Prezident qətiyyəti

 

İlham ƏLİYEV: "Ərzaq təhlükəsizliyi məsələləri əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq"

 

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının ayrılmaz hissəsidir. Odur ki, dünyada gedən iqtisadi proseslər ölkəmizə də təsir edir. O cümlədən ərzaq məhsullarının bahalaşması da ölkəmizə təsirsiz qalmır.

Bu gün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı böyük narahatlıq olduğuna görə  Azərbaycan bu istiqamətdə fəal aparır. Məqsəd görülmüş və görüləcək işlər nəticəsində ölkədə ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir. Doğrudur, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar müsbət nəticəsini verir. Lakin dünyadakı ərzaq bahalaşması bu sahədə yeni, ardıcıl tədbirlərin həyata keçirilməsini tələb edir.

Xüsusilə taxıl qıtlığı bu gün müzakirə olunan başlıca mövzulardan birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan televiziyasına verdiyi müsahibədə bu məsələyə xüsusi olaraq toxunub: "Əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildibunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır".

Lakin bu gün söhbət təkcə qiymətdən getmir. Eyni zamanda taxıl qıtlığı yaşanır.  Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər.

Çünki taxılın əsas ixracatçıları Rusiya və Ukraynadır. Ona görə də bu məsələdə böyük problemlər yaranmışdır. Ancaq ölkəmiz həmin sahədə problem yaşamır. Prezident bildirib ki, biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində ölkəmizə istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə, artıq özümüzdə də gübrə istehsal olunur. Karbamid gübrəsini  hətta ixrac edirik. Digər gübrələr isə ölkəmizə kənardan gətirilir.

Yeri gəlmişkən qeyd edək ki, torpaqlarımız erməni işğalçılardan azad olunandan sonra Prezident dərhal vaxt itirmədən həmin yerlərdə əkin-biçinlə məşğul olmaq barədə göstəriş vermişdir. Bu il 50 min hektarda taxıl əkilmişdir və məhsul yığımı artıq yekunlaşır. Dövlət başçısı  məhsuldarlığın  aşağı olduğunu qeyd edərək demişdir: "Bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilirbirinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə".

Xatırladaq ki, Qarabağdakı və Şərqi Zəngəzurdakı çaylarımız da 30 il erməni işğalında olmuşdu. Düşmənin bəd əməlləri bizi suyumuzdan da məhrum etmişdi.  Tərtər çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayı, Bazar çayı və bir çox digər çaylar eyni taleyi yaşamışlar.

Lakin şübhə yoxdur ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyinin  təmin edilməsinə öz töhfələrini verəcək. Bunun üçün praktiki işlər aparılır. Torpaqlar minalardan təmizlənir. Növbəti illərdə əkin sahələrindən daha bol məhsul götürmək üçün suvarma layihələri, aqrotexniki tədbirlər həyata keçiriləcək, subsidiyalar işə böyük dərəcədə kömək edəcək. Çünki azad edilmiş ərazilərimizdə  kənd təsərrüfatının - həm bitkiçiliyin, həm də heyvandarlığın inkişafı  üçün münbit iqlim və təbii şərait var. Dövlət bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməyi qarşıya məqsəd qoyub. Nəzərə alsaq  ki, hələ özümüzü tam, yəni 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik, bunun necə böyük əhəmiyyət daşıdığı daha aydın olar.

İndi bu istiqamətdə ardıcıl işlər aparılır. Əvvəllər ölkə üçün ənənəvi olmayan, yəni sovetlər dönəmində az inkişaf edən heyvandarlıq sahəsinə diqqət getdikcə artırılır. Nəticə odur ki, bu gün özümüzü ət məhsulları ilə 90, quş əti ilə 80, südsüd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Dövlət başçısı növbəti 3-5 il ərzində bu sahədə 100 faiz səviyyəsinə çıxacağımıza əmin olduğunu bildirir. Baxmayaraq ki, əhali çoxalması ilə təlabat da artır. Başqa sözlə, ərzaq təhlükəsizliyi ilə bağlı  məsələlər daim  gündəmdədir.

Azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir, planlı şəkildə ixtisaslaşma əsasında təşkili həmçinin oraya qayıdacaq insanların əkin-biçinlə məşğul olmasına, dolanışıqlarını özlərinin təmin etməsinə, yaxşı qazanc götürməsinə imkan verəcək. Eyni zamanda  ölkəmizin ərzaqla təminatı və ixrac imkanları da xeyli  artacaq.

İlk nəticələr artıq görünür. İkinci ildir çobanlar qoyun sürüləri ilə heyvandarlığın inkişafı üçün böyük perspektivləri olan Kəlbəcər, Laçın, Zəngilan rayonlarına göndərilib. Kəlbəcər və Laçında arıçılar öz təsərrüfatlarını quraraq fəaliyyətə başlayıblar və artıq şirin nemət istehsal edirlər. Bu rayonlar tezliklə bal ixracatçıları sırasına qoşulacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında isə taxılçılıq, eləcə də üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdiriləcək. Görülən kompleks tədbirlər nəticəsində ən böyük məhsuldarlıq məhz Qarabağ və Şərqi Zəngəzur torpaqlarında olacaq.

Göründüyü kimi, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar artıq öz bəhrəsini verir. O ki, qaldı ərzaq təhlükəsizliyi ilə bağlı dünyada yaranmış narahatlığa, dövlət başçısı qətiyyətli şəkildə vurğuladı ki, Azərbaycan da bu istiqamətdə fəal aparır. Görülmüş və görüləcək işlər nəticəsində Cənubi Qafqazın lider dövləti bu sahədə də özünü təmin etmiş ölkəyə çevriləcək: "Ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq".

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-16 avqust.- S.1; 4.