Məsuliyyətsizlik və etinasızlığın nəticəsi

 

Meşə yanğınlarının əsas səbəbi insan amilidir

 

Qlobal iqlim dəyişiklikləri, xüsusən yay aylarında yüksək temperatur meşə yanğınlarına səbəb ola bilir. Hazırda dünyanın müxtəlif ölkələrində planetin "ağciyərləri" olan meşələrimizdə yanğınlar baş verir. Qlobal istiləşmənin, havadakı zərərli maddələrin azaldılması məqsədilə meşə örtüyünün artırılması üçün təbirlər görüldüyü zamanda yaşıl sahələrin yanıb külə çevrilməsi ürəkağrıdıcıdır. Hektarlarla ərazidə məhv olan ağacların yenidən əkilməsi, böyüməsi, torpağın bərpa olunması üçün isə uzun illər lazım gəlir.

 

Biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, meşələrdə ocaqların nəzarətsiz qalması...

 

Bu il də meşə yanğınları Azərbaycandan yan keçmədi. Belə ki, artıq bir həftəyə yaxındır ki, respublikanın şimal və şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə yanğınlar başlayıb. Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərində müvafiq dövlət qurumlarından ümumilikdə 1140 nəfərdən çox canlı qüvvədən və müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilir. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb Regional mərkəzlərinin, Mülki Müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti və 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-in Aviasiya dəstəsinə məxsus "BE 200 ÇS" amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edir.

Bundan əlavə, yanğınların söndürülməsi əməliyyatlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli icra hakimiyyətlərinin 400 nəfərdən çox canlı qüvvəsi və 40-dan çox texnikası cəlb edilib. Həmçinin yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyinin və "Azərsu" ASC-nin əməkdaşları da yaxından iştirak edirlər.

Mütəxəssislər qeyd edirlər ki, yanğınların əsas səbəbi təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədardır. Bildiyimiz kimi, yay aylarında meşələrə gedərək asudə vaxt keçirən insanların sayı artır ki, onların da məsuliyyətsiz davranışları  və diqqətsizlikləri nəticəsində hektarlarla meşə ərazisi, yaşıllıq məhv olur, eyni zamanda heyvanların ölümü ilə nəticələnir. Məsələn, biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, meşələrdə ocaqların nəzarətsiz qalması, nəzərdə tutulmayan ərazilərdə ocaqların yandırılması, siqaret qalıqlarının meşə ərazisinə və ya yol kənarlarına atılması belə yanğınlara səbəb olur.

 

Əhaliyə müraciət edilsə də, məsuliyyətsiz davranışlar davam edir

 

Havalar istiləşəndə, mövsümlə əlaqədar əhaliyə xəbərdarlıq olunsa da, bununla bağlı maarifləndirmə tədbirləri görülsə də, bəzi insanlar məsuliyyətsizliklərindən əl çəkmirlər. Bir insanın məsuliyyətsizliyi isə böyük fəlakətlərə səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlərdə havanın temperaturunun yüksələcəyini nəzərə alaraq əhaliyə çağırış etmişdi. Müraciətdə qeyd olunmuşdu ki, son günlər dünyada, eləcə də ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırır: "Hazırda ölkə ərazisində müşahidə olunan istiquraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır. Bunları nəzərə alaraq hamımız təbiət qoynuna çıxanda daha da diqqətli olmalı, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurmalıyıq. Hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, qızmar yay günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər".

 

4 min hektara yaxın əraziyə ziyan dəyib

 

Yanğın başladığı gündən ETSN nümayəndələri həmin rayonlara səfərbər olunublar.  Qubada olan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edir ki, avqustun 15-dən şimal bölgəsində başlayan yanğınlar Şabran, Siyəzən, QubaXaçmaz rayonları olmaqla, böyük ərazini əhatə edibbu, son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. Nazir müavininin sözlərinə görə, təbiətə böyük ziyan dəyib. İlkin hesablamalara görə, yanğın bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə 4 min hektara yaxın əraziyə ziyan vurub.

Yanğının əsas səbəbinin insan amili ilə bağlı olduğunu deyən Firdovsi Əliyev deyir ki, ölkəmizdə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib: "Ötən  beş gün ərzində güclü küləyin sürəti bəzən 18-22 km/san çatırdı. Yanğını fiziki cəhətdən söndürmək mümkünsüzləşirdi. Vətəndaşlarımızdan xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər".

 

Vətəndaşlar bütün sahələrdə gördüyü işlərdə diqqətli olmalıdırlar

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin rəisi Xalıqverdi Hüseynov qəzetimizə açıqlamasında deyib ki, 15 avqustdan etibarən şimal regionunda yanğın başlayıb.

Onun sözlərinə görə, Şabranın Dağbilici kəndi ətrafında başlayan yanğın orada biçilmiş taxıl sahələrinin bilərəkdən və ya hər hansısa səbəbdən yandırılması nəticəsində baş verib. Xidmət rəisi deyir ki, yanğın kənd ərazisinə daxil olaraq bir sıra şəxsi təsərrüfatlara ciddi ziyan vurub, avqustun 16-da isə meşə fonduna keçib. Aidiyyəti bütün qurumlar yanğının meşə ərazisinə keçməməsi üçün ora səfərbər olunsa da, havanın isti və küləkli keçməsi yanğının qarşısını tam almağa imkan vermədi. Eyni vaxtda Quba kəndlərinin yaxınlığında da yanğın hadisələri baş verdi.

O, qeyd edir ki, yanğınsöndürmə əməliyyatları əksəriyyəti texnikanın və şəxsi heyətin hərəkəti üçün əlverişsiz olan mürəkkəb dağlıq relyefdə həyata keçirilir. Bəzi ərazilərdə yanğınlar lokallaşdırılsa da, bu hələ işin tamı deyil, çünki ağac kötüklərinin külək nəticəsində yenidən alışması yanğına səbəb ola bilir.

Xalıqverdi Hüseynovun sözlərinə görə, hazırda isti ilə əlaqədar güclü quraqlıq var ki, bir siqaretin atılması  yanğına səbəb ola bilər. Həmçinin yanğınların yayılma ehtimalı çoxdur.

Xidmət rəisi bir daha vətəndaşlara müraciət edib: "Vətəndaşlar bütün sahələrdə gördüyü işlərdə - istər bağ sahələrində, istər pay torpağında, istərsə də meşəyə istirahətə getdikdə diqqətli olmalıdırlar. Meşə Məcəlləsində də göstərilir ki, havanın temperaturu yüksək olduqda, yanma təhlükəsi yarandığı halda vətəndaşların meşə ərazisinə daxil olması qəti qadağandır. Piknik məqsədilə tonqalların yandırılması sonra ciddi fəsadlara gətirib çıxarır. Bu istiqamətdə təbliğat işləri aparırıq. Yenə də deyirik ki, əhali diqqətli olsun, yanğın olduğu halda onun söndürülməsi üçün səfərbər olsun".

 

İki rayonda meşə yanğınları söndürülüb

 

Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, avqustun 15-dən etibarən Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında və Tufandağ ərazisində, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində qeydə alınmış yanğınlar tam söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında və Tufandağ ərazisində təqribən 4 hektar ərazidə kol-kosqurumuş ağaclar, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində ümumilikdə 32 hektar ərazidə biçilmiş taxıl sahəsi, kol-kosqurumuş ağaclar yanıb.

Sağlam həyat, təmiz hava, müəyyən proseslərin qarşısının alınması üçün meşə fondu ərazilərinin, yaşıllıqların artırılmasına ehtiyac var. Bu istiqamətdə durmadan çalışmaq lazımdır. Bu isə yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın üzərinə düşən öhdəlikdir. Bu baxımdan etinasız davranmayaraq yaşıllıqları qorumalı, bacardığımız qədər belə sahələri artırmalı, ağacları kəsməməli, onların böyüyüb oksigen mənbəyinə çevrilməsinə imkan verməliyik.

 

Əsmər QARDAŞXANOVA