Azərbaycan dünyada tolerantlıq
örnəyi kimi tanınır
Prezident İlham Əliyevin bu
sahədə uğurlu siyasəti dünyada mükəmməl model
kimi qəbul edilir
Ölkəmizdə son illər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri çərçivəsində bu sahədə uğurlu nailiyyətlərə nail olunub. Hazırda dünyanın müxtəlif yerlərində milli və dini zəmində baş verən qarşıdurmaların daha da dərinləşməsi narahatlıqlar doğurur. Müasir dövrümüzün acı həqiqətlərindən biri də odur ki, bəzən heç də hər kəs birgə yaşadığı digər millətin mədəniyyətinə, dininə və digər mənəvi dəyərinə hörmət etmək istəmir. Bu da nəticə etibarilə müəyyən toqquşmalara, savaşlara, birgəyaşayış qaydalarının gərginliyinə, ən nəhayət, qanlı hadisələrin baş verməsinə səbəb olur.
Bu sahədə Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Lakin bu fərqli mühit yeni yaranmayıb. Görünən odur ki, ölkəmizi fərqləndirən cəhət ilk növbədə ondan ibarətdir ki, əsrlərboyu bu ərazidə yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birilərinin mədəni və mənəvi baxışlarına sayğı göstəriblər.
Ölkəmizdə tarixin heç bir dönəmində dini və ya mili zəmində qarşıdurmalar, azacıq da olsa ziddiyyətlər meydana çıxmayıb. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Azərbaycanda hər zaman başqa xalqlara və dinlərə ehtiramla yanaşmaq ənənəsi yaranıb. İllər, əsrlər ötsə də bu münasibət nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Beləliklə, tarixin dərin qatlarından süzülüb gələn milli və dini tolerantlığın Azərbaycan modeli formalaşıb.
Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra xalqımızın əsrlərboyu yaşatdığı bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitliyin bərpa olunması bütün xalqların və dinlərin nümayəndələrinin əvvəlkitək mehriban şəkildə birgə yaşayışını təmin etdi. Ölkə ərazisində milli və dini zəmində separatçılıq toxumu səpən bütün zərərli qruplaşmaların fəaliyyətinin qarşısı qətiyyətlə alındı. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etdi.
Son 18-19 ildə Azərbaycanın bir dövlət kimi bu sahədə keçdiyi sürətli inkişaf yolu hər birimizdə qürur və fəxarət hissi doğurur. Bu dövrdə ölkəmizin özünəməxsus yüksəlişindən yaranan Azərbaycan modeli bir sıra dövlətlərin marağına səbəb olub. Vətənimizi dünyaya tanıdan həm də tolerantlığın Azərbaycan nümunəsidir. Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, respublikada tolerantlığın tam təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb.
Ölkəmiz üçün son illərin ən böyük tarixi reallıqlarından biri də Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir. Bu da təsadüfi deyil. Çünki bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır.
Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri də tez-tez bütün dini icmaların nümayəndələrinin Bakıda bir araya gəlməsidir. Müsəlmanların Ramazan ayında təşkil olunan iftar məclislərində, habelə Məhərrəmlik ayında verilən İmam ehsanlarında Azərbaycanda yaşayan xristianların, yəhudilərin və digər dini icmaların nümayəndələri də iştirak edirlər. Üç əsas səmavi dinin nümayəndəsinin mehriban şəkildə bir araya gəlməsi olduqca nadir hadisədir və sevindirici haldır ki, bu, məhz Azərbaycanda baş verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin alternativi yoxdur: "Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, habelə ayrı-ayrı beynəlxalq nümayəndələrin iştirakı ilə bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur".
Azərbaycandakı tolerantlıq mühitinin inkişafına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində layiqli töhfələr verir. Respublikada dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən, dini qurumlarla bağlı qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirən komitənin fəaliyyəti ölkəmizdə sağlam dini mühitin qorunub saxlanılmasından ibarətdir. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasında maraqlı olan komitə fəaliyyəti ilə dini konfessiyalar arasında əlaqələrin dərinləşməsinə, qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə, mövcud tolerantlığın daha da təkmilləşməsinə xidmət edir.
Azərbaycan tolerantlığının ən bariz nümunələrindən biri 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində bütün dünyaya bəlli oldu, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan silahlı birləşmələrinə qarşı müharibədə - istər Birinci Qarabağ savaşında, istərsə də İkinci Qarabağ savaşında, demək olar ki, ölkəmizdə yaşayan bütün azsaylı xalqların övladları iştirak etdilər. Dinindən, irqindən, yaşından və cinsindən asılı olmayaraq, azsaylı xalqlara məxsus bütün insanlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin çağırışına həmrəy oldular, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında Ali Baş Komandana və ordumuza dəstək verdilər. Onlardan bu ölüm-qalım savaşında "Vətən sağ olsun!", - deyə şəhid və qazi olanları da var, döyüşdən sağ qayıdanları da. Bu qəbildən olan şəhidlərin adları əbədiləşdirilir, döyüş şücaətlərinə görə dövlət başçısının sərəncamları ilə medallarla təltif edilirlər, ailə üzvlərinə dövlət səviyyəsində qayğı göstərilir, qazilərin müalicəsi və sağlam həyata qayıtması istiqamətində lazımi tədbirlər görülür.
Görünən odur ki, Azərbaycanda bütün millətlərin mehriban və bir-birilərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən biridir. Bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır. Azərbaycandakı tolerantlıq mühiti bundan sonra da nümunə olacaq və ölkəmizin yüksəlişinə layiqli töhfəsini verəcək.
Rəhman SALMANLI
Azərbaycan.- 2022.- 21 avqust.- S.3.