "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə əsasən, gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı  xəbərdarlıq edilib.

Müraciətdə bir daha bildirilib ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

Hüquqi məsuliyyətlə bağlı maarifləndirmənin artırılmasına ehtiyac var

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli qəzetimizə açıqlamasında bildirib ki,  son dövrlər  sosial şəbəkələr bəzi müsbət tərəfləri ilə yanaşı, həm də bir bəlaya çevrilib.

Deputatın sözlərinə görə, sosial şəbəkələrdə nəzarəti mümkün olmayan tendensiyalar gedir. Bu, dövlətlərin təhlükəsizliyi, mənəviyyatla və digər məsələlərlə bağlı olur. Dəfələrlə məlumat verilib ki, hərbi sirlər, hərbi hissələrin yerdəyişməsi ilə bağlı internet saytlarında xəbərlər verilməsin. Ümumiyyətlə, sosial şəbəkələrdə bəzən şişirdilmiş məlumatlara çox rast gəlinir. Baş Prokurorluq ardıcıl olaraq belə halları pisləyir, xəbərdarlıq edir, vətəndaşlara məsuliyyətli davranmalarını bildirir. Ancaq görünür ki, bu, istənilən nəticəni vermir.

Tahir Kərimli hesab edir ki, bu halların qarşısının alınması üçün təkcə həmin şəxslərin cəzalandırılması, onlara xəbərdarlıq edilməsi ilə kifayətlənməməli, eyni zamanda kütləvi informasiya vasitələrində maarifləndirici materialları da artırmaq lazımdır: "Xüsusən nüfuzlu nəşrlərdə, onların rəsmi saytlarında bir bölmədə hansı məsələlərin işıqlandırılmasının qanunla qadağan olunduğu bildirilməlidir. Vətəndaşlara xəbərdarlıq edilməlidir ki, onlar bunu bilmədiyini, xəbəri olmadığını deməsinlər".

 

Deputat qeyd edir ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti dəfələrlə bu barədə xəbərdarlıq edib. Bu istiqamətdə işləri davam etdirmək lazımdır. Hüquqi məsuliyyətlə bağlı maarifləndirmənin artırılmasına ehtiyac var.

 

 Sosial şəbəkədə mütləq şəkildə ayıqlıq və sayıqlıq göstərmək lazımdır

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyir ki, keçirilən hər bir hərbi əməliyyat, qoşunların dislokasiyası məxfi xarakter daşıyır. Həm düşmən xüsusi xidmət orqanları, həm də düşmənlərin havadarları olan bir sıra dövlətlərin xüsusi xidmət orqanları açıq mənbələrdən istifadə edirlər. Bu proseslərdə düşmənə informasiya ötürüldüyünüunutmaq olmaz.

Deputatın fikrincə, buna görə də sosial şəbəkədə mütləq şəkildə ayıqlıq və sayıqlıq göstərmək lazımdır: "Təəssüf ki, bəzən kiminsə öz bilgilərini vətəndaşlara çatdırmaq üçün atdığı addımlar acınacaqlı nəticələr verir. Bundan başqa, hərbçilərin özlərinə də konkret göstəriş verilib ki, hər hansı əməliyyatın çəkilişini yaymasınlar".

Arzu Nağıyev deyir ki, Müdafiə Nazirliyi bir neçə hərbçi haqqında, onların hərbidən uzaqlaşdırılması, müvafiq maddə ilə müqavilələrinin pozulması barədə məlumat yaymaqdadır. Baş Prokurorluq da bu istiqamətdə ciddi addımlar atır, profilaktik tədbirlər görür, əməliyyat-istintaq hərəkətləri həyata keçirir.

Deputatın sözlərinə görə, sosial şəbəkələrdə Azərbaycanı sevməyənlər, həmçinin ermənilərin tərəfdarı olanlar da var. Onlar Azərbaycanın atdığı hər hansı müsbət addımı həmişə özlərinin maraqlarına uyğun dəyişdirməyə çalışırlar. Hətta bir sıra ictimai xadimlərin çıxışlarını, vətənpərvərliklə bağlı müsbət addımlarını kənara qoyaraq, hansısa  məsələni şişirdərək onları nüfuzdan salmağa çalışırlar.

Deputat düşünür ki, bu halların hamısına nəzarət var: "Unutmaq lazım deyil ki, müharibənin hərbi fazası sona çatsa da, erməni tör-töküntüləri, quldurları hələ də ərazimizdədir. Həm informasiya müharibəsi, həm keçirilən əməliyyatlar birmənalı olaraq bizim qələbəmiz üçündür. Buna görə də ayıq-sayıq olmaq lazımdır".

Onun sözlərinə görə, sosial şəbəkə istifadəçiləri də hər zaman nəyi, niyə, nəyin naminə etdiklərini dərk etməlidirlər: "Çünki biz birlikdə güclüyük! Həm Ali Baş Komandana, həm də Müzəffər Azərbaycan Ordusuna, əməliyyatı keçirən hər bir hərbçiyə dəstək olmalıyıq. Atacağımız bir səhv addımın ağır nəticəyə gətirib çıxara biləcəyini unutmamalıyıq. Buna görə də Azərbaycan xalqı, ziyalılar, sosial şəbəkə istifadəçiləri, KİV nümayəndələri bir olub qələbə naminə öz addımlarını atmalıdırlar".

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 10 avqust.- S.6.