Ağalıda həyat qaynayır

 

Kimisi əkin əkir, kimisi də həyətyanı sahələrdə təsərrüfatla məşğul olur

 

Bir il əvvəl bərpasına başlanılan Zəngilanın Ağalı kəndinin birinci mərhələsinin açılışı bu ilin may ayında baş tutdu. İyulun 19-da isə böyük Qayıdışın ilk mərhələsi başladı.

Bu, hələ 4 mərhələdə həyata keçiriləcək köçürülmənin bir hissəsi idi. Ağalıya ailələrin köçürülməsi mərhələli şəkildə davam edəcək. İyulun 19-25-də dörd köç karvanı yola salınıb ki, bununla da 41 ailə - 201 nəfər Ağalıya yerləşib.

 

Yeni texnologiyalar əsasında salınan müasir kənddə rahat həyat

 

"Ağıllı" sistem üzərində qurulan kənd layihəsində müasir şəhərsalma standartları tətbiq edilib. Pilot olaraq Zəngilanda icra edilməsinə başlanılan layihə əsasında burada  200 evdən ibarət "ağıllı kənd" salınıb.

Növbəti mərhələdə kənddə daha 150 mənzilin inşası nəzərdə tutulur. Bu kənddə uşaq bağçası, məktəb, tibb məntəqəsi, məşğulluq, digər bütün xidmətlər üzrə mərkəzlər fəaliyyət göstərir.

"Ağıllı şəhər" və "ağıllı kənd" layihəsinin əsas prioritetləri şəhər və kəndlərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılmasının, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqinin, həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsidir.

Müasir telekommunikasiya, sensor, digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır.

Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada enerjiyə olan tələbat  alternativ enerji mənbələri hesabına əldə olunur. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi fəaliyyət göstərir. Qəsəbədə "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət", həmçinin KiçikOrta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Ağalıya qayıdış kənd sakinləri ilə yanaşı, xalqımızın sevincinə səbəb oldu. 30 il sonra işğaldan azad olunmuş, ermənilər tərəfindən xarabaya çevrilmiş, qısa zamanda isə müasir standartlara cavab verərək "ağıllı kənd" konsepsiyası əsasında tikilən, bərpa edilən Ağalı öz sakinlərinə qovuşub.

Öz doğma torpaqlarına qayıdanların sevincinin həddi-hüdudu yox idi. Onlar göz yaşları içində öz yurdlarına, evlərinə qayıdırdılar. Amma bu, təbii olaraq xoşbəxtlikdən, sevincdən axan göz yaşları idi. Kəndə köçən ailələr orada yaradılan şəraitdən, infrastrukturdan məmnun qaldıqlarını və doğma kəndlərinə qayıtmaqdan xoşbəxt olduqlarını bildirirlər. Hazırda onlar həyətyanı sahələrində təsərrüfatla məşğul olurlar. Ağalı əhalisinin məşğulluğunun təmin olunması üçün isə işlər davam etdirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, gəlirgətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir. Sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb olunublar.

Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə birgə pilot metodologiyalarla hazırladığı sorğular, üzbəüz müsahibələr, masa araşdırmaları və fokus-qrup görüşləri Ağalı kənd əhalisinin sıx məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Beyləqan rayonlarında aparılır.

Ümumilikdə "ağıllı kənd" konsepsiyası əsasında salınan Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur. Həmin sakinlərdən əmək qabiliyyətli 492 nəfərin ehtiyaclarının qiymətləndirilməsi və müvafiq olaraq, onların məşğulluğunun səmərəli təmin edilməsi üçün müvafiq sorğu-anketlər keçirilir. Yekun mərhələdə sorğuların nəticələri təhlil ediləcək, əmək qabiliyyətli hər bir məcburi köçkünün bilik və bacarıqlarının təkmilləşdirilməsi, uyğun məşğulluq fəaliyyəti ilə təmin olunması üçün aidiyyəti qurumlarla birgə əmək yarmarkaları, işəgötürənlərlə görüşlər və müvafiq digər optimal tədbirlər həyata keçiriləcək. Sorğuların avqust ayı ərzində yekunlaşdırılması nəzərdə tutulur.

 

Bu torpaqlarda yaradıb, ənənəmizi yaşatmalıyıq

 

İyulun 19-da Bakıdan ilk köç karvanı ilə daimi məskunlaşmaq üçün kəndə köçənlərdən biri də Mirzəyevlər ailəsidir. Onlar ailəlikcə çox xoşbəxt və sevinclidirlər. Bütün bunları yaşadıqlarına, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, torpaqlarımızı işğaldan azad edən ordumuza minnətdardırlar. 

Minə Mirzəyeva deyir ki, iyulun 19-dan kəndə köçmüş olsalar da, hələ də hər səhər durub ətrafa baxmaqdan doymur: "Şükürlər olsun bu günə ki, doğma torpaqlarımıza qovuşduq. Çox sevinirik. Övladlarım, nəvələrim də çox sevinirlər. Vətən müharibəsindən sonra qısa zamanda yurdumuza, evimizə qovuşduq".

Minə xanım keçmiş Ağalı ilə indiki Ağalı arasında fərq olduğunu bildirir. O, zamanla buranı cənnətməkana çevirəcəklərini deyir: "Əvvəllər hər yer yaşıllıq idi, meyvə ağacları ilə əhatə olunmuşdu. İndi elə deyil. O ağacları yenə əkəcəyik, bir neçə ilə buranı yaşıllığa çevirəcəyik".

Hazırda şəraitin yaxşı, evlərin isə çox rahat olduğunu bildirən M.Mirzəyevanın sözlərinə görə, bundan sonra qurub-yaratmaq sakinlərin əlindədir: "Dədə-babalarımızdan bizə qalan bu torpağın sahibiyik. Bu torpaqlarda yaradıb, ənənəmizi  yaşatmalıyıq".

 

Kənd həyatı davam edir - əkmək, becərmək...

 

Ağalı sakini Həbib Nəbiyev isə qeyd edir ki, kənddən gözyaşları içində çıxıb, gözyaşları ilə də qayıdıblar. Fərqi isə indikinin sevinc gözyaşları olmasıdır: "Buranı görmək, Ağalıda yaşamaq böyük sevinc yaşadır. 30 illik həsrətdən sonra qayıtmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".

Həbib kişinin həyat yoldaşı Bahar Səmədova 1993-cü ildə sonuncu köçən kəndlərdən birinin Ağalı olduğunuilk qayıdışın da məhz Ağalıya olmasını xatırladaraq deyir ki, o vaxt vətənlərindən didərgin düşüblər, indi isə öz torpaqlarına yaşamağa gəliblər: "Hazırda əkib becəririk. Kənd həyatımıza davam edirik. Tərəvəz, göyərti əkmişik. Payızda isə kəndimizi yenidən yaşıllığa çevirmək üçün ağaclar əkəcəyik".

Bahar xanım bildirir ki, ailədə 4 nəfərdirlər. Hər axşam samovar qalayıb qonşularla stol ətrafına toplaşırlar: "Keçmişdən, xatirələrdən danışıb qəhərlənirik. Amma indi bunu sevinclə xatırlayırıq. Birgörürük gecə yarısıdır. Saatın necə keçdiyini bilmirik. Çünki kənd həyatı, mehribanlıq insana vaxtın necə keçdiyini unutdurur. Gör, neçə illərin həsrətini danışırıq birlikdə. İnşallah digər rayonların sakinləri də tezliklə öz doğma yurdlarına qayıdarlar. Bizim kimi gözəl həyat yaşayarlar".

 

Ağalı sakinlərinin məşğulluğu təmin olunur

 

İyulun 19-da Ağalıya köçən ailələrdən biri də Paşayevlər ailəsidir. Ailə başçısı Vəliəddin Paşayev deyir ki, kəndin təməli qoyulandan orada çalışır. Vəziyyətin yaxşı olduğunu deyən kənd sakini qeyd edir ki, ailədə 6 nəfərdirlər. Yol tikinti şirkətində sürücü kimi çalışan Vəliəddin Paşayevin oğlu isə Minatəmizləmə Agentliyində (ANAMA) sürücü işləyir. Onlar digər ailə üzvlərinin məşğulluğunun təmin olunması üçün müvafiq qurumlara müraciət ediblər.

Vəliəddin Paşayev bildirir ki, hazırda yay mövsümü olduğundan həyətyanı sahədə təsərrüfatla məşğul olmasalar da, payızda əkib becərəcək, yaşıllığı artıracaqlar. Ağalıda müxtəlif xidmətlərdən istifadənin rahat olduğunu deyən kənd sakini bildirir ki, bilmədikləri nəsə olduqda müvafiq qurumlara müraciət edirlər və lazımi kömək alırlar.

Enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən ödənilən kənddə evlərdə günəş panellərindən istifadə olunur: "Burada yeni həyata başlamışıq. Kənd isə müasir standartlar əsasında qurulub. Buna görə nəyəsə ehtiyac yarandıqda əlaqədar şəxslərə müraciət edirik, onlar da problemi həll edirlər".

 

Əsmər QARDAŞXANOVA,

 

Azərbaycan.- 2022.-24 avqust.- S.1; 3.