Ermənilər təşvişdədirlər
"Niyə səs-küy salmısınız?!
Torpağın sahibləri geri
qayıdır"
Laçın şəhərində Azərbaycan bayrağının dalğalanması həm Ermənistanda, həm də Xankəndidə yaşayan erməniləri yaman təşvişə salıb.
Əslində, ermənilər bu məsələdə yanılmırlar. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev ermənilərin də etiraf etdiyi kimi, bütün vədlərini yerinə yetirən lider olaraq növbəti qətiyyətli addımını atıb. Üçtərəfli Bəyanatda nəzərdə tutulmuş öhdəliyini 3 ilə deyil, il yarıma həll edərək Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirib. Bu da bir daha təsdiq edir ki, sözü imzası qədər keçərli olan İlham Əliyev yalnız xalqının maraqlarına uyğun siyasət yürüdür.
Bütün bunları indi ermənilər özləri də etiraf edirlər. Ermənistan mediasına, ekspertlərin, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, Zəfərdən sonra Qarabağa qayıdışın başlanması qarşı tərəfdə ciddi narahatlıq yaradıb.
Ermənistanın "Qraparak" qəzeti Laçın şəhərinin tam Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı yazır: "Bizə bildiriblər ki, azərbaycanlıların Laçına da qayıdışı fonunda Xankəndi və digər ərazilərdən mühacirət etmək niyyətində olan ermənilərin sayı kəskin artıb. Hətta Xankəndini heç vaxt tərk etməyəcəklərini deyənlər də indi getməyi düşünürlər. Deyirlər ki, Qarabağ birdəfəlik Azərbaycanın nəzarətinə keçir, belə olan halda burada qalan ermənilərin aqibətinin necə olacağı məlum deyil. Bu vəziyyətdə onlar köçməyə üstünlük verirlər. Ancaq geri dönmək istəsələr, Laçın dəhlizindən Azərbaycana buraxılmayacaqlarından da qorxurlar".
Qrant Avetisyan adlı biri isə tviterdə yazıb: "Niyə sülh müqaviləsi imzalamırıq? Artıq azərbaycanlılar Qarabağa, Laçına qayıtmağa başlayıblar. Vətənşüvənlik etmək lazım deyil, Qarabağ heç vaxt biz ermənilərin olmayıb. İndi dostluq zamanıdır. Müharibədən sonrakı qorxu hələ də canımızdadır. Paşinyan, sülh müqaviləsini niyə uzadırsan, kimlərdən qorxursan? Cəsarətli ol, İlham Əliyevdən nümunə götür".
Poqos Arutyunyan adlı feysbuk istifadəçisi isə məkan olaraq Laçın şəhərini qeyd edərək vahimə dolu status paylaşıb: "Nə vaxta qədər belə davam edəcək?! Azərbaycanlıların Qarabağa qayıdışı yuxularımızı qaçırdıb. Müharibədə Azərbaycana uduzduğumuzu görmüşdük, indi isə psixologiyamız pozulub. Belə qorxu nəyə lazımdır? Atam dedi ki, hazırlaşın, gələn ay İrəvana bibimgilə köçəcəyik".
Tevos Petrosyan adlı feysbuk istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana inamı artıq tamam tükənib: "Atam ehtiyatda olan hərbi zabitdir. Qeyd edir ki, Laçını unutduq, sırada Xankəndidir. Həmin bölgəyə çağırıblar, gizlənib getmir. Deyir ki, Paşinyan Ermənistan üçün nə edib? Qarabağ savaşında lazımsız itkilər verdik. Rəhbərlik müharibə adı ilə ciblərini doldurdu. Niyə səs-küy salmısınız? Torpağın sahibləri geri qayıdıb".
Karapet Alanyan adlı coğrafiya müəllimi "Odnoklassniki" sosial şəbəkəsində İlham Əliyevin Laçına qayıdışla bağlı sosial şəbəkədə paylaşımının əks olunduğu xəbərə münasibət bildirib: "Görəsən, bizim nə vaxt normal bir rəhbərimiz olacaq? İlham Əliyev Qarabağı bizdən geri aldı. İndi isə Laçını tərk etdik. Bu gedişlə isə İlham Əliyevin İrəvanda, Zəngəzurda qarşısına çıxacaq bir adam tapılmayacaq".
Serj Vazgenyan adlı biri isə tviterdə yazıb: "Müharibədən sonrakı qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı böyük işlər görür. Laçının boşaldılması ilə bağlı konkret vaxt qoydu, hədəfinə də çatdı. İndi məqsəd Xankəndidir. Hazırlaşın, orada yaşayan erməni qardaşlarım, bacılarım. Bəli, İlham Əliyev Xankəndidə bayrağını ucaltmağa hazırlaşır. Yalnız bir yol var, o da Azərbaycan vətəndaşlığını qəbul edib Xankəndidə qalmaq".
Daha bir Ermənistan vətəndaşı Armen Muradyan isə tviterdə belə bir status paylaşıb: "Nikol Paşinyana məsləhət görərdim ki, İlham Əliyevin verdiyi bəyanatlara diqqətlə qulaq assın. Müharibədəki səhvlərini təkrar etməsin. Yoxsa daha ağır məğlubiyyətə düçar ola bilərik. Bu gün Laçında yoxuq, sabah da Xankəndidə. Deyəsən, elə Qarabağ Azərbaycandır".
Henrix Minasyan isə "Odnoklassniki"də Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağının dalğalanması ilə bağlı paylaşımın altına belə bir şərh yazıb: "Açıq reallıq budur. Əliyev Laçını geri alması ilə Paşinyana əsl dərs verdi. Bizim Nikol bəs nə edəcək? Seyrçi mövqeyində qaldı. Deyəsən, Nikol Xankəndidə də Azərbaycan bayrağı görmək istəyir. Birdəfəlik orada yaşayan ermənilərə səslənin ki, Azərbaycan vətəndaşlığını qəbul edin, sizin də, bizim də canımız qurtarsın bu dava-dalaşdan. Bezdik axı".
Elçin CƏFƏROV
Azərbaycan.-
2022.- 28 avqust.- S.4.