Prezidentin xəbərdarlığı Ermənistan üçün ciddi siqnal olmalıdır

 

Əks təqdirdə ermənilər aqibətlərinin acınacaqlı olacağını yaxşı başa düşürlər

 

Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan yenə də humanist addımlar ataraq məğlub Ermənistanı sülhə dəvət edir, ona düşdüyü acınacaqlı durumdan qurtuluş yolu göstərir. Prezident İlham Əliyev eyni zamanda bütün çıxışlarında erməniləri çirkin əməllərdən, təxribatlardan yayınmağa çağırır.

Azərbaycan Prezidenti sülh müqaviləsinin bağlanmasının həm Ermənistan, həm  region üçün əhəmiyyətli olduğunu dəfələrlə vurğulayıb.

Lakin Ermənistan rəhbərliyi hər vəchlə sülhdən yayınır, hələ bu azmış kimi, Azərbaycan torpaqlarında saxladığı qanunsuz silahlı birləşmələri vasitəsilə təxribatlar da törədir. Beləliklə, 10 noyabr Bəyanatında üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində bir daha erməni xalqına mesaj ünvanlayaraq vəziyyəti düzgün təhlil etmələrini bildirdi. Eyni zamanda Laçına, Zabuxa tezliklə qayıdacağımızı diqqətə çəkdi, Ermənistana avqustun sonuna kimi vaxt verildiyini qeyd etdi. İndi seçim Ermənistanındır.

 

Bu fürsətləri qaçırmaq Ermənistana böyük faciələr yaşada bilər

 

Milli Məclisin İnsan hüquqları komitəsinin deputatı, Böyük Quruluş Partiyasının  rəhbəri Fazil Mustafa bildirir ki, əslində, Prezident İlham Əliyev tərəfindən Ermənistana bir yol xəritəsi ilə bağlı açıqlamalar verilib.  Bu açıqlamalarda Ermənistanın sülh prosesini uzatmağının birinci növbədə özlərinə ziyan vuracağı vurğulanıb: "Ermənistan verdiyi vədləri yerinə yetirmək iqtidarında deyilyaxud da arzusunda deyil. Prezident xüsusi qeyd etdi ki, Ermənistan bunun əvəzini daha ağır ödəyə bilər".

Deputatın fikrincə, indiki fürsətləri qaçırmaq Ermənistana böyük faciələr yaşada bilər. Dövlət başçısı qətiyyətli mövqeyini torpaqların imzalanan sənədə uyğun olaraq boşaldılmasını təmin etmə məsələsində də göstərdi. Verilən vaxt ərzində boşaldılmasa, Azərbaycan Ordusu yeni zərbə ilə ərazilərimizdəki qanunsuz hərbi birləşmələri darmadağın edəcək. Buna heç kim qarışa bilməz, çünki bura Azərbaycan torpaqlarıdır və suveren torpaqlarımızda öz hüquqlarımızı gerçəkləşdiririk. Bundan başqa, ortada imzalanmış sənəd var və Ermənistanın burada yer alan şərtlərdən qaçmağa imkanı yoxdur. Belə bir vəziyyətdə Ermənistanın sülh müqaviləsi ilə bağlı təklifləri gözardı etməsi problem yaradır.

Fazil Mustafa hesab edir ki, indi Ermənistanda hökumət daxili vəziyyətlə əlaqədar bir sıra addımların atılmasına risk etmir. Bu ölkədə populist çıxışlar müxalifətin səsini azaltmaq üçün səsləndirilir: "Reallıqda deyirlər ki, proseslər getdikcə Ermənistan üçün daha böyük itkilərə səbəb ola bilər. Ona görə həm danışıqların intensivləşməsi, həm verilən vədlərin yerinə yetirilməsi, həm də torpaqların boşaldılması vacibdir".

Deputat deyir ki, hələ ermənilər gələcək sülhə əsas verəcək davranış sərgiləmirlər. Onlar evləri, meşələri yandırıb çıxırlarsa, bu onu göstərir ki, başqa islah yolu yoxdur, ancaq onları "dəmir yumruq"la başa salmaq mümkündür. İdeoloji cəhətdən zəhərləndiklərinə görə, mədəni çağırış və tələblər onların beyinlərinə çatmır. Prezident Ermənistanı gözləyən təhlükələr barədə bir daha onlara xatırlatma etdi. Bildirdi ki, bunun cavabını Azərbaycan istənilən variantlarda verməyə hazırdır, burada uduzan tərəf yenə Ermənistan olacaq. 

 

Xankəndi ilə Ermənistan arasında əlaqənin necə qurulacağı erməniləri ciddi düşündürməlidir

 

Ekspertlər, siyasətçilər də hesab edirlər ki, ermənilər "Qisas" əməliyyatından dərs çıxarmalı, separatçı dəstələri Azərbaycan torpaqlarından geri çəkməli, tezliklə sülh müqaviləsinin bağlanması istiqamətində addımlar atmalıdır. Əks təqdirdə yenə uduzan Ermənistan olacaq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan tərəfi Ermənistana hər zaman münasibətlərin normallaşdırılması, yekun sülh sazişinin bağlanması ilə bağlı çağırışlar edib.

2020-ci ilin 10 noyabr Bəyanatında yer alan şərtlərə əməl olunmasının vacibliyi həm Azərbaycan, həm də Rusiya tərəfindən qeyd olunub. Lakin Ermənistan tərəfi bu günə qədər əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməyib. Görünən odur ki, erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması tələbindən Ermənistan yayınıb. Ermənistanın baş naziri N.Paşinyan çıxışında bildirir ki, orada  Ermənistan ordusunun əsgərləri deyil, müqavilə əsasında xidmət edənlərdir. Paşinyan dolayısıyla etiraf edir ki, Azərbaycan ərazisində qanunsuz erməni silahlılarını məhz Ermənistan saxlayır. Çünki Ermənistan büdcəsinin xərclər maddələrindən biri "Qarabağla" bağlıdır, yəni oradakı silahlılar Ermənistan büdcəsindən maliyyələşirlər.

Elşad Mirbəşiroğlu deyir ki, Ermənistan təxribatçı mövqeyində qalmaqla bütün hallarda özünü oda atır. 2020-ci ilin sentyabrına qədər Azərbaycan Ermənistana şans verirdi. Münaqişəni dinc yolla tənzimləməyə çalışırdı, amma Ermənistan Azərbaycanın bu mövqeyini düzgün qiymətləndirə bilmədi. Nəticədə 2020-ci ilin payızında olduqca ağır məğlubiyyətə uğradı. Ermənistan ordusu darmadağın edildi. Lakin kapitulyasiya aktı imzalayan Ermənistan təxribatçı mövqeyində qalmaqda davam edir. Elə bu təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub: "Azərbaycan cavab olaraq "Qisas" əməliyyatı keçirdi. Ermənistanı növbəti dəfə məğlubiyyətə uğratdı, bir neçə strateji yüksəkliyi nəzarətə götürdü. Bununla postmünaqişə dövründə hərbi mövqelərimizi əhəmiyyətli dərəcədə gücləndirdik".

Elşad Mirbəşiroğlu qeyd edir ki, Azərbaycan Prezidenti Laçın şəhərindən, ZabuxSus kəndlərindən ermənilərin çıxmasını son dəfə sərt şəkildə tələb edib. Ermənistan reallığa uyğun davranmalıdır: "Erməni separatçıları bizim ərazilərdə təxribatlar törədərək ümid edirdilər ki, indiki şəraitdə Azərbaycan genişmiqyaslı cavab tədbirləri görməyəcək. Amma Azərbaycan artıq iki dəfə - biri Fərrux yüksəkliyi ətrafında, ikincisi, Laçında törədilmiş təxribatla əlaqədar cavab tədbirləri həyata keçirtdi. Bununla da ermənilərin gözləntiləri puç oldu. Artıq dərk edirlər ki, heç bir manevr imkanları mövcud deyil".

Deputatın sözlərinə görə, avqustun 5-nə qədər Laçın şəhəri, ZabuxSus kəndləri boşaldılmalı idi. Lakin ermənilərin Azərbaycana müraciəti əsasında onlara avqustun axırına kimi vaxt verilib. Bu ayın sonuna kimi ermənilər Laçın şəhəri və ətraf kəndləri  boşaltmalıdırlar.

Ermənilərin hərbi cinayətlərindən söz açan deputat bildirir ki, Prezident İlham Əliyev bu ölkəyə sərt şəkildə xəbərdarlq etdi. Ermənistan da görür ki, proseslər Azərbaycanın maraqlarına uyğun davam edir. Azərbaycan özü üçün elə bir şərait formalaşdırıb ki, hər hansı məsələni dərhal həll etmək imkanındadır: "Artıq bizim üçün zamana ehtiyac yoxdur. Azərbaycan avqustun axrına kimi vaxt verib, ondan sonra Laçın dəhlizini tam nəzarətə götürəcək. Belə olan halda Xankəndi ilə Ermənistan arasında əlaqənin necə qurulacağı erməniləri ciddi düşündürməlidir.

Azərbaycan Prezidentinin sərt xəbərdarlığı ermənilər üçün ciddi siqnal olmalıdır. Prezident İlham Əliyevin xəbərdarlığına məhəl qoymayacaqları halda artıq aqibətlərinin acınacaqlı olacağı qaçılmazdır".

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 16 avqust.- S.1; 3.