Kəlbəcər
sakini: “Uzun illər ərzində ən böyük arzum
doğma yurdumu yenidən görmək idi”
Ölkəmizin başı üzərində
qara buludlar dolaşanda mən də silahıma sarılıb
irəli atıldım. 1994-cü ildə Kəlbəcər
uğrunda gedən döyüşlərdə iştirak etdim.
Çox təəssüf ki, ovaxtkı şəraitdə nə
qədər mübarizə aparsaq da, istədiyimizə nail ola
bilmədik. Kəlbəcər uğrunda döyüşlərdə
mənim silahdaşlarım şəhid oldular. Uzun illər həm
doğma yurd nisgili, həm də şəhid dostlarımın
intiqamını almaq hissi məni narahat buraxmadı. Mən
2020-ci ilin payızında - şanlı Zəfərdən
sonra rahatlıq tapdım. Yarımçıq qalan mübarizəmiz
Qələbə ilə yekunlaşdı, şəhidlərimizin
qisası alındı, onların ruhu dinclik tapdı. Təəssüf
ki, neçə-neçə qəhrəman Vətən
oğlunu itirdik. Onların xatirəsi qəlbimizdə əbədi
yaşayacaq, bu torpaqlara atdığımız hər
addımda onları yad edəcəyik.
Bunu AZƏRTAC-a müsahibəsində
Birinci Qarabağ müharibəsi iştirakçısı,
ehtiyatda olan kapitan, Kəlbəcər rayon sakini Əziz Abbasov
deyib.
O qeyd edib ki, uzun illər ərzində
ən böyük arzusu doğma Kəlbəcəri görmək,
yenidən doğma yurduna ayaq basmaq olub. “Yurdumu yuxularımda
görürdüm. Hər zaman qaranlıq, dumanlı Kəlbəcər
girirdi yuxularıma. Yayı da, qışı da zülmət,
soyuq və günəşsiz idi. Kəlbəcər
aydınlığa iki il əvvəl qovuşdu. Səmasında
doğan günəşin qarşısını kəsən
qara buludlar qovulandan sonra nura qərq oldu. Bu gün də mən
günəşli, səması aydın Kəlbəcəri
görürəm. Çox sevinirəm ki, yenidən öz
yurduma ayaq basa bildim. Allahdan arzum idi ki, ölməyib bu günləri
yenidən yaşayım. Çox sevinirəm ki, vaxtilə
çiyin-çiyinə döyüşdüyüm və
şəhid olan döyüş yoldaşlarımın məzarlarını
ziyarət edə bildim".
Azərbaycan.-
2022.- 28 avqust.- S. 2.