Cəbrayılın son 90 illik tarixinə işıq salan "Xudafərin"

 

"Xudafərin" qəzeti 1932-ci ildən nəşr olunur. Artıq 90 ildir ki, Cəbrayıl rayonunun ictimaiyyəti ilə ünsiyyətdə olan qəzet bu müddət ərzində oxucularının sevimlisinə çevrilib.

Bunun əsas səbəbi isə təbii ki, qəzetin qələm əhlidir. "Xudafərin"in müxtəlif dövrlərdə adlı-sanlı, tanınmış redaktorları olub - Adil Əbilov, Xasay Əliyev, Şahsuvar Yusifov, Qaryağdı Həsənov, Əfsər Məmmədov, İnqilab Əliyev, Fehruz Atakişiyev, Sirac Rüstəmov, Ədil Şərifov, Hafiz Hüseynov, Sərməst Seyidəliyev, Afər Əhmədov, Seyfəddin Əliyev, Sahib Abdullayev. Məhz onların sayəsində qəzet sarsılmaz bünövrə tutub, mənəvi inkişaf yolu keçib. Bir Cəbrayılın adlı-sanlı, tanınmış ziyalılarının, yazarlarının demək olar əksəriyyəti "Xudafərin"in şinelindən çıxaraq püxtələşiblər. Bu mənada "Xudafərin" Cəbrayılın qələm adamlarının mənəvi yaradıcılıq mərkəzi rolunu da oynayıb. Şair İsmayıl İmanzadənin rəhbərliyi altında rayonda fəaliyyət göstərən "Ümid" Ədəbi Birliyi üzvlərinin sayseçmə şeir nəsr nümunələrinin ilk dəfə "Xudafərin"də işıq üzü görməsi bunun təsdiqidir.

"Lenin bayrağı" adı altında həyata vəsiqə alan, 1960-cı illərin əvvəllərində "Kolxozçu", 1990-cı illərin əvvəllərindən isə "Xudafərin" adı ilə nəşr olunan qəzet yeni adı ilə keçmiş sovet stereotiplərindən sıyrılmış, kommunist düşüncələrindən azad olmuşdur.

Məlumdur ki, 30 ilə yaxın Cəbrayıl camaatı erməni işğalı nəticəsində məcburi köçkün həyatı yaşamışdır. Bu ağır illərdə "Xudafərin" cəbrayıllıların birlik rəmzinə, dərd-sərini bölüşdükləri mənəvi məkana çevrilmişdir. Qəzet imkanı daxilində həmyerlilərinin yurda qayıtmaq ümidlərini ölməyə qoymamış, "Xudafərin" adına, harayına sığınanların ümid ünvanı olmuşdur.

7 il baş redaktorun müavini, 14 il baş redaktor kimi fəaliyyət göstərdiyim zamanda həmişə bir arzum olmuşdur ki, insanlarımızla bərabər "Xudafərin" məcburi köçkünlükdən qurtulsun, doğma Cəbrayılımıza qovuşsun. Artıq bu arzum çin olmuşdur. 2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının ildönümünü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə doğma Cəbrayılda qeyd etdik. Həmin tədbirə "Xudafərin" qəzetinin müxtəlif saylarını da aparmışdım. Cənab Prezidentlə görüşəndə onları təqdim etdim. Dövlət başçısı diqqətlə qəzetə göz gəzdirdi. Bu, mənim üçün bir sevinc, qürurverici an idi. Çünki ürəyimdəki arzuma çatmışdım - "Xudafərin" Ali Baş Komandanı - qalib sərkərdəni Cəbrayılda salamlayırdı.

Bütün bunlardan sonra heç şübhə etmirik ki, ağır illərin sınağından çıxan, yurddaşlarının qələbə qayıdış inamını ölməyə qoymayan 90 yaşlı "Xudafərin" tezliklə Cəbrayıl sakinlərinin doğma yurda dönüşünün bələdçisi rayonumuzda aparılan bərpa-qurculuq işlərinin tərənnümçüsü olacaq.

 

ŞAKİR ALBALIYEV,

 

"Xudafərin" qəzetinin baş redaktoru,  filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2022.- 10 avqust.- S.8.