Azərbaycanın
humanist siyasətindən Ermənistan dərs almalıdır
Məğlub
ölkə bəhanələr səsləndirib təxribatlar
törətməkdənsə, götürdüyü öhdəliyi
yerinə yetirib özünü düşdüyü
acınacaqlı vəziyyətdən xilas edə bilər
"Biz həmişə
humanizm prinsipinin aliliyini əsas götürmüşük və
bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan
tərəfindən də regionda vəziyyətin daha artıq
dərəcədə proqnozlaşdırıla bilən
olması üçün şərait yaradılması niyyətini
görürük. Mən dəfələrlə
demişəm, biz Azərbaycanda Ermənistan ilə
çoxillik qarşıdurma səhifəsini çevirmək,
normal qarşılıqlı fəaliyyət mərhələsinə
başlamaq əzmindəyik və düşünürəm
ki, məhz bu formatda öz məqsədlərimizə
çatacağıq".
Ötən il noyabrın 26-da
Soçidə keçirilən üçtərəfli
görüşdən sonra mətbuata bəyanatında qalib
komandan kimi bu fikirləri səsləndirən İlham
Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan
bütün dövrlərdə - 20 faiz torpağı
düşmən tapdağı altında olarkən də, 44
günlük Vətən müharibəsində Zəfər
qazanarkən də, eləcə də savaşdan sonrakı
dönəmdə də humanizm prinsiplərinə sadiqliyini
nümayiş etdirib.
Bu, tarixi həqiqətdir ki, otuz ilə yaxın
müddətdə Azərbaycan torpaqları işğal
altında olarkən beynəlxalq təşkilatlar daim ölkəmizə
qarşı ikili standartları tətbiq etdilər və Ermənistan
da bu cəzasızlıq mühitindən lazımınca
yararlandı.
Azərbaycan dövləti
humanizm prinsiplərinə əsaslanaraq münaqişənin
sülh yolu ilə həllinə tərəfdar olduğunu
bildirməklə dünyaya əsl mövqeyini göstərmiş
oldu. Son 17 ildə (2003-2020-ci illərdə) İlham
Əliyev keçirdiyi bütün görüşlərdə
səsləndirdiyi fikirlərlə, sərgilədiyi mövqe
ilə bu prinsipə sadiqliyini sübuta yetirdi. Həmçinin beynəlxalq güclərin diqqətini
illərlə görməzdən gəldikləri, bölgənin
inkişafını əngəlləyən, sülh və
sabitliyə təhlükə yaradan Qarabağ probleminə cəlb
etdi.
Lakin Azərbaycanın bu
mövqeyindən Ermənistan nəticə
çıxarmadı. Əksinə, işğal etdiyi Azərbaycan
torpaqlarında qanunsuz məskunlaşma siyasəti həyata
keçirdi. Bu azmış kimi şəhər
və kəndlərimizi yerləyeksan edib tariximizi, irsimizi silməyə
çalışdı. Hətta
havadarlarına arxalanıb Azərbaycana qarşı dəfələrlə
cəbhə xəttində təxribatlar törətdi,
çirkin əməllərindən əl çəkmədi.
Bütün bunlar isə Azərbaycanın səbr kasasını doldurdu
və nəticəsi də işğalçıya çox
ağır başa gəldi. İlham Əliyevin
qüdrətli sərkərdəliyi ilə Azərbaycan Ordusu
özünə, silahlı birləşmələrinə
güvənən Ermənistanı 44 günə
qarşısında diz çökdürdü.
Məğlub düşmən
düşdüyü acınacaqlı durumdan qurtulması, daha
çox itki verməməsi üçün İlham
Əliyevdən mərhəmət istədi. Əlbəttə
ki, Ermənistan rəhbərliyi yaxşı bilirdi ki, Azərbaycan
Prezidenti buna "yox" deməyəcək. Hər zaman
humanist addımları ilə nümunə olan İlham
Əliyev təbii ki, ənənəsinə sadiq qalaraq
düşmənin Ağdamı, Laçın və Kəlbəcəri
boşaltması üçün vaxt verdi.
Dünya şahiddir ki, qalib sərkərdə Vətən
müharibəsindən öncə dəfələrlə Ermənistana
səslənərək Azərbaycan torpaqlarından nə
zaman çıxacağı ilə bağlı qrafik istəmişdi.
Əgər işğalçı ölkə bu məsələdə
İlham Əliyevin təklifinə razılıq versəydi, hər
iki tərəfdən itkilər də olmazdı...
Amma Ermənistan özünə,
illərlə hazırladığı və "keçilməz"
adlandırdığı hərbi səddlərinə güvəndi. Elə bildi ki, Azərbaycan
Ordusu 30 il bundan əvvəlki durumdadı. Daha xəbəri yox idi ki, Azərbaycan tarixdə bir
ilk edəcək, dünyada ilk "smart müharibə"
aparan ölkə olacaq. İlham Əliyevin
sərkərdəliyi ilə Azərbaycanın Müzəffər
Ordusu dünyaya səs salalacaq.
Bu savaşla İlham
Əliyev əsl sərkərdə qətiyyəti
nümayiş etdirdi. Söz anlamayan düşməni
qarşısında diz çökdürüb hərbi
kapitulyasiya sənədinə imza atdırdı. 3 rayonun bir güllə atılmadan
boşaldılması isə İlham Əliyevin böyük
siyasi-diplomatik qələbəsi kimi tarixə yazıldı.
Məğlub ölkəyə Ağdamı,
Laçını və Kəlbəcəri boşaltması
üçün yenə də vaxt verildi. Bəs, nə
baş verdi?
Azərbaycan, Rusiya və Ermənistan
rəhbərliyinin imzaladığı Bəyanata əsasən,
işğalçı qüvvələr Kəlbəcər
rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan
tərəfi rayonun təhvil verilməsi üçün əlavə
10 gün vaxt istədi. İlham Əliyev öz humanist
xarakterini bir daha nümayiş etdirərək bu müddətin
noyabrın 25-dək uzadılmasına razılıq verdi.
Bu qərarı qəbul edərkən
Azərbaycan tərəfi Kəlbəcər rayonunun coğrafi
baxımdan böyük bir ərazini əhatə etməsini,
relyefin mürəkkəbliyini, hava şəraitinin
ağırlaşmasını və rayondan
çıxış üçün cəmi bir yolun
olduğunu nəzərə aldı. Dövlətimizin
yürütdüyü siyasətdə daim humanizm prinsiplərini
rəhbər tutduğunu nəzərə alsaq, Azərbaycanın
bu məsələyə razılıq verməsi də bu qəbildən
olan növbəti addım idi.
Hansı ki gecə evlərində
yatan insanları raket atəşinə məruz qoyan, Xocalı
faciəsini törədən Ermənistan 1993-cü ildə Kəlbəcəri
işğal edərkən əhaliyə rayonu tərk etmək
üçün cəmi 10 saat vaxt vermişdi. Odur ki, ermənilər
Azərbaycan Prezidentinin növbəti humanist
addımını heç vaxt unutmamalı idilər.
Görünən odur ki, ermənilər
çox unutqan millətdirlər. Əgər belə olmasaydı, Azərbaycanın
tarixi torpaqlarından sakit şəkildə
çıxmalarına icazə verilən ermənilər Kəlbəcərdə
evlərə və meşələrə od
vurmazdılar. Meşələrə od
vurmaq, ağacları kəsmək əsl ekoloji terrordur.
Özü də bu barbarlıq xarici KİV-in və dünya
ictimaiyyətinin gözü qarşısında baş verdi.
Müqayisə
üçün deyək ki, 1993-cü ildə Kəlbəcərin
əsl sakinləri dağları, meşələri,
keçilməz yolları ayaqyalın qət edərək
canlarını erməni silahlılarından güclə
qurtardılar.
Yüzlərlə kəlbəcərli
qırğına məruz qaldı, cəsədləri belə
təhqir edildi. Çoxlu sayda insan girov və
ya itkin düşdü. Kəlbəcərlilər
özləri ilə heç nə götürə bilmədilər,
sakinlərin bütün əmlakı ermənilər tərəfindən
qarət olundu.
27 il sonra isə
Azərbaycan hər zamankı kimi humanist xarakterini bir daha
nümayiş etdirib ermənilərə Kəlbəcəri
tam boşaltmağa, hər şeylərini aparmağa imkan
yaratdı, yetər ki, tarixi yurdumuz düşməndən təmizlənsin.
Yəni, 27 il əvvəl baş verənlər
və 2020-ci ildə şahidi olduğumuz mənzərə isə
bizim fərqimizi - iki ölkə arasındakı fərqin
bariz təcəssümüdür.
Bu gün Azərbaycan
Prezidenti yenə də öz humanist siyasətinə sadiq
qalaraq Laçın şəhərindən, Zabux və Sus kəndlərində
qanunsuz məskunlaşmış ermənilərin
çıxarılması üçün onlara vaxt verib. Ermənilərin orada
qanunsuz məskunlaşması ilk növbədə hərbi
cinayətdir, çünki bu, Cenevrə konversiyalarının
qaydalarına ziddir: işğalçı ölkə
işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara
bilməz.
İndi yenə də ermənilər
boşaltdıqları ərazilərdə yanğınlar
törədir, yaşayış evlərinə, flora-faunaya
ciddi ziyan vururlar. Bu isə bir daha əsl erməni xislətinin
dəyişmədiyini sübuta yetirir.
Azərbaycan Televiziyasına
müsahibəsində İlham Əliyev bu məsələyə
toxunarkən bildirib ki, Laçın şəhərinin,
Zabuxun, Susun əzəli sakinləri öz yurd-yuvasına
qayıtmalıdırlar. Ona görə də həmin ərazilərdə
qanunsuz məskunlaşanlar tez bir zamanda torpaqlarımızı
tərk etməlidirlər. Bunun
üçün onlara vaxt da verilib. Lakin
onların bəziləri ərazini tərk etməyəcəyini
iddia edir. Azərbaycan Prezidenti isə həmin şəxslərə
bir daha xəbərdarlıq ünvanlayıb: "Xəbərlər
gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir
ki, mən çıxmayacağam. Özləri
bilər. Onlar hərbi cinayətkardırlar.
Yenə də bizi, bizim səbrimizi sınağa
çəkməsinlər. Öz xoşu
ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır".
Cəmi 44 günə Azərbaycan
qarşısında diz çöküb yalvaran Ermənistan
hakimiyyəti indi yenə də "maskasını" geyinib
bəhanələr, uydurmalar səsləndirir.
Məğlub ölkə sülh
danışıqlarından, müqavilənin imzalanmasından
yayınır. Hərdən olmayan
"Dağlıq Qarabağ"dan, "status"dan söz
açıb müxtəlif iddialar səsləndirirlər. Yəni bu ölkə vədinə, üçtərəfli
bəyanatlarda üzərinə götürdüyü öhdəliklərə
konkret şəkildə əməl etmir. Bu da təsdiq
edir ki, Ermənistan hər zaman olduğu kimi verdiyi sözdən
qaçmağa meyillidir.
Reallıq isə budur ki,
qalib sərkərdə kimi İlham Əliyev regionda yeni
reallıqlar yaradıb və hər kəs bu regionda Azərbaycanla
hesablaşmağın vacib olduğunu dərk edir. Vətən müharibəsinin
nəticələri bütün dünyaya Azərbaycanın
yaranmış indiki reallıqda sülhə, beynəlxalq hüquqda təsbit
olunmuş ölkələrin dinc yanaşı yaşaması
prinsiplərinə nə qədər sadiq
qaldığını nümayiş etdirdi. Həm
də bəyan etdi ki, davamlı sülh modeli region və eləcə
də bütün dünya üçün ən
güclü nemətdir, bu gün bütün dünyanı fəlakətdən
qurtaracaq yeganə ümumbəşəri dəyərdir.
Buna görə də davamlı sülhə nail olmaq bu gün
ən prioritet vəzifədir.
Amma görünən odur ki,
Ermənistan regionda sülhün bərqərar olmasını
istəmir. Təbii ki, bu, qeyri-mümkün olan məsələdir.
Çünki beynəlxalq təşkilatlar, böyük güclər Cənubi
Qafqazda təhlükəsizliyin təminatı ilə
bağlı ortaya konkret mövqe qoyublar. Əgər
Ermənistan öz ənənəsinə sadiq qalarsa, onda humanizm
yox, "dəmir yumruq" işə düşmək məcburiyyətində
qalacaq.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2022.-18 avqust.- S.1; 4.