Azərbaycan itkin düşənlərinə görə ən ağrılı problem yaşayan ölkələrdəndir

 

Ermənistanın təcavüzü nəticəsində minlərlə soydaşımızın taleyindən bu günə kimi xəbər yoxdur

 

30 Avqust Beynəlxalq İtkinlər Günü idi. BMT Baş Assambleyasının Qətnaməsi əsasında 2011-ci ildən qeyd edilən bu günün əsas məqsədi dünyada minlərlə itkin düşmüş, müharibə meydanında həlak olmuş naməlum şəxslərin, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli şəkildə öldürülmüş, yaşamaq, azadlıq kimi təbii hüquqları, ümumilikdə insan hüquqları pozulmuş şəxslərin xatirəsini yad etməkdir.

Dünyanın müxtəlif ərazilərində yüz minlərlə şəxs istər silahlı münaqişələr, istər müharibələr, istər təbii fəlakətlər nəticəsində, istərsə də digər səbəblərdən, yəni oğurlanaraq, qaçırılaraq itkin düşüb. Beynəlxalq humanitar hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa düşmən dövlətin himayəsi altında olmalıdır və onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz.

Azərbaycan dünyada itkin düşmüşlərlə bağlı ən ağrılı problemlərlə üzləşən ölkələrdəndir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər də xəbər yoxdur.

Azərbaycan tərəfinin əldə etdiyi məlumatlar göstərir ki, bu siyahıda olan insanların əksəriyyəti erməni əsirliyində ya işgəncə, ya da xəstəlikdən həlak olub. Bu günə qədər siyahıda olanların bəzilərinin Ermənistanda və işğal olunan ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunduğu haqqında faktlar mövcuddur.

 

İnsanlar hələ də yaxınlarının geri qayıdacaqlarına ümid edirlər

 

İtkin düşənlərin ailələri daim böyük həsrət və iztirab içərisində öz əzizlərinin taleyi barədə məlumat almaq istəyirlər. Lakin erməni siyasəti müharibə qanunlarını, beynəlxalq hüququ tanımadı, barbarcasına hərəkət edərək bu insanların da taleyinə aydınlıq gətirmədilər.

Erməni vandalizminin qurbanı olmuş vətəndaşlarımızla bağlı həqiqətlərin üzə çıxması həm də minlərlə gözüyaşlı ata-ananın, bacı-qardaşın, oğul-qızın təskinlik tapması, gözlərinin yollardan çəkilməsi demək olardı. Vaxt keçsə də doğmalarının yolunu gözləyən minlərlə ailə hələ də ümidlərini üzməyiblər.

Sözsüz ki, hər bir itkin düşmüş şəxsin taleyi faciədir. İtkin düşmüşlərlə yanaşı, onların ailələri və yaxınları da bir faciə yaşayırlar. Hələ də ömrüboyu itkin sevdiyini gözləyərək saçları ağaran qızlar, əsirlikdə olan atasının həsrəti ilə böyüyüb bu gün özü ata olan, amma gözləri yollardan çəkilməyən övladlar var...

 

3890 nəfər itkinimiz var

 

Son məlumata görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı

itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüşya işğal edilmiş ərazilərdə qalmışdı. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.

 

Xocalıda əsir götürülən 36 uşaqdan, 65 qadından xəbər yoxdur

 

Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə və sübutlara baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir. Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq yerləyeksan edilib, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Erməni quldurları hətta beynəlxalq qurumlardan da çəkinməyiblər. Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsində (BQXK) əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülmüş, ya da yoxa çıxarılmışdır. 1998-ci və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən, hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşdular. Ancaq Ermənistan həmin 54 nəfərdən 17-sini qətlə yetirmişdir. Digər 37 nəfərin taleyi isə bu günə qədər naməlum olaraq qalır.

 

Öz yaxınlarını axtaranlar aldadılaraq girov götürülmüşya öldürülmüşdür

 

1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Azərbaycanın aidiyyəti dövlət qurumlarının radio əks-kəşfiyyat xidməti tərəfindən Ermənistanın Azərbaycan xalqına qarşı belə hərbi cinayətlərindən biri ifşa edilib. Əldə edilmiş materialda Ermənistanın Basarkeçər rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki bütün radiostansiyalara təcili əmr verilib ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları, o cümlədən qocalar, qadınlar və uşaqlar təcili məhv edilib, basdırılsın. Məqsəd isə törətdikləri cinayətlərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən gizlətmək olub.

Bundan əlavə, əsir-girovların hədə-qorxu və şantaj vasitəsi ilə erməni xüsusi xidmət orqanları tərəfindən məcburi əməkdaşlığa cəlb edilməsi və Azərbaycan Respublikasına qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur.

Digər bir faktda isə qeyd edilir ki, 31 dekabr 1992-ci ildə Qazax rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş İsayev Əsgər İsmayıl oğlunun axtarışı ilə məşğul olmuş qardaşı İsayev Cahangir İsmayıl oğlu və bacısının həyat yoldaşı Məmmədov Məmməd Qərib oğlu 7 noyabr 1993-cü il tarixdə Ermənistanın Gürcüstanla sərhəd ərazisinə gedərək orada ermənilərlə danışığa girmiş, sonda Əsgər İsayevlə görüşdürəcəkləri və onu azad edəcəkləri adı altında aldadılaraq Ermənistana aparılmışlar. Hazırda onların hər üçünün taleyi naməlumdur.

Başqa bir fakt: 1993-cü ilin fevral ayında Azərbaycanın Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Quliyev Xaqani Nurəddin oğlunun axtarışı ilə məşğul olmuş doğmaları öz təşəbbüsləri ilə Rusiyada yaşayan ermənilərlə əlaqə yaradıb. Onları Xaqani Quliyevin sağ olduğuna inandırmış ermənilər 25 min ABŞ dolları müqabilində onu azad edəcəklərini bildiriblər. Yaxın qohumlarının köməyi ilə həmin vəsaiti toplamış Xaqani Quliyevin qardaşı Mahir Quliyev 1996-cı ilin yayında Rusiyaya gedib. Lakin ermənilər göstərilən məbləği gətirmiş Mahir Quliyevin özünüorada qətlə yetirərək pulu götürüb qaçıblar.

 

1713 erməni hərbçinin meyiti təhvil verilib

 

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1713 Ermənistan hərbçisinin meyiti tapılaraq ərazidən götürülüb və qarşı tərəfə təhvil verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına əsasən, Birinci Qarabağ müharibəsi zamanı 776 nəfər, İkinci Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir. Birinci Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı əsir-girovluqdan azad edilib, qarşı tərəfə isə 509 nəfər təhvil verilib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə sadiq qalaraq əsir düşmüş Ermənistan hərbçilərini və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslərin saxlanma şəraitini, onlarla ləyaqətli davranışı, qida, su təminatını və yaralıların müalicə hüquqlarını təmin edib. Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazması, videoismarıclar göndərməsi, o cümlədən telefon əlaqəsi saxlamaları təmin edilib.

 

6 hərbçimizin taleyi hələ də məlum deyil

 

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi. Üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingentinin və BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib. Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş

6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onların taleyi bu vaxtadək məlum deyil.

2021-ci ilin fevral - 2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərində tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.

 

Əsir və girovlara ağlasığmaz işgəncələr verilib

 

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı yaranmış humanitar böhranın nəticələrinin aradan qaldırılması məqsədilə 1993-cü ildə yaradılıb. Dövlət Komissiyası yarandığı vaxtdan etibarən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir.

Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Ölkəmiz eyni zamanda BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülmüşbir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib.

Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə Ermənistanın dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır. Yüksəksəviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir.

Əsir və girov götürülən şəxslərin əksəriyyətinin Ermənistanın birbaşa nəzarəti altında insan alverinin qurbanına çevrildiyi, onların bəzilərinin bədən orqanlarının transplantasiya edilərək satıldığı, şəxsiyyətləri və ləyaqətlərinin alçaldıldığı artıq sübuta yetirilib. Əfsuslar olsun ki, müharibələrin acı nəticələrindən insanlarımızı qorumalı olan beynəlxalq humanitar hüquq hamımıza, bütün dünya dövlətlərinə, səlahiyyətli beynəlxalq təşkilatlara məxsus olsa da, bu insanlığa yaraşmayan praktikaya qəsdən göz yumur və reaksiya vermir.

 

Elşən YƏHYAYEV

 

Azərbaycan. - 2022.- 31 avqust.- S.1; 4.