Xaricdəki erməni diasporu rəsmi İrəvanı hədələyir

 

Hakimiyyət isə qanunlara dəyişikliklər etməklə onların nümayəndələrinin ölkəyə gəlişini əngəlləyir

 

Ermənistanın bir dövlət olaraq ayaq üstə qalmasında mühüm rol oynayan diasporlobbi qüvvələri ilə İrəvan hakimiyyəti arasında münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi davam etməkdədir. Əslində, İrəvanın region dövlətlərlə düşmənçilik siyasətinin həyata keçirilməsində diasporun da rolunun olduğu heç kimə sirr deyil. İndi görünən odur ki, mövcud hakimiyyət diasporun təsir dairəsindən uzaq olmağa çalışır.

Xatırladaq ki, Ermənistanın milli təhlükəsizlik xidməti "Vətəndaşlıq haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini ictimai müzakirəyə təqdim etmişdi. Layihədə "diaspor erməniləri"nin Ermənistan vətəndaşlığı almaları üçün prosedurların sərtləşdirilməsi nəzərdə tutulurdu. Xaricdə yaşayan ermənilər üçün vətəndaşlıq almaq prosedurunun sərtləşdirilməsinin əsas səbəbləri bölgədəki vəziyyət, Ermənistan vətəndaşlığı alan şəxslərin sonradan ölkəyə gəlməmələri və erməniliyin xeyrinə fəaliyyət göstərməmələridir.

Tehranda nəşr olunan "Araks" həftəlik qəzetinin baş redaktoru, erməni siyasi şərhçi Movses Keşişyan deyib ki, Ermənistandakı dəyişikliklər, bəzi xəstə addımlar, dövlət əleyhinə hərəkətlər diasporu parçalayır. Müəyyən bir çevrə var ki, bu cür məsələlərin diaspora ötürülməsinə çalışır. O, qeyd edib ki, erməni diasporunun iki problemi var, birincisi, diaspor ermənilərinin gündəlik həyatı, ikincisi, onların Ermənistan qarşısında öhdəlikləridir.

Ermənistanın üzləşdiyi çoxsaylı problemlərin meydana gəlməsində və getdikcə daha da dərinləşməsində əsas günahkar tərəflərdən biri kimi diaspor təşkilatları göstərilir. Ermənistanın istər daxili, istərsə də xarici siyasətinin müəyyən olunmasında həlledici təsir gücünə malik olan diaspor təşkilatlarının mövcud fəaliyyəti adıçəkilən ölkəni getdikcə daha böyük problemlərə düçar edir. Fəaliyyət göstərdiyi xarici ölkə ərazisində özünə rahat şərait yaradan, maddi çətinliklərlə qarşılaşmayan erməni diasporunu, əslində, Ermənistanın üzləşdiyi problemlər qətiyyən maraqlandırmır. Əksinə, diaspor Ermənistan hakimiyyətinin onun diktəsi ilə hərəkət etməsi üçün daim rəsmi İrəvanı böyük təzyiq altında saxlayır, tez-tez bu ölkəyə göndərdiyi maliyyə və digər yardımları kəsəcəyi ilə hədələyir. Elə bunun nəticəsidir ki, Ermənistanın taleyini həll edən qərarlar ölkə daxilində yox, onun sərhədlərindən kənarda qəbul olunur.

Ermənistanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin ötən ilin yekunlarına dair hesabatında deyilir ki, bu ölkənin üç əsas problemindən heç biri öz həllini tapmamışdır. "4rd.am" saytının mərkəzin rəsmi nümayəndəsinə istinadla yaydığı məlumatlarda deyilir ki, Ermənistanda keçirilmiş etiraz aksiyalarında xalq zorakılığa məruz qalmışdır. Xarici siyasətdə də heç bir irəliləyiş olmayıb. Müharibədəki məğlubiyyətdən sonra "qüdrətli" erməni diasporunun artıq əvvəlki kimi buya digər ölkənin parlamentində sözləri keçmir.

Ermənistanın iqtisadiyyatı isə olduqca ağır vəziyyətdədir. Əhalinin 36 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Bu isə 1 milyon 200 min nəfərdən artıq insan deməkdir. Nəzərə alsaq ki, məhz bu qədər də adam ölkəni tərk etmişdir, onda ölkə əhalisinin hamısının yoxsulluq hədindən aşağı səviyyədə yaşadığı aydın olur. Rəsmi statistikaya görə, uşaqların 40 faizi (hər 10 uşaqdan 4-ü) yoxsulluq içində yaşayır. Bu məsələ hakimiyyəti ciddi düşündürməlidir. Lakin hakimiyyət nümayəndələri öz bizneslərini inkişaf etdirməyi daha üstün tuturlar. Məsələn, Gümrü şəhərinin meri özü üçün hotellər və istirahət mərkəzləri tikdirir. Diasporun nümayəndəsi Narek Qasparyan rüşvətlə hakimiyyət nümayəndələrini ələ alaraq böyük bizneslə məşğul olur. Artıq diaspor Ermənistandan fayda götürdükdə onu müdafiə edir.

Bütün bunlar Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha da genişlənəcəyini, ölkənin təkcə sosial-iqtisadi yox, həm də siyasi müstəvidə böhrana düçar olacağını göstərir. Bu vəziyyətdə isə Ermənistanın bir dövlət olaraq məhvə məhkumluğu labüddür.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.-30 avqust.- S. 3.