Dominikan Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcək

 

Avqustun 24-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Dominikan Respublikasının iqamətgahı Ankara şəhərində olmaqla Azərbaycan Respublikasına təyin olunmuş səfiri Elvis Antonio Alam Loranı qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfir etimadnaməsinin surətini nazir müavini E.Məmmədova təqdim edib.

Elnur Məmmədov səfiri təyinatı münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Dominikan Respublikası arasında coğrafi məsafəyə baxmayaraq, bir çox sahələrdə, xüsusilə turizm, humanitar və təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün potensialın mövcud olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Səfir Elvis Antonio Alam Loran Dominikanın Azərbaycanla bütün müstəvilərdə əməkdaşlığının əhəmiyyətindən danışıb, xüsusilə iqtisadi əlaqələr olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir müavini səfirə 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, postmünaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Görüşün sonunda səfir bir daha ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışacağını qeyd edib.

 

Azərbaycan.- 2022.- 25 avqust.- S. 7.