Tərtərdə şəhid Azər Qasımovun adına bulaq açılıb

 

Tərtər rayonunun Yenikənd kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qasımov Azər Yaqub oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Bu münasibətlə keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri kənd sakinləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhid Azər Qasımovun qısa, lakin şərəfli örnək olan həyat yolundan danışıb. Bildirib ki, ölkəmizdə şəhidlərin xatirəsi daim uca tutulur, ehtiramla anılır. Vurğulanıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, torpaqlarımız erməni işğalından azad olunub.

Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidin anası İsmira Qasımova, əmisi Rafiq Əliyev, kənd ağsaqqalı Məhəmməd Şirinov çıxış edərək Azər Qasımovun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azər Qasımov ölümündən sonra "Vətən uğrunda"   "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

Azərbaycan. - 2022.- 19 avqust.- S.9.