Ecazkar və füsunkar:
TƏBİİ SƏRVƏTLƏRİMİZ
Azərbaycan
çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə
malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu
olan bu incilər
dövlət tərəfindən xüsusi
mühafizə olunur və davamlı tədbirlər
həyata keçirilir. Park
və qoruq yerlərinin əksəriyyəti
təbii iqlim şəraitinə görə
əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla
park və qoruqlar turist cəlbi baxımından da
əhəmiyyətlidir.
Hazırda
ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi
mühafizə olunan təbiət əraziləri, o cümlədən
10 milli park, 11 dövlət təbiət qoruğu və 24
dövlət təbiət yasaqlığı fəaliyyət
göstərir.
Dövlət
təbiət qoruğu mövcud təbiət kompleksləri
qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini
öyrənmək üçün xüsusi qorunan təbiət
ərazisidir.
Dövlət
təbiət yasaqlığı təbiət komplekslərinin
və onların komponentlərinin qorunması və ya bərpası,
habelə ekoloji tarazlığın saxlanılması
üçün əhəmiyyət daşıyan sahəsidir.
Milli
Parkın yaradılmasında məqsəd ərazidə
müxtəlif növ heyvanların qorunub saxlanması ilə
yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin
ekoloji cəhətdən maarifləndirilməsi və turizm
üçün əlverişli şərait
yaradılmasından ibarətdir.
Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.
Qəzetimizin bu sayında Milli parklar seriyasından Abşeron Milli Parkı
haqqında yazını dərc edirik.
"Respublika".
Abşeron Milli Parkı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında ərazisi 783 hektar olan Abşeron Milli Parkı yaradılmışdır. 2015-ci ildən isə sanitariya-mühafizə zonası da əlavə olunmuş və ərazinin ətrafı bütün perimetri boyunca quruda 375 hektar, dənizdə 408 hektar müəyyənləşdirilmişdir.
Milli Park yarımadanın cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir. Rəvayətə görə, əvvəllər bura yüksək mənsəbli əyanlar, o cümlədən şahlar ova gəlirmiş. Ona görə də buranı yerli əhali Şah Dili adlandırırdı. Xəritədə isə bu ərazini qartalın dimdiyinə bənzədirlər.
Abşeron Milli Parkının yaradılmasında məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması, ekoturizmin inkişafı, turizm və istirahət zonalarının yaradılmasıdır. Burada torpaq örtüyü yaxşı inkişaf etmiş, ərazi əsasən qumluqlarla örtülmüşdür. Ərazidə yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipi hakimdir.
Milli Parkın
heyvanat aləmi də çox zəngindir. Burada 50-dən
artıq quş və heyvan növlərinə rast gəlinir. Ərazidə
quşlardan gümüşü
qağayı, fısıldayan
qu quşu, qırmızıbaş qaz,
buzquyruq, yaşılbaş
ördək, ağgöz
qaraördək, kəkilli
dalğıc, böyük
ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz
bozcası, məməli heyvan növlərindən isə
ceyran, canavar, çaqqal, çölpişiyi,
yenot, oxlu kirpi, tülkü, porsuq, dovşana rast gəlinir. Sürünənlərdən isə
Aralıq dənizi tısbağası, Xəzər
tısbağası, Qafqaz
kələzi, koramal, gürzə, suilanı, Xəzərin sularında suiti və həmçinin müxtəlif
növ balıqlar məskunlaşmışdır.
Fısıldayan qulələk respublikanın
böyük göllərində,
su anbarlarında Xəzər dənizi sahillərində qışlayan
köçəri quş
növüdür. Müxtəlif su həşəratları
və onların sürfələri, lildə
yaşayan xırda heyvanlar və həmçinin sualtı bitkilərlə qidalanır.
Rəngi qar kimi ağ
olan bu quş
boynunu əyəndə
sual işarəsinə
oxşayır. Səsi yoxdur,
yalnız fısıldayır.
Azərbaycanda Xəzər
sahilində və
aran rayonlarında olan iri göllərdə
qışlayır, ovlanması
yasaq edilib. Fısıldayan qulələk,
adi soltanquş, ağgöz qaraördək,
adi flaminqo, kürən vağ, qıvrımlələk qutan
və s. nadir və nəsli kəsilməkdə
olan quşlar sırasında olduğu üçün Azərbaycanın
"Qırmızı Kitab"ına daxil edilmişdir.
Ərazidə 25-ə qədər bitki növü mövcuddur. Dəniz
sahili qum
bitkiləri, birillik şoran otları və s. yayılmışdır. Yovşan cinsindən Azərbaycanda
17 növə, o cümlədən
becərilən 1 növə
rast gəlinir. Yovşan növləri quraqlığadavamlı, az
şoran torpaqlarda yayılan bitki növüdür. Qış aylarında
qışlaqlarda yem ehtiyatı kimi yovşanlar böyük əhəmiyyətə malikdir.
Bəzi yovşan növlərdən
qurda qarşı dərman kimi istifadə olunan santonin hazırlanır.
Milli Parkın
ərazisində xeyli miqdarda xəzər suitisi var. Bu heyvanlar Xəzər dənizində
məskunlaşan yeganə
dəniz məməlisidir. Onlar pərayaqlıların yeganə
nümayəndəsidir ki,
Dünya okeanının
ən kiçik suitisi kimi "Gennesin Rekordlar Kitabı"na daxil edilmişdir. Bu, Xəzər dənizində
yayılmış endem
növdür.
Bakıya ən yaxın ərazidə yerləşən
Abşeron Milli Parkı təmiz suyu və havası
ilə yarımadanın
ekoturizm üçün
ən əlverişli
məkanıdır.
Kamil İSMAYIL
Respublika.- 2022.- 6 avqust.- S.7.